Birləşmiş Ərəb Əmirliklərində ərəb dilində nəşr olunan və böyük oxucu kütləsinə malik Əl Fəcr qəzetinin iki bütöv səhifəsində Qəbələdə keçirilmiş beynəlxalq musiqi festivalı barədə böyük material dərc olunmuşdur.
30 iyul – 7 avqust 2018-ci il tarixlərində keçirilmiş növbəti beynəlxalq festivalda iştirak etmiş qəzetin baş redaktoru Şərif əl Bəsilin müəllifliyi ilə dərc olunmuş məqalənin birinci səhifəsində hər il dünyanın və Azərbaycanın nüfuzlu musiqi xadimlərinin iştirakı ilə təşkil olunan beynəlxalq musiqi festivalı və ona ev sahibliyi edən füsunkar Qəbələ barədə ətraflı söhbət açılır. Azərbaycanın dünyaca məşhur bəstəkarı Qara Qayevin 100 illiyinə həsr olunmuş festivalda səsləndirilmiş dahi bəstəkarın, həmçinin tanınmış musiqiçilərin əsərlərindən, Azərbaycan xalq musiqi janrı olan nadir muğam incilərindən heyranlığını bölüşən müəllif bu möhtəşəm festivalın artıq on ildir ənənəvi olaraq Qəbələdə keçirildiyini qeyd edir. Tədbirə ev sahibliyi edən Qəbələnin füsunkar təbiətə malik olduğunu təsvir edən Şərif əl Bəsil bu ecazkar təbiət möcüzəsinin əbəs yerə Birləşmiş Ərəb Əmirliklərinin sakinləri üçün ən sevilən istiqamətlərdən birinə çevrilmədiyini vurğulayır.
Musiqi festivalının keçirilməsində, o cümlədən Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun fəaliyyətini qeyd edən müəllif fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə böyük humanizm, qayğı və vətənpərvərlik tərənnüm edən xidmətlərini xüsusi vurğulamışdır. Baş redaktor festivalın açılışında çıxış edərək qonaqları salamlayan Mehriban Əliyevanın 10-cu Qəbələ Beynəlxalq Festivalının Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə təsadüf etdiyi, Azərbaycan xalqının bundan qürur hissi keçirdiyi, Azərbaycan xalqının daim öz dili, tarixi, ədəbiyyatı, poeziyası, musiqisi və incəsənəti ilə fəxr etdiyi, məhz bu amillərin nəticəsi olaraq Azərbaycan xalqının əsrlər boyu öz adət-ənənələrinə sadiq qaldığı, İslam şərqində ilk konservatoriya, ilk opera və ilk baletin məhz Azərbaycanda yaradıldığı barədə fikirlərini geniş təsvir etmişdir.
Məqalədə Heydər Əliyev Fondu və onun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinin mədəniyyət və incəsənət tədbirləri ilə məhdudlaşmadığını, Azərbaycan muğamının dünya miqyasında tanıdılması, Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, mədəniyyətlərarası dialoqun qurulması və təşviq edilməsi, tolerantlıq dəyərlərinin tərənnüm edilməsində Azərbaycanın aparıcı ölkələrdən birinə çevrilməsi, bununla yanaşı Azərbaycanda və ölkə hüdudlarından kənarda təhsil, mədəniyyət və incəsənət sahələrində xeyriyyə və inkişaf layihələrinin həyata keçiriməsi istiqamətində Mehriban xanımın əvəzsiz xidmətləri olduğu vurğulanır.
Məqalənin növbəti səhifəsində baş redaktor Şərif əl Bəsil 10-cu Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçıları ilə tədbir barədə fikir mübadiləsini oxuculara çatdırmışdır. Müəllif həmsöhbəltəri olan tədbirin təşkilatçı heyətinin, Azərbaycanın incəsənət və televiziya xadimlərinin, həmçinin xarici qonaqların Qəbələ, ümumilikdə Azərbaycan və festival barədə fikirlərini məqalədə təsvir etmişdir.
Məqalənin orijinalı ilə aşağıdakı keçiddən tanış olmaq olar.
https://www.alfajr-news.net/details/مهرجان-جبالا-الموسيقي-الدولي..-أنغام-آسرة-وسط-طبيعة-ساحرة