Azərbaycan Respublikasının vətəndaşlığından çıxma
Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri, 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış (nümunəsi xüsusi olaraq təsdiq edilmiş - Əlavə 2) ərizə-anketlə Azərbaycan Respublikası ərazisində yaşayanlar Dövlət Miqrasiya Xidmətinə, xarici ölkələrdə yaşayanlar isə yaşadıqları ölkədə akkreditə olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə müraciət edirlər.
Ərizə-anketə aşağıdakı sənədlər əlavə olunur:
- 4 ədəd 3x4 ölçüdə fotoşəkil;
- Dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;
- Vətəndaşlığı əldə ediləcək ölkə tərəfindən verilmiş təminat məktubunun əsli və onun Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsi;
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədin surəti.
- Dövlət rüsumunun ödənilməsi barədə sənəd - 60 ABŞ dolları; (Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir)
Azərbaycan Respublikası vətəndaşlığına xitam verilən valideynin vəsatəti və Azərbaycan Respublikası vətəndaşlığında qalan valideynin razılığı ilə uşağın (18 yaşınadək) Azərbaycan Respublikası vətəndaşlığından çıxmasına icazə verilə bilər.
Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilərsə, bu valideynin vəsatəti ilə və ya Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən əcnəbilərin vəsatətləri ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxarıla bilər.
Bu hallarda Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketə aşağıdakı sənədlər əlavə edilməklə müraciət edilir:
- valideynlərin (övladlığa götürənlərin, qəyyumların, himayəçilərin) vətəndaşlığı haqqında sənədlərin surəti;
- övladlığa götürmə, qəyyumluq, himayəçilik haqqında sənədlərin surəti;
- valideynin (övladlığa götürən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin və 14-18 yaşında olan uşağın) notarial qaydada təsdiq edilmiş razılığı;
- uşağın 4 ədəd 3x4 ölçüdə fotoşəkli;
- vətəndaşlığı əldə ediləcək ölkə tərəfindən verilmiş təminat məktubunun əsli və onun Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsi;
- uşağın doğum haqqında şəhadətnaməsinin surəti.
Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluq idarələrinə daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.
Xarici İşlər Nazirliyi həmin sənədlərin bir nüsxəsini baxılmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylərlə birlikdə Xarici İşlər Nazirliyinə geri qaytarılır. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır. Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir.
Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.