Ümumi məlumat
Vizanın anlayışı, kateqoriya, məqsəd və növləri
Anlayışı
Viza - ölkəyə viza tələb olunan qaydada gələn əcnəbinin ölkəyə gəlməsinə, vizada göstərilən qalma müddətində ölkədə müvəqqəti olmasına, həmin müddətdə sərhəd nəzarət məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə ölkədən getməsinə hüquqi əsas verən rəsmi sənəddir.
Kateqoriyaları
Vizanın - diplomatik, xidməti və adi olmaqla - üç kateqoriyası vardır.
Növləri
Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan -giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir:
- Giriş vizası – bu növ vizanın etibarlıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək müəyyən olunur.
- Birdəfəlik (adi) giriş vizası – bu müddət ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxışı həyata keçirməyə icazə verir.
- Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.
- Bir və ya ikidəfəlik tranzit vizası– üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
Məqsədləri
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı məqsədlərlə ölkəyə gələrsə adi kateqoriyalı giriş vizası əldə edə bilərlər:
- Işgüzar
- Elm və təhsil
- əmək
- turizm
- mədəniyyət və idman
- humanitar
- şəxsi səfər
- müalicə
Yalnız rəsmi məqsədlə ölkəyə gələn şəxslərə diplomatik və ya xidməti kateqoriyalı giriş vizası verilir.
Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.