Ölümün qeydə alınması
Xarici ölkələrdə yaşayan aşağıda göstərilən kateqoriya şəxslər vəfat etdikdə onların ölümünün qeydə alınması (yəni ölüm faktının Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının akt qeyd kitabına qeyd edilməsi və ölmüş şəxsin adına ölüm haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən aparılır:
- xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları;
- Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi olduğu təqdirdə);
- Eyni zamanda, xarici ölkə ərazisindən keçərkən (qatarda, gəmidə, təyyarədə yol gedərkən) yolda vəfat edən Azərbaycan Respublikasının vətəndaşlarının ölümü ən yaxın ölkədəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğu tərəfindən aparıla bilər.
Ölümün qeydə alınması üçün tələb olunan sənədlər
1. ölümün qeydə alınması haqqında şifahi müraciət və ya yazılı ərizə;
2. ölmüş şəxsin şəxsiyyətini təsdiq edən sənədlər:
- Azərbaycan Respublikası vətəndaşları üçün - Azərbaycan Respublikası vətəndaşının pasportu, dənizçinin şəxsiyyət sənədi, şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən digər rəsmi sənəd;
- Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün - Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi.
3. ölüm faktı haqqında müvafiq xarici ölkənin (yerin) tibb müəssisəsinin arayışı / ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi.
Ölümün qeydə alınması üçün tələb olunan şərtlər
1.Fiziki şəxslərin müraciəti əsasında:
Ölümün qeydə alınması üçün ölmüş şəxsin qohumları, qonşuları, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyəti və ya başqa şəxslər bu barədə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğuna məlumat verməlidirlər. Eyni zamanda, ölüm faktı haqqında müvafiq xarici ölkənin (yerin) tibb müəssisəsinin sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir.
Belə məlumat və təsdiqləyici sənəd ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq təqdim edilməlidir.
Ümumiyyətlə, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır.
Şəxsin ölüm vaxtı (tarixi) kimi - ölüm faktı haqqında müvafiq xarici ölkənin (yerin) tibb müəssisəsinin sənədində (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) göstərilən tarix qəbul olunur.
2. Məhkəmə qətnaməsi əsasında:
Əgər şəxsin ölüm faktı haqqında müvafiq tibbi arayış olmazsa, ölüm faktı məhkəmə tərəfindən – “Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi” ilə təsdiq edilir, başqa sözlə şəxs ölmüş elan edilir.
Şəxsin məhkəmə qaydasında ölmüş elan edilməsi müvafiq müddət keçdikdən sonra başa çatıbsa, ölüm haqqında akt qeyd kitabında "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir.
“Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi” əsasında ölümün qeydə alınması isə qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Əgər şəxs məhkəmə qaydasında ölmüş elan edilmişdirsə, bu zaman onun ölüm vaxtı (tarixi) kimi - müvafiq məhkəmə qətnaməsində dəqiq göstərilən tarix və ya müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarix qəbul olunur.
Ölümün qeydə alınması zamanı görülməli tədbirlər
1. Konsulluq tərəfindən ölümün qeydiyyatı zamanı qəbul edilmiş və ölən şəxsin şəxsiyyəti təsdiq edən yuxarıda sadalanan sənədləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına təhvil verilməsi üçün göndərilməlidir.
2. Konsulluq tərəfindən ölümün qeydiyyatı zamanı ölmüş şəxsin hərbi vəzifəli şəxs və ya çağırışçı olması müəyyən olunarsa, konsulluq həmin şəxsin hərbi biletini, hərbi xidmətlə bağlı digər sənədlərini təhvil verilməsi üçün və ya belə sənədlərin Konsulluğa təqdim edilmədiyi barədə məlumatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına göndərilməlidir.
3. Konsulluq tərəfindən ölümün qeydiyyatı zamanı ölmüş şəxsin birgə yaşamış olduğu yetkinlik yaşına çatmayan və himayəsiz qalan uşaqlarının olması barədə məlumat daxil olarsa, konsulluq bir gün müddətində bu məlumatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölmüş şəxsin adına ölüm haqqında şəhadətnamə rəsmiləşdirilir və ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.
Ölümün qeydə alınması və əlaqədar əməliyyatlar üçün dövlət rüsumu.
Diqqət! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, ölümün qeydə alınması və ölüm haqqında ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu tələb olunmur.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən, əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:
1) ölüm haqqında akt qeydində dəyişikliklərin,
düzəlişlərin, əlavələrin edilməsi və
akt qeydlərinin bərpa olunması ilə əlaqədar
şəhadətnamələrin verilməsinə görə - 10 ABŞ dolları
2) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı
haqqında arxiv materiallarına əsasən
təkrar şəhadətnamələrin verilməsinə görə - 10 ABŞ dolları