Vizanın verilməsi üçün müraciət edilməsi və vizanın verilməsi qaydaları

Mövcud qanunvericiliyimizin tələblərinə görə, (qarşılıqlı qaydada vizasız gediş-gəliş haqqında razılaşma olan ölkələrin vətəndaşlarından başqa, bütün digər) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizin ərazisinə etibarlı şəxsi pasportları əsasında və rəsmiləşdirilmiş icazə - viza əsasında gələ və ölkədən gedə bilərlər.  

  1. Əcnəbi və vətəndaşlığı olmayan şəxs viza verilməsi haqqında vəsatətlə yaşadığı ölkədə və ya üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına şəxsən və ya nümayəndəsi vasitəsi ilə müraciət edir.
  2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanı Azərbaycan Respublikasının ərazisində ala bilərlər.
  3. Viza verilməsi haqqında vəsatət elektron müraciət formasında da təqdim edilə bilər.
  4. Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizə-anketin forması, dövlət rüsumunun məbləği və ödənilməsi qaydası, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının olmadığı ölkələrdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza alınması üçün müraciət olunmalı üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları barədə məlumat müvafiq icra hakimiyyəti orqanının, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəsmi internet saytlarında və binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilir.
  5. Vizanın rəsmiləşdirilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsi ilə həyata keçirilir.
  6. Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə müraciət olunduğu gündən ən geci on beş gün keçənədək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycan Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci iki iş günü ərzində baxılır.
  7. Vizanın verilməsi barədə ərizənin düzgün doldurulması və tələb olunan sənədlərin tamlığı diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən yoxlanıldıqdan sonra həmin məlumatlar dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarasıavtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
  8. Viza verilməsi məsələsinə baxılarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən məlumatların düzgünlüyü və tamlığı yoxlanılır, “Giriş-çıxış və qeydiyyat” idarələrarasıavtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları ilə müqayisələr aparılır, razılaşdırılma məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının rəyi alınır, bu işlərin nəticəsindən asılı olaraq qəbul edilən yekun rəy diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir.
  9. Viza verilməsi məqsədəuyğun hesab edildikdə diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən viza blankının fərdiləşdirilməsi, verilməsi və qeydə alınması təmin edilir.
  10. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda viza verilməsi haqqında vəsatət rədd edilir, əvvəl verilmiş viza isə ləğv edilir. Təkrar vəsatətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
  11. Viza verilməsi haqqında vəsatətə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya vəsatətə baxmaqdan imtina edilməsindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər inzibati qaydada və (və ya) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə şikayət edə bilərlər.
  12. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi qaydası Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 38-ci maddəsi ilə müəyyən edilir.


Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Arxiv üzrə axtarış