Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetinə müsahibəsi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetinə müsahibə verib.
Müsahibənin mətnini təqdim edirik.
-İki dost ölkənin rəhbərləri arasında son dərəcə yaxşı münasibətlərin mövcudluğu fonunda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrini necə dəyərləndirirsiniz?
-Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanı tanıyan ilk müsəlman dövlətlərindən biridir.
1994-cü ildə Mərakeşin Kasablanka şəhərində keçirilmiş bugünkü İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində ulu öndərlər Heydər Əliyev və Şeyx Zayed bin Sultan Əl Nəhyan arasında təşkil edilmiş tarixi görüşdə iki ölkə arasında əlaqələrin möhkəm bünövrəsi qoyulub. Həmin görüşdən sonra dövlət rəsmilərinin səfər mübadilələri başlayıb.
O vaxtdan bəri ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir və davamçılar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şeyx Xəlifə bin Zayed Əl Nəhyan tərəfindən daha da möhkəmləndirilir.
BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun Azərbaycana rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri mövcud möhkəm siyasi əlaqələrin daha da güclənməsinə, eləcə də iqtisadi-ticari əməkdaşlığın artması ilə yanaşı, qeyri-neft sektorunun daha da inkişafına səbəb olub.
Azərbaycan Prezidentinin qəbul etdiyi qərarlar Azərbaycan-BƏƏ əlaqələrinə təkan verilməsində mühüm rol oynayıb. Belə ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, 2015-ci ilin oktyabr ayından etibarən BƏƏ vətəndaşları ölkəmizin beynəlxalq statuslu hava limanlarında viza ala bilirlər.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin statistik məlumatlarına əsasən, 2016-cı ildə BƏƏ vətəndaşlarının sayında kəskin sıçrayış olub ki, bu da 2015-ci illə müqayisədə qat-qat çoxdur. Məhz bu axının davamlılığını təmin etmək üçün həftəlik uçuşların sayı 8-dən 28-dək çatdırılıb və həmçinin cari ilin mart ayının ikinci yarısında Şarcadan birbaşa uçuşların başlanması gözlənilir. Eyni zamanda, 2009-cu ildə təsis edilmiş Hökumətlərarası Birgə Komissiyanın növbəti, sayca 6-cı iclası gözlənilir. Şübhəsiz ki, belə dinamika iqtisadi əlaqələrin inkişafında qarşılıqlı marağın əyani sübutudur.
-Ümumiyyətlə, Azərbaycanın ərəb ölkələri ilə münasibətləri barədə nə deyə bilərsiniz?
-Bildiyiniz kimi, Azərbaycan qarşılıqlı hörmət, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, onların daxili işlərinə qarışmama kimi yanaşmalara əsaslanan tarazlı və çoxvektorlu xarici siyasi kurs həyata keçirir. Bu kursda müştərək mənəvi və tarixi bağları bölüşdüyümüz və geniş coğrafi məkanı əhatə edən ərəb dünyasının özünəməxsus yeri var. Bu gün ölkəmiz əksər ərəb ölkələrində diplomatik missiyalarla təmsil olunur və həmin ölkələrin Bakı şəhərində diplomatik missiyaları fəaliyyət göstərir, qarşılıqlı səfərlərin dinamikası yaxşı səviyyədədir.
Parlamentlər səviyyəsində uğurlu işbirliyi həyata keçirilir. Belə ki, Milli Məclisdə Azərbaycan-BƏƏ dostluq qrupu daxil olmaqla, ərəb ölkələri ilə fərdi qaydada dostluq qrupları fəaliyyət göstərir və oxşar qruplar həmin ölkələrdə mövcuddur. Qrupların qarşılıqlı səfərləri müşahidə olunur və beynəlxalq müstəvidə qarşılıqlı dəstək yolları müzakirə edilir.
Həmçinin Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və onun strukturlarının fəal üzvüdür, təşkilatın gündəminin formalaşdırılmasında, gündəlikdə duran məsələlərin müzakirəsində fəal şəkildə iştirak edir. Həmçinin Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikik və Liqa ilə səmərəli əməkdaşlıq aparırıq. Körfəz Əməkdaşlıq Şurası ilə Azərbaycan arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bu əməkdaşlığın təsisatlanmış çərçivəyə salınması və daha da inkişaf etdirilməsi üçün birgə səylər göstərilir. Cari ildə Körfəz Əməkdaşlıq Şurası ilə birlikdə Bakıda strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur.
Azərbaycan beynəlxalq təşkilatlarda ərəb dünyasını narahat edən məsələlərə dəstəyini davam etdirir və 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman bunu fəal şəkildə edib.
-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Digər tərəfdən, Azərbaycan cari ilin may ayında IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bununla bağlı olaraq, ölkənizin İslam həmrəyliyinin möhkəmləndirilməsində rolu barədə nə deyə bilərsiniz?
-Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir və bütün müsəlman dünyasında islami dəyərlərə sadiq bir ölkə kimi tanınır və qəbul olunur. Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. Biz bütün müsəlman dövlətləri ilə əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli əsasda daha da gücləndirilməsinə böyük önəm veririk və İslam ölkələri ilə əməkdaşlığımız ildən-ilə genişlənir. Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə, dünyada islami dəyərlərin təbliğinə böyük töhfələr verir. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib və 2018-ci ildə Azərbaycanın digər qədim şəhəri olan Naxçıvanın bu şərəfli adı öz üzərinə götürməsi barədə qərar qəbul olunub.
Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Ölkəmiz 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bütün bu tədbirlər və görüləcək işlər dövlətimizin, həmçinin Prezident İlham Əliyevin İslam dünyasında birliyə və müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə verdiyi böyük diqqətin bariz göstəricisidir.
-Siz BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun fəal üzvü və din və mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsinin mühüm dayaqlarından biri olaraq islamofobiya adlanan təzahürün get-gedə artmasının, eləcə də bəzilərin terrorizmi İslamla əlaqələndirmək cəhdlərinin qarşısının alınmasının mümkünlüyünü nədə görürsünüz?
-Azərbaycan əsrlər boyu müxtəlif dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Ölkəmiz hər zaman multikulturalizm, tolerantlıq və dini-mənəvi dəyərlərin qorunub saxlanılması, onların inkişafına öz töhfəsini verərək, humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsində fəal rol oynayıb. Təsadüfi deyil ki, 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycanda “Multikulturalizm İli” elan edilib. Bu məqsədlə ölkəmiz multikulturalizm ideyaları, müxtəlif din, mədəniyyət və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı və sülhü təşviq edən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. Bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusilə qeyd etmək lazımdır. Fondun təşəbbüsü ilə ölkəmizdə fərqli dini etiqad və mədəniyyət sahiblərinin iştirakı ilə müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərin başlıca məqsədi başqasına ehtiramın, tolerantlığın, mötədilliyin, eləcə də həqiqi islami dəyərlərin təşviqidir.
Əfsuslar olsun ki, müasir dünyamızda müxtəlif din və məzhəblər arasında baş verən qarşıdurmalar, xüsusilə sülh və anlaşma dini olan İslamın qəsdən terrorizm ilə əlaqələndirilməsi cəhdləri Qərb cəmiyyətlərində islamofobiya meyillərinin artmasına səbəb olur və bu da tolerant Azərbaycan xalqında ciddi narahatlıq doğurur. Bu, qəbuledilməz meyilin daha da artmasının qarşısını almaq üçün bütün İslam ölkələri öz səylərini birləşdirməli və İslamın doğru-dürüst obrazını yaymaq məqsədilə işbirliyini əlaqələndirməlidirlər.
İslamın terrorizmlə əlaqələndirilməsi cəhdləri qətiyyən yolverilməzdir. Terrorizmdən əziyyət çəkən ölkə kimi Azərbaycan birmənalı şəkildə beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri kimi terrorun bütün forma və təzahürlərini pisləyir. Ölkəmiz bundan sonra da islami dəyərlərin qorunub saxlanılması və təbliğinə tam dəstəyini ifadə etməklə, islamofobiya meyillərinin gətirdiyi ayrı-seçkilik, düşmənçilik və zorakılığa qarşı mübarizəyə öz töhfəsini verməkdə davam edəcək.
-Azərbaycanın müstəqilliyindən əsrin dörddəbirinin keçdiyini nəzərə alaraq, bu dövr ərzində əldə olunan nailiyyətləri necə qiymətləndirirsiniz və gələcək gözləntiləriniz nədən ibarətdir?
-1991-ci ilin 18 oktyabrında müstəqilliyini bərpa edən Azərbaycan bu illər ərzində uğurlu siyasi və iqtisadi kurs həyata keçirib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu strateji kursun sayəsində Azərbaycan öz siyasi və iqtisadi müstəqilliyini təmin edir.
İnkişafda olan milli iqtisadiyyatın quruluşu böyük nəticələrə gətirib çıxarıb. Belə ki, xalqın rifahı nəzərəçarpan dərəcədə yüksəlib, ölkənin, xüsusən də paytaxtın siması kəskin şəkildə müasirləşib və çağdaşla qədimliyin sintezini təşkil edir.
Bu gün Azərbaycanda iqtisadiyyatın inkişafı, qeyri-neft sektorunun diversifikasiyası istiqamətində köklü islahatlar həyata keçirilir. Azərbaycan xarici sərmayəçilər üçün ən çox cəlbedici məkana çevrilib. Hazırkı nikbin duruma arxalanaraq, deyə bilərəm ki, gələcək gözləntilərimiz son dərəcə ümidvericidir. Belə ki, bu günlərdə TAP, TANAP, Böyük İpək Yolu, Şimal-Cənub kimi nəhəng qlobal enerji və nəqliyyat layihələri həyata keçirilir. Bu da, öz növbəsində, ölkəmizin siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirəcək, xalqımızın rifahını daha da artıracaq. Həmçinin ümidvaram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yaxın perspektivdə öz ədalətli həllini tapmaqla regiona hərtərəfli inkişaf gətirəcək.
-2019-cu ildə paytaxt Bakı Qoşulmama Hərəkatının Zirvə toplantısına ev sahibliyi edəcək. Bu Zirvə toplantısı zamanı hansı prioritetlərə diqqət yetirməyi planlaşdırırsınız?
-Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra 120 dövlətin iştirak etdiyi ən böyük beynəlxalq platformadır. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub və üzv olduğu gündən Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlılığını bəyan edib. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama Hərəkatın əsas prinsipləridir.
Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada baş tutmuş XVII Zirvə toplantısında növbəti Sammitin 2019-cu ildə Azərbaycanda keçirilməsi və 2019-2022-ci illərdə təşkilata sədrliyin Azərbaycana verilməsi barədə qərar qəbul olunub. Qısa müddət ərzində təsisata üzv olmağımıza baxmayaraq, üzv ölkələr tərəfindən belə bir qərarın verilməsi ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir.
Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna, prinsiplərinə sadiqdir və sədrliyi dövründə hərəkatın təməlini təşkil edən məqsəd və məramların inkişafı naminə çalışacaq.
-Fikrinizcə, Azərbaycanın geostrateji mövqeyinin üstünlükləri nədədir və bu strateji mövqenin əhəmiyyətindən irəli gələn imkanları necə dəyərləndirmək olar?
-Xəritəyə baxsaq görə bilərik ki, Azərbaycan mühüm qlobal enerji və nəqliyyat dəhlizlərinin keçdiyi unikal coğrafi məkandır. Dünyada baş verən iqtisadi böhran və siyasi hərc-mərcliklərə baxmayaraq, Azərbaycandakı mövcud siyasi və iqtisadi sabitlik, həmçinin ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması qlobal layihələrin həyata keçirilməsində iştirak üçün münbit zəmin yaradır. Bu kimi amillər nəhəng qlobal oyunçuları cəlb edir və bizim beynəlxalq nüfuzumuzu artırır.
Hazırda Azərbaycan geosiyasi və geoiqtisadi cəhətdən bölgənin ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur. Azərbaycan transmilli enerji ixracı dəhlizləri və nəqliyyat-kommunikasiya sistemində əlverişli mövqeyə malikdir. Təsadüfi deyil ki, ölkəmiz regionda həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli layihələrin həm təşəbbüskarı, həm də iştirakçısı rolunda çıxış edir. Regionun lider dövləti kimi Azərbaycan son illərdə bir sıra beynəlxalq əhəmiyyətli mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi etməkdədir. Bu isə ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırmaqla beynəlxalq aləmdə onun nüfuzunun daha da güclənməsinə vəsilə olur.
-Azərbaycan yerləşdiyi regionda sülhsevər və əmin-amanlığın əsaslarını möhkəmləndirən siyasət yürüdür. Qonşularınızla işbirliyi sayəsində Xəzər dənizini sülh və əməkdaşlıq məkanı kimi inkişaf etdirmək mümkündürmü?
-Xəzər dənizi Xəzər regionu ölkələrinin xalqlarının iqtisadi inkişafına və rifahına, həmçinin dünya enerji təhlükəsizliyinin təmin olunmasına yönələn bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Xəzər dənizindən enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, həmçinin yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır.
Xəzər dənizinin bir çox prinsipial məsələlərinə dair vacib razılaşmalar əldə olunub. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı konvensiyanın əksər maddələri, demək olar ki, ümumilikdə 80 faizə qədəri Xəzəryanı dövlətlər tərəfindən razılaşdırılıb. Xəzər dənizinin hüquqi statusu ilə bağlı Azərbaycan tərəfinin mövqeyi belədir ki, statusa dair bütün məsələlər Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət göstərilməsi, bir-birilərinin daxili işlərinə qarışmaması və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır.