2023-03-03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvünü qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini qəbul edib.

Azərbaycanda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edən Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimi bu tədbirin xüsusi önəm daşıdığını bildirdi.

Qonaq Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasiminin səfərinə və Birləşmiş Ərəb Əmirliklərinin sammitdə iştirakına görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu qeyd etdi, iki ölkənin liderlərinin münasibətlərini xüsusi vurğuladı.

Sammitin əhəmiyyəti barədə danışan Azərbaycan Prezidenti ölkəmizin sədrlik dövründə Qoşulmama Hərəkatının təsisatlanması və beynəlxalq münasibətlər sistemində rolunun artırılması baxımından ciddi şəkildə fəaliyyət göstərdiyini dedi.

Görüşdə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparıldı. Bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin ölkəmizdə həyata keçirdiyi layihənin əhəmiyyəti vurğulandı. Turizm sahəsində əməkdaşlığın inkişaf etdiyi bildirilərək, qarşılıqlı turist səfərlərinin artmasının insanlar arasında təmaslara xidmət etdiyi qeyd olundu.

Arxiv üzrə axtarış