2023-02-23

Baş nazir Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 15-də Dubay şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb.

Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma çatdırdı.

Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə Prezident İlham Əliyevin cari ilin 15-16 yanvar tarixlərində BƏƏ-yə işgüzar səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından rolu vurğulandı.

Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin əhəmiyyəti qeyd edildi, Azərbaycanın tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə olundu.

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin həm ikitərəfli formatda, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişaf etdiyi vurğulandı.

Birgə həyata keçirilən və hər iki ölkənin maraqlarına cavab verən layihələrin önəmi qeyd olundu.

Həmçinin Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edildi.

Arxiv üzrə axtarış