2022-10-10

Azərbaycan ərazilərinin minalardan təmizlənməsi istiqamətində BƏƏ-nin beynəlxalq dəstəyə qoşulması məsələsi müzakirə olunmuşdur

Bununla bağlı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Mahir Əliyev BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Xarici yardımlar üzrə məsələlər idarəsinin rəisi cənab Raşid Mohamed Əl-Hemeiri ilə görüşmüşdür.

Səfir ərazilərimizin erməni işğalından azad edilməsi, işğal dövründə Ermənistan tərəfindən törədilmiş dağıntılar və cari ilin sentyabr ayında ölkəmizə qarşı həyata keçirilmiş təxribatlar barədə həmsöhbətinə ətraflı məlumat vermişdir. İstər işğal illərində, istərsə də 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinin kütləvi şəkildə minalarla çirkəndirildiyi diqqətə çatdırılmışdır. Xeyli sayda hərbçilərimizin və mülki əhalimizin minaların qurbanı olduğu bildirilmişdir.

Diplomat qeyd etmişdir ki, hazırda işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılır və Azərbaycanın erməni təcavüzü nəticəsində didərgin düşmüş minlərlə vətəndaşının ən qısa vaxt ərzində öz doğma yurdlarına qaytarılması ölkə səviyyəsində planlaşdırılmışdır. Lakin bu yöndə əsas maneə azad edilmiş ərazilərimizin minalarla çirkləndirilməsidir. Ərazilərimizin minalardan təmizlənməsi istiqamətində ölkəmizdə xüsusi qurum – ANAMA fəaliyyət göstərir.                                                                        

Görüş çərçivəsində “Azərbaycanda mina təmizləmə fəaliyyəti: prioritetlər və ehtiyaclar” adlı hesabat qarşı tərəfə təqdim edilmişdir.

 Ərazilərimizin minalardan təmizlənməsi üçün beynəlxalq dəstəyə ehtiyacın olduğunu qarşı tərəfin diqqətinə çatdırılmış, donor ölkə və təşkilatlar tərəfindən bu məqsədlə ediləcək maliyyə, texniki və digər yardımların daha çox insan itkisinin qarşısını alacağı və məcburi köçkünlərin öz evlərinə qayıdışını tezləşdirəcəyi bildirilmişdir.

BƏƏ rəsmisi ətraflı məlumata görə təşəkkürünü ifadə edərək, son illər ərzində ikitərəfli münasibətlərin inkişafından məmnun olduqlarını bildirdi. O, Azərbaycan və BƏƏ-nin xalqları və liderləri arasında yaxın qardaşlıq münasibətlərinin olduğunu vurğulayaraq, qeyd edilən sahədə BƏƏ tərəfindən Azərbaycana mümkün dəstəyin göstərilməsi məsələsinə baxıldığını və yaxın vaxtlarda nəticəsi barədə Azərbaycan tərəfinə məlumat veriləcəyini diqqətə çatdırdı.

 

Arxiv üzrə axtarış