2022-09-13

“Dostluğun sehri” beynəlxalq rəsm müsabiqəsinin qalibləri Əbu-Dabidə mükafatlandırılmışdır

 

 

Azərbaycan Respublikası Təhsil Naziirliyi və 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçiriləm “Dostluğun sehri” IV beynəlxalq uşaq rəsm müsabiqəsinin Birləşmiş Ərəb Əmirliklərindən olan qalibləri Əbu-Dabidə mükafatlandırılmışdır.
Bununla bağlı Azərbaycanın BƏƏ-dəki səfirliyində mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə, qalib şagirdlər ilə yanaşı, BƏƏ-nin Təhsil və Bilik İdarəsinin (ADEK) nümayəndələri, “Lubna Bent Hubab” və “Gems Modern Academy” məktəblərinin rəhbərliyi və müəllim heyəti, qalib şagirdlərin valideynləri və medya nümayəndələri iştirak etmişlər.
Tədbiri açan Azərbaycanın BƏƏ-dəki səfiri Mahir Əliyev diqqətə çatdırmışdır ki, artıq 6 ildir ki “Dostluğun sehri” beynəlxalq uşaq rəsm müsabiqəsi keçirilir. Pandemiya ilə əlaqədar olaraq 2020-ci ildə müsabiqə təxirə salınmışdır. 2021-ci ildə IV beynəlxalq uşaq rəsm müsabiqəsi keçirlimişdir. IV beynəlxalq uşaq rəsm müsabiqəsində 18 ölkədən 1558 uşaq iştirak etmişdir. Peşəkar rəssam və mütəxəssislərdən ibarət olan münsiflər heyəti tərəfindən 2022-ci ilin 14 mart tarixində qaliblər elan olunmuşdur. 37 iş I, 29 iş II, 28 iş III yerə layiq görülmüşdür.
BƏƏ-də müxtəlif məktəblərdən 45 uşaq iştirak etmiş və 2 məktəbdən 5 nəfər qalib olmuşdur. 2 nəfər I, 3 nəfər isə III yerlərə layiq görülmüşdür.
Səfir diqqətə çatdırmışdır ki, BƏƏ-də Azərbaycan tərəfindən keçirilən beynəlxalq müsabiqələrə maraq hər zaman böyük olmuşdur. Qarşılıqlı olaraq Azərbaycan tərəfi də BƏƏ-də keçirilən idman, mədəniyyət və.s müxtəlif sahələrdə beynəlxaq müsabiqələrdə iştirak etmiş və bir çox uğurlar qazanmışdır. Bu, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasına çox gözəl bir nümunədir.
Diplomat qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmiz ilə BƏƏ arasındakı münasibətlərə xüsusi önəm verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin BƏƏ prezidenti Şeyx Mohammed bin Zayed Al Nəhyan ilə şəxsi dostluq əlaqələri də bu münasibətlərin inkişafına müsbət təsir göstərir.
“Lubna Bent Hubab” məktəbinin direktoru Einas Alsereidi Azərbaycan səfirliyinə bu gözəl tədbirin təşkilatçılığına görə təşəkkürünü bildirmiş, bu cür müsabiqələrin beynəlxalq səviyyədə mədəniyyətin və incəsənətin daha da inkişafına müsbət təsir etdiyini vurğulamışdır.
“Gems Modern Academy” məktəbinin incəsənət departamentinin rəhbəri Jignyasa Patel “Dostluğun sehri” beynəlxalq uşaq rəsm müsabiqəsi təşkilatçılarına və Azərbaycan səfirliyinə qonaqpərvərliyə görə minnətdarlığını ifadə etmişdir.
Daha sonra qaliblər mükafatlandırılmış, səfir tərəfindən onlara medallar diplomlar və səfirlik tərəfindən hazırlanmış xatirə hədiyyələri təqdim edilmişdir.
Tədbir çərçivəsində Bakı Media Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan haqqında video çarx nümayiş etdirilmişdir.
Sonda xatirə şəkilləri çəkdirilmiş, tədbir iştiriakçıları çay süfrəsinə dəvət edilmişdir.

Arxiv üzrə axtarış