Səfir Mahir Əliyev Birləşmiş Ərəb Əmirliklərinin ətraf mühit və iqlim dəyişikliyi naziri xanım Məryəm bint Məhəmməd Əl-Mheiri ilə görüşmüşdür.
14 aprel 2022-ci il tarixində səfir Mahir Əliyev Birləşmiş Ərəb Əmirliklərinin ətraf mühit və iqlim dəyişikliyi naziri xanım Məryəm bint Məhəmməd Əl-Mheiri ilə görüşmüşdür.
Görüş zamanı iki dost ölkə arasındakı mövcud əməkdaşlıq əlaqələrinin inkişafından razılıq ifadə olunmuşdur. Ekologiya, qida təhlükəsizliyi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarına dair ətraflı fikir mübadiləsi aparılmışdır.
Görüş zamanı M.Əliyev ölkəmizin investisiya imkanları barədə qarşı tərəfə ətraflı məlumat vermişdir.
Səfir Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi, həmin ərazilərdə törədilmiş dağıntılar, maddi-mədəniyyət, tarixi və dini abidələrin, təbii qoruqların məhv edilməsi, oradakı təbii sərvətlərin talan edilməsi və ekologiyaya vurulmuş ziyan barədə həmsöhbətinə ətraflı məlumat vermişdir. İşğaldan azad olunmuş ərazilərimizin təbii və mineral sərvətlərlə zəngin olduğunu, əkinçilik üçün münbit şəraitə və böyük su resurslarına sahib olduğunu diqqətə çatdıran səfir Mahir Əliyev hazırda həmin ərazilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altında geniş quruculuq işlərinin aparıldığını vurğulamışdır.
Görüşdə hər iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq imkanlarının araşdırılması və əməkdaşlığa dair saziş layihələrinin hazırlanması üçün müzakirələrin aparılması barədə razılıq əldə olunmuşdur.