2022-03-09

Səfir Mahir Əliyev BƏƏ-nin Əl-Ayn şəhər bələdiyyəsinin baş direktoru Əli Xəlifə Əl-Qamzi ilə görüşmüşdür

03 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev bu ölkənin Əl-Ayn şəhər bələdiyyəsinin baş direktoru Əli Xəlifə Əl-Qamzi ilə görüşmüşdür.

Görüşdə Əl-Aynın şəhərsalma, infrastruktur, xidmətlər, strateji planlaşdırma, marketinq idarələrinin rəhbərləri və digər məsul şəxslər iştirak etmişlər.

Görüş zamanı Azərbaycan və BƏƏ arasında ikitərəfli əlaqələrin inkişafından və hər iki ölkənin dövlət başçıları arasındakı şəxsi dostluq əlaqələrinin bu əməkdaşlığa verdiyi töhfədən bəhs olunmuşdur. Əl-Ayn şəhəri ilə Azərbaycan şəhərlərindən biri arasında əməkdaşlığın qurulmasının ikitərəfli əlaqələrin daha da inkişafına, xüsusilə mədəni və turizm əməkdaşlığının genişlənməsinə töhfə verəcəyi nəzərə çatdırılmışdır. Həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının BƏƏ-yə ixracının artırılması və turizmin inkişafı barədə fikir mübadiləsi aparılmışdır.

Səfir Mahir Əliyev son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir. Uzun illərdən sonra torpaqlarımızın işğaldan azad edildiyini bildirən səfir, hazırda həmin ərazilərdə geniş yenidənqurma işlərinin aparıldığını, nəhəng infrastruktur layihələrinin icra olunduğunu və bu istiqamətdə xarici investorların da aktiv iştirak etdiyini diqqətə çatdırmışdır.

Arxiv üzrə axtarış