2021-11-11

Əbu-Dabidə Azərbaycanın Zəfər Günü qeyd edilib

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin təşkilatçılığı ilə noyabrın 8-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycanın Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Türkiyə Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan fəxri qonaq qismində, BƏƏ-də akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız, iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycanın və BƏƏ-nin Dövlət himnləri səsləndirilmiş, şəhidlərimizn xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Azərbaycanın BƏƏ-dəki səfiri Mahir Əliyev Zəfər Günü, ərazi bütövlüyümüzün təmin olunmasının 1-ci ildönümü kimi qürurla dolu bir gündə sevinclərini bölüşdükləri üçün bütün iştirak edənlərə təşəkkürünü bildirib, Azərbaycan diaspora nümayəndələrini qələbə münasibətilə təbrik edib.

Səfir münaqişənin qısa tarixi və törətdiyi fəsadlar barəsində iştirakçılara məlumat verib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri ancaq hücum mövqeyində olub, zərbələrimizin gücündən ermənilər geri çəkilib və özlərinin də etiraf etdiyi kimi 10 min nəfərdən çox fərariləri olub.

Diplomat qeyd edib ki, 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızda ermənilər daşı daş üşütündə qoymayıblar. Şəhərlər, qəsəbələr, kəndlər, ümumilikdə 980 yaşayış məntəqəsi tam sökülüb, daşları tikinti materialı kimi Ermənistana daşınıb.  Dini abidələrimiz, məscidlərimiz dağıdılıb, inək, donuz tövləsinə çevrilib. Qəbirlər dağıdılıb, hətta ölülərin sümükləri qəbirlərdən çıxarılıb.

M.Əliyev vurğulayıb ki, Ermənistan hökumətinin dərc etdiyi rəsmi rəqəmlərə əsasən, ölkə əhalisinin cəmi 1.9% -ni etnik azlıqlar təşkil edir, 98.1%-i isə ermənilərdir. Digər millətləri yavaş-yavaş qovub çıxarıblar lakin Ermənistan prezidenti isə çıxışlarında utanmadan tolerantlıqdan danışır. Müsəlmanlara məxsus məscidləri dağıdıb, yerində donuz saxlayır sonra da ərəb ölkələrini gəzərək, özlərini müsəlmanlara yaxın millət kimi təqdim edirlər.

 

 

Səfir iştirakçıların diqqətinə çatdırıb ki, 30 il Azərbaycan güclü beynəlxalq təzyiqlər və hədələr altında sülh danışıqları apardı, lakin bunlar nəticə vermədi. ATƏT-in Minsk qrupu boş-boş vədlər verməklə, cəfəngiyatla məşğul oldu.

İşğal altında olan torpaqlarımızı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında, şəhid və qazilərimizin qanı, şücaəti bahasına özümüz azad etdik. Bir daha dünyaya göstərdik ki, bizim torpaqları işğal edənin əlini də, belini də qırarıq.

M.Əliyev vurğulayıb ki, Azərbaycan tərəfi bundan sonra Ermənistanı sülh sazişi imzalamağa çağırır, sərhədlərin delimitasiyası və demarkasiyasının aparılmasını təklif edir. Bizim taleyimizə qonşu olmaq düşüb. Əgər Azərbaycana qarşı hər hansı təcavüzə və ya provokasiyaya yol versələr, onların başı əziləcək və bir daha özlərinə gələ bilməyəcəklər. Ermənilər artıq 300 illik qondarma, kiflənmiş miflərdən əl çəkib, bu günün, reallığını qəbul etməlidir.

Səfir çıxışının sonunda müharibə zamanı, ən ağır günlərimizdə bizə dəstək olan Türkiyə, Pakistan və bütün dost və qardaş dövlətlərə dərin minnətdarlığını ifadə edib. Vurğulanıb ki, nə biz, nə də övladlarımız bu ölkələrin dəstəyini heç vaxt unutmayacaq!                                                           

Daha sonra Azərbaycanın BƏƏ-dəki səfirliyi tərəfindən hazırlanmış “Azərbaycanın Şanlı Qələbəsinin İslam və ərəb dünyası üçün əhəmiyyəti” mövzusunda video-çarx nümayiş etidrilib.

Zəfər Gününə həsr olunmuş tədbir konsert proqramı ilə davam edib. Bəxtiyar Məmmədov (tar) çıxış edib, Qələbə ruhlu musiqilər səsləndirilib.

 

Arxiv üzrə axtarış