İsrailin ərəb dilli “i24 news” televiziya kanalı Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş proqram yayımlayıb
İsrailin ərəb dilli “i24 news” televiziya kanalının “Həftə ərzində” proqramının 7 oktyabr 2021-ci il tarixində yayımlanmış növbəti buraxılışı Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuşdur. Proqramda ilk öncə Azərbaycan və İsrail arasındakı yüksək səviyyəli əlaqələrin mövcudluğuna toxunulmuş, Sovet İttifaqının dağılması ilə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi və bu gün Azərbaycanın Mərkəzi Asiyada İsrailin müsəlman dostu olduğu vurğulanmışdır. İsrailin neftə olan tələbatının təqribən yarısını Azərbaycandan tədarük etdiyi, həmçinin Azərbaycana əsas silah ixrac edən ölkələrdən birinin İsrail olduğu bildirilmişdir. II Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi üstünlük xatırlanaraq, İsrailin Türkiyə və Azərbaycanla olan strateji əlaqələri hesabına indiyədək qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina etdiyi diqqətə çatdırılmışdır.
Daha sonra proqramın aparıcısı Azərbaycanın BƏƏ-dəki səfiri Mahir Əliyevlə efir vasitəsilə birbaşa əlaqə yaradaraq, ikitərəfli əlaqələrə dair suallar vermişdir. Səfir iki ölkə arasında rəsmi əlaqələrin Sovet ittifaqının dağılması və Azərbaycanın müstəqillik qazanmasından sonra başladığını, lakin Azərbaycan və yəhudi xalqları arasında əlaqələrinin uzun əsrlərə söykəndiyini, yəhudilərin Azərbaycanda qədim dövrdən məskunlaşdığını və azərbaycanlılarla həmişə dostluq və anlaşma şəraitində yaşadıqlarını vurğulamışdır. Səfir Sovet İttifaqının dağılması ilə İsrailə köç edən Azərbaycan yəhudilərinin hazırda iki ölkə arasında münasibətlərin inkişafındakı rolunu yüksək qiymətləndirmişdir.
Daha sonra səfir ölkəmizin İran və İsrailə münasibətdə siyasəti ilə bağlı suala cavab olaraq, Azərbaycanın Prezident cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil xarici siyasət yürütdüyünü və dostlarını digərlərinin tövsiyəsi ilə deyil, öz rəyi əsasında seçdiyini diqqətə çatdırmışdır. Ölkəmizlə İsrail arasında müxtəlif sahələrdə, o cümlədən hərbi, sənaye, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə möhkəm əlaqələrin olduğunu bildirən səfir qarşılıqlı əməkdaşlığın daim inkişaf etdiyini bildirərək, hərbi sahədə əlaqələrin ölkəmiz üçün əhəmiyyətini xüsusi vurğulamışdır.
Azərbaycanın ərəb ölkələri və İsrail arasında əldə olunmuş “İbrahim sövdələşmələri” ilə bağlı mövqeyinə toxunan səfir ərəb ölkələri, o cümlədən BƏƏ ilə İsrail arasında əlaqələrin normallaşması ilə bağlı imzalanmış sənədləri alqışladığımızı qeyd edərək, bundan bütün region xalqlarının istifadə edə biləcəyini diqqətə çatdırmışdır.
Qeyd edilən proqrama https://www.youtube.com/watch?v=i9Yht4iiL1U internet səhifəsi vasitəsilə baxmaq mümkündür.