2021-09-28

Əbu-Dabidə Vətən müharibəsi qurbanlarının xatirəsi yad edilib

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz və Vətən müharibəsi qurbanlarının xatirəsi yad edilib.

Bununıa əlaqədar Azərbaycanın BƏƏ-dəki səfirliyində Əbu-Dabidə yaşayan diaspor nümayəndələrimizin iştirakı ilə anım mərasimi keçirilib.

          Əvvəlcə bütün Azərbaycanla ilə birlikdə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Daha sonra səfir Mahir Əliyev Vətən müharibəsi haqqında iştirakçılara məlumat vermişdir. Bildirilmişdir ki, 2020-ci il 27 sentyabr tarixi müasir Azərbaycan tarixinin yeni və şanlı səhifəsidir. Məhz bu gün müasir Azərbaycan tarixində 30 ilə yaxın davam edən işğala son qoyan, azərbaycanlılara qarşı tarixin müxtəlif dövrlərində vəhşiliklər törədən ermənilərə verilmiş tarixi dərsin başlandığı gündür. Bu gün Anım Günü olmaqla yanaşı, soydaşlarımızın xatirəsində yumruq kimi birləşdiyimiz gün olaraq qalmaqdadır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sözlərinə istinad edən səfir bildirmişdir ki, “44 gün ərzində Ermənistan ordusunun beli qırılıb, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox kəndi işğalçılardan azad etdik düşməni təslim olmağa məcbur etdik. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!”.

Daha sonra M.Əliyev, Azərbaycanın Ermənistan üzərindəki qələbəsinin İslam və ərəb dünyası üçün də əhəmiyyətindən bəhs etmişdir. Bildirilmişdir ki, işğal edilmiş ərazilərimizdə, məscidlərimizə, dini abidələrimizə erməni daşnakları tərəfindən böyük hörmətsizlik edilmişdir. Məscidlərimizdə donuz saxlanılmışdır. Azərbaycan torpaqlarını işğaldan azad etməklə eyni zamanda o torpaqlardakı İslam mədəniyyətini İslam abidələrini əsarətdən azad etmişdir.

Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsindən bəhs edən video-çarx və foto-sərgi nümayiş olunmuş, Şəhidlərimiz və Vətən müharibəsi qurbanları üçün anım guşəsi yaradılmış və şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılmışdır.

İştirakçılar səfirlikdə təşkil edilən xatirə kitabına şəhidlərimiz, Vətən müharibəsi qurbanları və qazilərimiz barədə ürək sözlərini yazmışlar.

 

 

Arxiv üzrə axtarış