2021-09-06

Qarabağın hava qapısı....

AZAL-ın “Qarabağ” təyyarəsi Füzuli hava limanına enib

Prezident İlham Əliyev Füzuli aeroportunu Qarabağın hava qapısı adlandırıb

Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sentyabrın 5-də sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.

Həmin təyyarə "Qarabağ" adını daşıyır.

Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub.

Füzuli Beynəlxalq Hava Limanında uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün texniki sistemlər ilə tam təchiz olunub.

Qeyd edək ki, həmçinin dövlətimizin başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.

Arxiv üzrə axtarış