2021-06-27

Silahlı Qüvvələrimizin yaranmasının 103-cü ildönümü BƏƏ-də qeyd edilib.

Silahlı Qüvvələrimizin yaranmasının 103-cü ildönümü münasibəti ilə Azərbaycan Respublikasınn Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyində tədbir keçirilib. Pandemiya ilə əlaqədar BƏƏ-də tətbiq edilən qaydalar çərçivəsində tədbirdə ictimaiyyət nümayəndələrinin iştirakı mümkün olmamışdır.

Tədbiri açan Azərbaycanın BƏƏ-dəki Səfiri Mahir Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə ətraflı məlumat verib. Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olması xüsusi qeyd edilib. Səfir, Ümummilli Lider Heydər Əliyevin ordumuzun təşkilatlanması və qüdrətlənməsi ilə bağlı tarixi xidmətlərindən bəhs edib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasətinin yüksək nəticələrini diqqətə çatdırıb.

M.Əliyev diqqətə çatdırıb ki, Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Çünki hələ yaxın keçmişdə Azərbaycan Ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qalmışdı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Bu siyasətin mahiyyətini yaxşı bilən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən qısa müddət sonra - 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Ulu Öndərimiz azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdu. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində misilsiz igidliklər göstərdilər.

Səfir bildirdi ki, Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.

M.Əliyev Milli Ordumuzun 44-günlük müharibədə Ermənistanın hərbi qüvvələrinə qarşı əldə etdiyi qələbə, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması və Ali baş komandanın rəhbərliyi ilə ordumuzun əldə etdiyi Şanlı Qəlbəmizdən qürürla bəhs edib.

 Sonda Müdafiə Nazirliyinin 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə hazırladığı videoçarx nümayiş etdirilib.

 

 

Arxiv üzrə axtarış