2021-02-22

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq müdafiə sənayesi sərgisində təmsil olunur

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə şəhərində Milli Sərgi Mərkəzində “IDEX-2021” Beynəlxalq müdafiə sənayesi sərgisi keçirilir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Naziri Mədət Quliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan sərgidə təmsil olunur. 

Dünyanın 50-dən çox ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin iştirak etdiyi “IDEX-2021” Beynəlxalq müdafiə sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, mina atanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla, 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.

Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşüb. Görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Mədət Quliyev Baş nazirin müavinindən Prezident, Ali Baş Komandan Prezident İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyana çatdırmasını xahiş edib.

Sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri planlaşdırılmışdır.

Arxiv üzrə axtarış