2020-10-28

Ermənistan silahlı qüvvələri Bərdəni kasetli raketlərlə atəşə tutub, ölən və yaralananlar var

Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobudcasına pozmaqda davam edir. Düşmən oktyabrın 27-də Azərbaycanın Bərdə rayonundakı dinc əhalini hədəf alaraq, yaşayış məntəqələrini mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə atəşə tutub.

Ermənistan silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 10-dan çox dinc sakin yaralanıb.

Qeyd edək ki, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulub.

Beləliklə, Ermənistan növbəti dəfə məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik göstərir.

 

Arxiv üzrə axtarış