2020-10-13

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında baş tutmuş telefon danışığı barədə məlumatı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında baş tutmuş telefon danışığı barədə məlumatı

Bu ilin 11 oktyabr tarixində Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə  ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov azərbaycanlı mülki şəxslərin və obyektlərin humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra da Ermənistan tərəfindən qəsdən atəşə tutulduğu barədə qarşı tərəfi məlumatdırıb. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və cəbhə zonasından uzaq yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını və nəticədə mülki insanların həlak olduğu və yaralandığını qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu vurğulayıb.

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti yaranmış vəziyyətdən təəssüf hissi keçirdiyini bildirmiş və atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb. Tərəfləri əldə edilmiş Moskva razılaşmasının şərtlərinə riayət etməyə çağıran fransalı həmsədr, ən qısa zamanda tərəflərin siyasi dialoqa qayıtması üçün təkliflərlə çıxış edəcəklərini qeyd edib.

Arxiv üzrə axtarış