2020-09-27

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2020-ci il tarixində bir sıra yerli KİV-ə verdiyi müsahibədən çıxarış

-Bildiyimiz kimi, Ermənistan bir sıra müsəlman ölkələri ilə sıx təmas qurmaq istiqamətində addımlar atır və bu, haqlı olaraq Azərbaycan ictimaiyyətində kəskin reaksiya doğurur. Hətta bu yaxınlarda Misir rəhbərliyi bu ölkədə səfərdə olan Ermənistanın xarici işlər nazirini də qəbul etdi. Bütün bunlar müsəlman həmrəyliyinə nə dərəcədə mənfi təsir göstərir?

-Çox mənfi təsir edir. Azərbaycan ictimaiyyəti haqlı olaraq öz narahatlığını ifadə edir. Biz dövlət səviyyəsində də bu narahatlığı ifadə edirik. Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub, ölkəmizdə bir çox tədbirlər keçirilib. Biz həmişə çalışmışıq ki, müsəlman ölkələrinə kömək göstərək, beynəlxalq təşkilatlarda həmişə müsəlman ölkələrinin maraqlarını müdafiə etmişik, həm səsvermə zamanı, eyni zamanda, əgər hansısa beynəlxalq təşkilata müsəlman ölkəsi öz namizədliyini irəli sürübsə, həmişə onu dəstəkləmişik. Yəni, bu həmrəylik sözdə yox, əməldə olmalıdır. Biz o ölkələrdənik ki, əməldə İslam həmrəyliyinə daim öz xarici siyasətimizdə böyük yer ayırmışıq. Mənim xarici siyasət istiqamətləri ilə çıxışlarımda siz bunu görə bilərsiniz. Əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Çünki biz müsəlman dünyasının bir hissəsiyik. Bizi BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Bir çox qətnamələr qəbul edilib. Tovuz təxribatı ilə əlaqədar da, həmçinin. Ona görə müsəlman ölkələrinin Ermənistanla hər hansı yaxınlaşmasına biz həmişə çox həssas yanaşırıq. Çünki Ermənistan bizim torpağımızı zəbt edib. Eyni zamanda, müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Baxın, bizim məscidlərimiz nə gündədir? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayırlar. Bu, müsəlman aləminə edilən təhqir deyilmi? Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin. Eyni zamanda, mənə verilən məlumata görə, Ermənistanın xarici işlər naziri Misirdə hansısa dini liderlə görüşüb. Yaxşı, o dini liderə deyən olmadı ki, bu adamlar müsəlman məscidlərini təhqir edib, bütün müsəlman dünyasını təhqir edib. Biz dəqiq bilirik, erməni rəsmiləri Avropada olarkən avropalıların yenə də bunlara münasibətinin müsbət olması üçün onların əsas arqumenti o olur ki, biz müsəlmanların əhatəsində yaşayırıq. Bizim üç qonşumuz müsəlman ölkələridir. Biz burada, bu bölgədə xristianlığı qoruyan xalqıq. Bizim ətrafımızda olan müsəlman ölkələri düşməndir. Bəli, Türkiyəni və Azərbaycanı Ermənistan düşmən sayır. Ancaq İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Bəs necə ola bilər? Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq? Mən belə dostluğu başa düşmürəm. Mən dəfələrlə müsəlman ölkələrinin rəhbərlərinə həm ikitərəfli formatda, həm çoxtərəfli formatda, həm də rəsmi çıxışlarımda müraciət etmişəm və demişəm ki, onlar bu məsələni nəzərə alsınlar.

Yenə də deyirəm, Ermənistan sıradan olan ölkə deyil. Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər, bu ideologiyanı uşaqlara aşılayırlar.

Ona görə biz öz prinsipial mövqeyimizdə qalacağıq. Bu məsələni həmişə diqqətdə saxlayacağıq. Bütün müsəlman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm, Ermənistan sizin dostunuz deyil. İkincisi, Ermənistanda hansı maraqlar ola bilər? Bu ölkə uğursuz ölkədir. Bunun bir beynəlxalq adı da var - “Fail state”. Uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Heç bir ölkəyə investisiya qoymur. Nəqliyyat dalanıdır bu ölkə. Hansı marağı ola bilər? Hansısa vəziyyətə görə, kiməsə acıq vermək üçün əgər belə addımlar atılırsa, bunlar ancaq təəssüf doğurur

 

 

Arxiv üzrə axtarış