2020-07-30

Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycandakı Dağ yəhudiləri icması, Alban-Udi xristian dini icması, Avropa Yəhudiləri Cəmiyyətinin rəhbərləri tərəfindən “Dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara”

Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycandakı Dağ yəhudiləri icması, Alban-Udi xristian dini icması, Avropa Yəhudiləri Cəmiyyətinin rəhbərləri “Dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara” Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı birgə müraciət ünvanlayıblar. 

Dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara

MÜRACİƏT

Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təcavüz aktını, dinc əhalini, yaşayış yerlərini, dini məbədləri qəsdən və davamlı şəkildə ağır artilleriyadan atəşə tutmasını qətiyyətlə pisləyir və dünya ictimaiyyətini, dini liderləri və beynəlxalq təşkilatları bu təxribatı qətiyyətlə qınamağa çağırırıq.

Ermənistanın bu hərbi avantürası nəticəsində Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçuları həlak olmuş və yaralanmış, 76 yaşı mülki şəxs öz həyatını itirmişdir. Dövlət və özəl mülkiyyətə ciddi zərər dəymişdir. Ermənistan Şərq-Qərb nəqliyyat dəhlizi boyunca regionun inkişafına və çiçəklənməsinə xidmət edən strateji nəqliyyat və neft-qaz boru kəmərləri lahiyələrinə təhlükə yaratmışdır.

Sərhəddə baş vermiş toqquşma Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən işğalçılıq siyasətinin tərkib hissəsidir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədilmişdir. Dünyanın 10-dan artıq ölkəsinin qanunverici orqanları tərəfindən soyqırım aktı kimi tanınmış və Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı faciəsi insanlıq əleyhinə cinayətdir. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqının zəngin tarixi, maddi-mədəni  və dini irsi vandalizmə məruz qalaraq məhv edilir.  

Ermənistanın məqsədi regionda yeni gərginlik ocağı yaratmaq, Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinə imkan verməmək və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini pozmaqdır.

Bütün dünya koronavirus kimi dəhşətli bəlaya qarşı mübarizə apardığı halda, Ermənistan tərəfindən qəsdən və əvvəlcədən planlaşıdırılmış şəkildə bu mənfur təxribat törədilmişdir. BMT-nin Baş katibi Antonio Qutterreş COVİD-19-un səbəb olduğu pandemiya şəraitində qlobal atəşkəs təşəbbüsünü irəli sürmüşdür. Ermənistanın sözdə bu təşəbbüsü dəstəkləməsi, reallıqda isə iki ölkənin sərhədində qanlı hərbi təcavüz aktını törətməsi riyakarlıq və beynəlxalq ictimaiyyətə hörmətsizlikdir. 

Birləşmiş Millətlər Təşkilatı bugünədək beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində ardıcıl duran beynəlmiləl qurumdur. Bu il yaranmasının 75-ci ildönümü tamam olan BMT kimi mötəbər beynəlxalq strukturun Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnaməsinin tələbləri Ermənistan tərəfindən bugünədək yerinə yetirilmir. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bu qətnamələrin reallaşmasını təmin edəcək addımların atılması BMT-nin şanlı yubileyi ərəfəsində nüfuz və dəyərinin daha da artmasına xidmət edən məqam olardı. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən beynəlxalq hüququn norma və prinsiplərini, tarixi ədaləti əsas tutaraq bu qətnəmələrin həlli istiqamətində tutarlı və nəticə yönümlü addımlar atmasına ehtiyac vardır.

İşğalçı ilə işğala məruz qalan tərəfin eyniləşdirilməsi  münaqişənin həllinə xidmət edə bilməz. Beynəlxalq hüquq və normalara riayət, istisnasız olaraq, hamının borcudur.  Dinc əhaliyə qarşı silah işlədilməsi Ermənistan dövlətinin davamlı hərbi təcavüzünün, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə və terror aktlarının davamıdır.

Erməni lobbi dairələri və terror təşkilatları irqi ayrı-seçkilik, nifrət və ifrat şovinizm zəminində dünyanın bir çox şəhərlərində və paytaxtlarında azərbaycanlılara qarşı kütləvi zorakılıq aksiyaları təşkil edir,  Azərbaycan Respublikasının səfirlik və baş konsulluqlarına hücumlar həyata keçirirlər. Biz həmin ölkələrin hüquq-mühafizə və məhkəmə orqanlarını bu cinayət əməllərini hərtərəfli və obyektiv araşdırmağa çağırırıq.

Dünyanı məhvərindən çıxmaga qoymayan əbədi bəşəri dəyərlərə istinad edən din xadimləri bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etməlidirlər. Vətənimiz Azərbaycan müxtəlif din ardıcıllarının dinc birgəyaşayışının gündəlik həyati reallıq, multikulturalizmin həyat tərzi olduğu nadir ölkələrdəndir. O Bir Olan Yaradanımız qarşısında məsuliyyətimiz biz dini konfessiya rəhbərlərini sülh və mövcud problemlərin ədalətli həlli naminə səyləri dəstəkləməyə sövq edir. Lakin sülh və anlaşmaya nail olmağın yolu asan deyil və çoxlu zəhmət, güclü iradə, səylərin birləşdirilməsini tələb edir.   

Münaqişə başlayan zamandan etibarən, Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderlərinin dəfələrlə sülhməramlı görüşləri baş tutmuşdur. Sülh və dinc yanaşı yaşamağa nail olmaq üçün qarşılıqlı etimadın gücləndirilməsi məqsədilə ünsiyyətlərin nəticəsi olaraq münaqişənin dinlərarası müstəviyə keçməsinin qarşısı alınmışdır. Ədalətli və davamlı sülh yalnız xoş məram və səmimi niyyət olarsa mümkündür. Lakin təəssüflər olsun ki, erməni tərəfinin təxribatları növbəti dəfə münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesinin pozulmasına gətirib çıxarır. Bu təxribatın bütün siyasi və hüquqi məsuliyyəti Ermənistan tərəfin üzərindədir.

Bütün səmavi dinlər dinc, günahsız insanların qətlini ən ağır cinayət kimi qiymətləndirir. Biz beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağ, onun ətrafındakı 7 rayonumuzda, həmçinin, hal-hazırda Azərbaycan-Ermənistan sərhəddində törətdiyi hərbi təxribatlar zamanı dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırır, bu kimi halların qarşısının alınması, ədalətli sülhün bərqərarı naminə səyləri birləşdirməyə çağırırıq. Yaradanımız qarşısında, xalqlarımız qarşısında borc və məsuliyyətimiz biz dini liderləri, sülh, mərhəmət və mövcud problemlərin ədalətli həlli naminə səy göstərməyə məsul edir. Bu əsnada, dünya katoliklərinin lideri Roma Papası Zati-müqəddəsləri Fransiskin Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsindən narahatlığını, son döyüşlərdə ölənlərin ailələri üçün dua etməsini yüksək dəyərləndirir, Pontifik həzrətlərinin təbirincə desək, beynəlxalq ictimaiyyətin köməyi ilə «dialoq və tərəflərin xoş istəyi ilə bu sevimli xalqların xeyrinə münaqişənin davamlı sülh ilə həll yolu əldə edilə biləcəyinə» ümidini  bölüşürük.

Ümidvarıq ki, dünya dini liderlərinin, beynəlxalq təşkilatların səyləri və dünya ictimaiyyətinin dəstəyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq norma və prinsipləri əsasında tezliklə öz ədalətli həllini tapacaqdır.

Uca Yaradan Yer üzündə sülhü və əmin-amanlığı bərqərar etsin! Amin!

 

Şeyxülislam Allahşükür PAŞAZADƏ

Qafqaz Müsəlmanları İdarəsinin sədri

 

Melih YEVDAYEV

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

 

Robert MOBİLİ

Alban-udi xristian dini icmasının sədri

 

Aleksandr Şarovski

Avropa Yəhudiləri Cəmiyyəti

 

Bakı şəhəri, 24 iyul 2020-ci il

Arxiv üzrə axtarış