2018-12-12

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Abu Dabidə anılmışdır

11 dekabr 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabinin “Inter Continental” mehmanxanasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Abu Dabidəki səfirliyinin və Dubaydakı baş konsulluğunun əməkdaşları, BƏƏ-dəki Azərbaycan icması və yerli ictimaiyyət nümayəndələri, BƏƏ-də səfərdə olan Azərbaycan ticarət missiyasının üzvləri, BƏƏ-in ictimai-siyasi xadimləri və iş adamları, media nümayəndələri  iştirak ediblər.

Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycanın BƏƏ-ki səfiri Daşqın Şikarov ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə danışdı. Ulu öndərin Sovet İttifaqı dövründə Azərbaycana rəhbərliyi barədə bəhs edən səfir məhz Heydər Əliyevin vətəninə və xalqına hədsiz sevgi və sədaqəti kimi şəxsi keyfiyyətlərinin, müxtəlif yüksək vəzifələrdə fəaliyyəti zamanı əldə etdiyi idarəçilik təcrübəsi və inkişaf məsələlərində strateji yanaşmasının ölkəmizin dərin tənəzzüldən çıxmasına şərait yaratdığını vurğuladı. Azərbaycanın gələcək siyasi müstəqilliyinin möhkəm iqtisadi təməlinin məhz həmin illərdə yaradıldığını bildirən səfir, dahi rəhbərin səyləri nəticəsində Sovet İttifaqının geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycanın çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoyduğunu, ölkə həyatının bütün sahələrində quruculuq işlərinin vüsət aldığını, kənd təsərrüfatı istehsalının dəfələrlə artdığını, yüzlərlə yeni sənaye müəssisəsi qurulduğunu  vurğuladı. O, Heydər Əliyevin rəhbərliyi illərinin Azərbaycan tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan verdiyini, tarixi ənənələrinin, dilinin qorunmasına şərait yaratdığını qeyd etdi. Səfir Azərbaycanda 1992-ci ilin 15 may tarixində dövlət çevrilişi yolu ilə  hakimiyyətə gələn qüvvələrin səriştəsizliyi nəticəsində ölkədə hökm sürən hərc-mərcliyin ölkəmizi fəlakət həddinə gətirib çıxardığını təəssüflə xatırlatdı, o vaxt çoxlarının hadisələrin təhlükəli məcraya yönəldiyi Azərbaycanın bu qədər böyük təhlükələrdən qurtula biləcəyinə və müstəqilliyini qoruyub saxlayacağına inanmadığını, lakin Heydər Əliyevin vətəndaş hünərinin tarixinin gedişatını dəyişdiyini və Azərbaycanı diz çökdürmək ssenarilərini alt-üst etdiyini xüsusi qeyd etdi. Daşqın Şikarov 1993-cü ildə xalqın israrlı tələbi ilə Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycanın uçurumun bir addımlığından dönə bildiyini vurğuladı, dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad iradəsi ilə bütün çağırışlara tab gətirdiyini diqqətə çatdırdı. Ulu öndərin 1993-2003-cü illərdəki rəhbərliyi dönəminə nəzər salan səfir vurğuladı ki, bu illər ərzində Azərbaycanda demokratik dəyərlər bərqərar olmuş, ictimai-siyasi sabitlik yaranmış, islahatlar geniş vüsət almışdır.  

Ümummilli liderin uğurlu xarici diplomatiyası barədə də dolğun məlumat verən səfir diqqətə çatdırdı ki, bu uğurlu siyasi kurs və inkişaf xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və zənginləşdirilir. Son 15 il ərzində ölkəmizin keçdiyi dinamik inkişaf yolu, böyük geostrateji əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələri buna əyani sübutdur. Ulu öndərin parlaq xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını və əbədi yaşayacağını vurğulayan Daşqın Şikarov qeyd etdi ki, Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dahi şəxsiyyətin zəngin irsinin yetişən nəsillərə ötürülməsi kimi ali vəzifənin öhdəsindən layiqincə gəlir və Heydər Əliyev irsinin qəlblərdə daima yaşamasında əvəzsiz rol oynayır. Səfir Heydər Əliyev ideyalarının ölkəsindən uzaqda yaşayan həmvətənlərimizin bu gün də bir-biri ilə sıx təmasda olmalarına xidmət etdiyini, ulu öndərin əziz xatirəsinin özünü Azərbaycanlı hesab edən və Azərbaycançılıq ideyalarına sadiq olan hər kəsin qəlbində xüsusi yerə malik olmasını diqqətə çatdırdı. 

Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov  öz nitqində ümummilli liderin istər SSRİ dövründə, istərsə də müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycanın maraqlarını bütün imkanlardan istifadə edərək qoruduğunu, ölkəmizin davamlı tərəqqi və inkişaf yolu tutduğunu bildirdi. O, dahi rəhbərin Azərbaycan xalqı və dövlətçiliyi üçün ən böyük xidmətinin Azərbaycançılıq ideyasının yaradılması, sevdirilməsi və inkişaf yoluna qoyulması olduğunu qeyd etdi, ulu öndərin əziz xatirəsinin hər bir Azərbaycanlının qəlbində xüsusi yerə malik olmasını, soydaşların tədbirdə toplaşmasının məhz bunun əyani sübutu olduğunu vurğuladı. Baş konsul Heydər Əliyev ideyalarının bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, onun rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatların, əldə olunan yüksək nəticələrin müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratdığını xüsusi qeyd etdi.

Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi Elnur Əliyev çıxışında bildirdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyatın bütün sahələrində misli görünməyən inkişaf başlamış, məhz ulu öndərin uzaqgörənliyi və qlobal düşüncə qabiliyyəti hesabına enerji, nəqliyyat və digər sektorlarda öz müstəsna aktuallığını bu gün bariz şəkildə göstərən milli strategiyalar işlənib hazırlanmışdır. Həmin strategiyalar milli iqtisadiyyatımıza on milyardlarla dollar xarici kapital axınını təmin etmişdir. Elnur Əliyev ulu öndərin “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir” haqda kəlamını xatırlayaraq, ümummilli liderin o dövrdəki əsas fəaliyyətinin məhz bu fikir ətrafında qurulduğunu qonaqların diqqətinə çatdırdı.

Sonra tədbir iştirakçıları ulu öndərin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film izlədilər.

Çıxışlar və filmin seyrindən sonra qonaqlar üçün ulu öndərin xatirəsinə ehsan süfrəsi açıldı. Ümummilli lider Heydər Əliyev barədə Birləşmiş Ərəb Əmilriklərində çap olunmuş kitabların nüsxələri tədbir iştirakçılarına paylanıldı.

Azərbaycan Televiziyasının Yaxın Şərq və Afrika ölkələrində xüsusi müxbiri Amal Alışarlıya   müsahibə verən BƏƏ-nin tanınmış hüquqşünası Mohammad Al Naeemi və ictimai-siyasi xadim Abdullah Al Neymat Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu, apardığı müdrik siyasəti nəticəsində ölkəmizin regionda aparıcı qüvvəyə çevrildiyini bildirdilər. Ulu öndər Heydər Əliyevin və BƏƏ-nin qurucusu Şeyx Zayed bin Sultan əl Nəhyan arasında 1994-cü ildə Kasablankada tarixi görüşü xatlırladaraq, bu görüşdə BƏƏ-Azərbaycan münasibətlərin təməlinin qoyulduğunu bildirdilər. Vurğuladılar  ki, həmin tarixdən başlayaraq iki qardaş ölkə arasında münasibətlər həyatın bütün sahələrində, o cümlədən iqtisadi, ticarət, turizm və mədəniyyət sahələrində inkişaf etmişdir. Xüsusi qeyd etdilər ki,  bu gün on minlərlə BƏƏ sakini və burada daimi yaşayan əcnəbilər Azərbaycana səfər edir və hal hazırda ölkəmiz Əmirliklər vətəndaşları üçün səyahət üçün ən sevimli ölkələrdən biridir.

Arxiv üzrə axtarış