2018-11-17

Ülviyyə Şikarova: Tariximizi və mədəniyyətimizi təbliğ etmək hər bir azərbaycanlının borcudur

Əbu-Dabi, 17 noyabr, AZƏRTAC

Diplomatların həyat yoldaşları müvəqqəti yaşadıqları ölkədə önəmli ictimai fəaliyyətlə məşğuldurlar, “kadr arxası”nda qalsalar da həyat yoldaşlarının diplomatik fəaliyyətini tamamlayırlar. Axı, səfirin həyat yoldaşı olmaq da xüsusi bir missiyadır.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirinin həyat yoldaşı Ülviyyə Şikarova ölkəmizin həqiqətlərinin təbliği, tariximizin, mədəniyyətimizin və ənənələrimizin bu ölkənin ictimaiyyətində daha yaxşı tanıdılması istiqamətində görülən işlər barədə AZƏRTAC-a müsahibə verib.

-BƏƏ qadınlarının ölkənin inkişafında oynadığı rol barədə nə deyə bilərsiniz?

-Birləşmiş Ərəb Əmirliklərinin qadınları ölkənin bütün sahələrində təmsil olunublar və cəmiyyətdə çox önəmli rola malikdirlər. 2016-cı ildə Dünya İqtisadi Forumunun məlumatına əsasən, BƏƏ qadınları regionda kişi və qadınlar arasında bərabərliyə görə lider ölkə elan edilib. Bu gün BƏƏ-nin hökumət, biznes və hətta silahlı qüvvələr strukturlarında qadınların rolu gündən-günə artır. Qadınların cəmiyyətdə rolunu artırmaq üçün 2015-ci ildə Cinsi Balans Şurası təsis olunub. BƏƏ qadınlarının savadlılıq səviyyəsi 95,8 faiz təşkil edir və orta təhsil almış qadınların 77 faizi universitetlərdə təhsilini davam etdirir. BƏƏ Nazirlər Kabinetinin 9 üzvü, Federal Milli Şuranın 25 faizi qadınlardır. Eyni zamanda, qadınlar ölkənin xarici siyasət orqanının 20 faizini təşkil edir. Bu rəqəmlər qadınların BƏƏ cəmiyyətindəki rolunun, ölkənin inkişafına verdikləri töhfələrin göstəricisidir.

-Azərbaycan səfirinin xanımı olaraq ölkəmizin tarixi, mədəniyyəti, ənənələri və reallıqlarının təbliği işində fəal iştirak edirsiniz. Bu xüsusda, şərti olaraq “Səfirlərin xanımları” adlanan klub çərçivəsində fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

-Diplomatların xanımlarından ibarət və şərti olaraq “Səfirlərin xanımları” adlanan klub” BƏƏ-də keçirilmiş bir sıra tədbirlərin təşəbbüskarı və iştirakçısı olub. Gələcək planları müzakirə etmək, fikir mübadiləsi aparmaq məqsədilə klubun üzvləri mütəmadi olaraq görüşlər keçirir. Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini təbliğ etmək, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti haqqında məlumat vermək, həyatın bütün sahələrində aparılan islahatların mahiyyətini açıqlamaq hər bir azərbaycanlının borcu hesab olunur. Bu baxımdan sözügedən klub Azərbaycan həqiqətlərinin təbliği üçün imkanlar açır. Bu görüşlərə səfir xanımları ilə yanaşı, BƏƏ-də nüfuz sahibi olan xanım siyasətçilər, deputatlar, özəl sektorun nümayəndələri, elm xadimləri, jurnalistlər də qatılırlar. Klubun sonuncu görüşü məhz tərəfimizdən təşkil olunub və qeyd olunan tədbirdə səfir xanımları, habelə BƏƏ-nin bir sıra tanınmış simaları iştirak ediblər. Bu tədbirlərdə azərbaycanlı xanımlar ölkəmizi layiqincə təmsil edirlər.

2016–cı ilin sentyabrında Azərbaycan səfirliyində Bazar Günü Məktəbinin açılışı olub. Tədbirdən əvvəl diplomatların xanımları və icma fəalları proqram hazırlayıb və dərslərin prioritet mövzularını müəyyən ediblər. Uşaqlar Azərbaycanın coğrafiyasını, qədim və müasir tarixini, mədəniyyətini öyrənirlər. İlk dərsin mövzusu ümummilli lider Heydər Əliyevə həsr olunub.

2017-ci ilin yanvar ayında Əbu-Dabidə keçirilmiş Şeyx Zayed Beynəlxalq Festivalında Azərbaycan ilk dəfə milli pavilyonla iştirak edib. Festivalın dünya mədəniyyət nümunələri bölməsində musiqilərimiz ifa olunub, rəqslərimiz nümayiş etdirilib.

Azərbaycanlı xanımların fəallığı sayəsində ölkəmiz 2017-ci və 2018-ci illərdə Əbu-Dabi “Gems American Academy” akademiyasında keçirilmiş Beynəlxalq Mədəniyyət Günündə yüksək səviyyədə təmsil olunub. ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, İsveç, Rusiya və digər Avropa ölkələri ilə yanaşı, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya, Pakistan, Hindistan, İndoneziya, İordaniya, Livan, Suriya, Misir, Fələstin, Venesuela və s. ölkələrin qatıldığı mədəniyyət günündə Azərbaycan guşəsində milli mətbəximizin nümunələri, ölkəmizə aid fotostend təqdim edilib və böyük marağa səbəb olub. Mədəniyyət günündə “Qarabağ inciləri” uşaq rəqs qrupunun “Sarı gəlin” sədaları altında rəqsi böyük maraqla izlənilib.

Dünya təhsilində xüsusi nüfuza malik Fransanın Sorbon Universitetinin filialı olan Sorbon Əbu-Dabi universitetində 2017-ci ildə Beynəlxalq Mədəniyyət Günü təşkil edilib. Tədbirdən öncə səfirlik tərəfindən universitetin rektoru, professor Erik Fuaşa tədbirin BMT-nin qərarı ilə beynəlxalq status almış Novruz bayramı ilə əlaqələndirilməsi təklifi edilib. Təklif dəstəklənib və martın 19-da tədbirin açılışında E.Fuaş Azərbaycan tərəfinin təşəbbüsünü elan edib. Beynəlxalq Mədəniyyət Günündə qədim tarixə söykənən və dünyanın bir çox ölkələrində qeyd olunan Novruz bayramı haqqında məlumat verilib, adət-ənənələrimizdən bəhs edilib.

Səfir xanımlarının təşkilatçılığı ilə 2018-ci ilin fevralında keçirilən “Asia-Pacific Food and Crafts Bazaar” Asiya və Sakit okean ölkələrinin qida və incəsənət xeyriyyə-yarmarkasındakı Azərbaycan pavilyonunda xanımlarımız tərəfindən hazırlanmış müxtəlif milli yeməklər və şirniyyatlar, Azərbaycan şirkətlərinin istehsal etdikləri məhsullar, çap materialları təqdim edilib. Mədəniyyət proqramı çərçivəsində milli geyimlərimiz də nümayiş etdirilib, konsert proqramında “Şuşanın dağları” mahnısının sədaları altında səfirliyin nəzdində fəaliyyət göstərən “Qarabağ inciləri” uşaq rəqs qrupunun ifası qonaqların sürəkli alqışları ilə qarşılanıb.

BƏƏ-nin nüfuzlu dövlət qəzeti olan ərəbdilli “Əl-İttihad” qəzetinin müxbirləri 2017-ci və 2018-ci illərdə müqəddəs Ramazan ayında qonağımız olub. Görüş zamanı ölkəmizin İslam dünyasının ayrılmaz hissəsi olduğu və ağır sınaqlara baxmayaraq, İslam adət-ənənələrini qoruduğu, yaşatdığı və gələcək nəsillərə ötürdüyü bildirilib, Azərbaycanda bu gün minlərlə məscidin olduğu və ölkədəki dini abidələrə dövlət tərəfindən xüsusi qayğı göstərildiyi diqqətə çatdırılıb. Görüşlər haqqında “Əl-İttihad” qəzetində məqalələr dərc edilib.

-Birləşmiş Ərəb Əmirliklərinin Baş Qadınlar İttifaqının rəhbəri Şeyxa Fatimənin təşkil etdiyi tədbirlərin iştirakçısı olaraq, bu kimi tədbirlərin ikitərəfli münasibətlərin inkişafına təsirinə dair fikrinizi öyrənmək istərdik.

-Birləşmiş Ərəb Əmirliklərinin Baş Qadınlar İttifaqı, Ailə İnkişafı Fondunun sədri, Analıq və Uşaqlıq Ali Şurasının prezidenti, ölkənin birinci xanımı Şeyxa Fatimə bint Mübarək qadın və uşaq problemlərinin həlli istiqamətində böyük işlərə imza atıb. Keçən əsrin 90-cı illərində Şeyxa Fatimə qadınların Federal Milli Şurasına seçilməsinin təşəbbüskarı olub və əlamətdar haldır ki, bu gün həmin quruma məhz xanım başçılıq edir. Şeyxa Fatimə, eyni zamanda, qızlara pulsuz təhsilin verilməsini dəstəkləyir, bir çoxlarına xarici universitetlərdə təhsil almaq üçün təqaüdlər ayırır. BƏƏ-də və xarici ölkələrdə həyata keçirtdiyi işlərə görə Şeyxa Fatimə Dünya Səhiyyə Təşkilatı, UNICEF və digər mötəbər təşkilatların mükafatları ilə təltif olunub. Onun BƏƏ-də keçirdiyi bütün mədəni və xeyriyyə tədbirlərində azərbaycanlı xanımlar fəallıq göstərirlər və yaranan imkanlardan istifadə edərək tədbir iştirakçılarına Azərbaycan həqiqətləri barədə məlumatlar verilir.

Sözügedən tədbirlərdən biri Şeyxa Fatimənin himayəsi ilə keçirilən Beynəlxalq Xeyriyyə Bazarı olub. Azərbaycan səfirliyi xeyriyyə bazarında milli guşə ilə təmsil olunub. Bu guşədə Azərbaycan turizmini əks etdirən suvenirlərlə yanaşı, məşhur Qarabağ xalçaları, kəlağayılar və milli-mədəni irsimizə aid digər nümunələr, o cümlədən milli kulinariyamıza xas yemək və şirniyyatlar da təqdim olunub. Qonaqlar Azərbaycan rəqsi və muğamından zövq aldıqlarını bildiriblər.

2017-ci il martın 15-25-də Şeyxa Fatimə bint Mübarəkin və rəhbərlik etdiyi BƏƏ Baş Qadınlar İttifaqının təşəbbüsü ilə keçirilmiş Xeyirxah Ananın Xeyirxahlığı festivalı çərçivəsində təşkil edilmiş mədəniyyət gecəsində ilk dəfə olaraq səfirlik və Azərbaycan icmasının üzvləri də iştirak ediblər. Gecədə Azərbaycanın milli rəqsləri, o cümlədən “Yallı”, “Sarı gəlin” kimi milli mədəni və musiqi xəzinəmizin nümunələri tamaşaçıların zövqünü oxşayıb.

Tədbirdə Azərbaycan mədəniyyəti və musiqisi barədə ətraflı bəhs edilib, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə dünyanın bir sıra ölkələrində Azərbaycan mədəniyyəti gecələrinin keçirildiyi vurğulanıb. Sözügedən festivalda fərqləndiyi üçün səfirlik BƏƏ-nin birinci xanımı Şeyxa Fatimə tərəfindən fəxri diplomla və mükafatla təltif olunub.

Əbu-Dabidən başqa, Dubay, Şarca, Əcman, Ummal Kuveyn, Əl-Ayn əmirliklərində yerli xanımların dövlət səviyyəsində təşkil etdiyi tədbirlərdə də iştirak etmişəm. BƏƏ ictimaiyyəti, həmçinin ölkədə akkreditə olunmuş diplomatlar və səfir xanımları Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə təhsil, səhiyyə, humanitar, inkişaf sahələrində həyata keçirdiyi genişmiqyaslı layihələr haqqında geniş məlumata malikdir. Buna görə də keçirilən bütün tədbirlərdə Mehriban xanımın Azərbaycanda və ölkəmizin hüdudlarında apardığı geniş fəaliyyət böyük marağa səbəb olur və alqışlanır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

 

https://azertag.az/xeber/Ulviyye_Sikarova_Tariximizi_ve_medeniyyetimizi_teblig_etmek_her_bir_azerbaycanlinin_borcudur-1215721?fbclid=IwAR3mgWvh-zL213Y2E7ll1LEAv0hJsA8Q8F_lzn-ihkEPvpvNR_94Lp2tUJY

Arxiv üzrə axtarış