Dubaydakı “Bakı” restoranında Azərbaycan Milli Mətbəxi Günü keçirilib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bütün ərazisində məşhur olan “BakuCafé Dubai” restoranında “Azərbaycan Milli Mətbəxi Günü” (National Cuisine Day of Azerbaijan) keçirilib. Tədbir Azərbaycanın BƏƏ-dəki Səfirliyinin və ölkəmizin Dubaydakı Baş Konsulluğunun dəstəyi ilə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov, Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov, Azərbaycanın ticarət nümayəndəsi Elnur Əliyev, dövlət təşkilatlarının və BƏƏ-də akkreditə edilmiş müxtəlif diplomatik missiyaların təmsilçiləri, Azərbaycan diasporunun üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirin çoxsaylı qonaqlarına Azərbaycan mətbəxinin çoxəsrlik tarixə malik ənənəvi yeməkləri, Azərbaycanda yerli təbii məhsullardan hazırlanıb BƏƏ-yə gətirilmiş ənənəvi şirniyyat növləri təklif edilib. Menyuda zəfəranlı plov, tikə kabab, dolma, həmçinin milli geyimli qadının elə oradaca bişirdiyi qutablar, bir sıra başqa ləziz milli yeməklər vardı.
Dubaydakı “Bakı” kafesinin baş meneceri Musa Sadıqovun AZƏRTAC-a verdiyi məlumata görə, Dubayda “Azərbaycan Milli Mətbəxi Günü” keçirilməsi Azərbaycanın zəngin mədəniyyətinin, adət-ənənələrinin və əlbəttə, milli mətbəximizin ölkə hüdudlarından kənarda təbliğ edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu həm də Azərbaycan icması üçün ölkəmizin mədəniyyətinin qorunub saxlanması baxımından böyük əhəmiyyətə malikdir və belə tədbirlər həmvətənlərimizin görüşüb ünsiyyət qurması üçün münasib məkandır. M.Sadıqov deyib: “Azərbaycan çoxəsrlik ənənələrə malik olan zəngin ölkədir və bizim əsas məqsədimiz ölkəmizi, onun qədim ənənələrini, həmçinin yüksək qiymətləndirilən Azərbaycan mətbəxini məşhurlaşdırmaqdır. Azərbaycan həm də özünün qonaqpərvərliyi ilə məşhurdur və belə tədbirlərin keçirilməsi yerli ictimaiyyətin xalqımızı tanıması üçün daha bir fürsətdir. Hazırda bizim əsas vəzifəmiz ölkəmizi Dubayda və bütün Əmirliklərdə təbliğ etməkdir, qoy insanlar bizim mədəniyyətimizlə, adət-ənənələrimizlə daha yaxından tanış olsunlar, onu anlasınlar, bizim insanların necə xeyirxah və qonaqpərvər, milli yeməklərimizin necə dadlı olduğunu bilsinlər”.
Baş menecer onu da vurğulayıb ki, oktyabrın 21-də Dubayda Azərbaycan restoranının açılmasından düz bir il keçir. Bu qısa müddətdə həmin restoran həm Əmirlikdə yaşayan Azərbaycan vətəndaşları, həm də əcnəbilər arasında çox populyarlaşıb. M.Sadıqov xüsusi qeyd etdi ki, restorana dünyanın müxtəlif guşələrindən qonaqlar gəlir, ərəblər özləri də bizim gözəl mətbəximizlə tanış olur və tədricən onun pərəstişkarlarına çevrilirlər.
Qonaqlar yekdilliklə qeyd ediblər ki, Azərbaycan mədəniyyəti, Azərbaycan ənənələri onların böyük marağına səbəb olur və bu cür tədbirlər Azərbaycanı, onun mehriban və qonaqpərvər xalqını daha yaxından tanımaq üçün yaxşı fürsətdir. Onlar qeyd ediblər ki, Azərbaycan mətbəxinin yeməkləri son dərəcə ləzzətlidir, Dubayda təşkil edilmiş “Milli mətbəx günü” isə ağzının dadını bilənlər və Azərbaycan milli mətbəxinin pərəstişkarları üçün əsl bayram oldu. Tədbir iştirakçıları vurğulayıblar ki, Azərbaycan mətbəxinin geniş çeşidli və bənzərsiz nümunələrini dadmaqdan özünü saxlamaq çox çətindir, buna görə təsadüfi deyil ki, Azərbaycan artıq neçənci ildir qastronomik turistlər üçün ən populyar istiqamətlərin ilk beşliyinə daxildir.
AzərTac
Tədbirlə bağlı Azərbaycan Dövlət Televiziyasının videoreportajını təqdim edirik.