BƏƏ mətbuatında səfir Daşqın Şikarovun Azərbaycanın Müstəqillik Günü ilə bağlı məqaləsi dərc olunmuşdur
16 oktyabr 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərində böyük oxucu auditoriyasına mailik olan ərəb, ingilis, rus və çin dilli “Aviamost” qəzetində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarovun “Azərbaycanın Müstəqillik Günü” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Səfir məqalədə 18 oktyabr tarixində Azərbaycanın Müstəqillik Gününü qeyd etdiyini bildirmiş, 27 il bundan öncə uzun illər müstəqillik həsrətində olan Azərbaycan xalqı qarşısında duran bütün çağırışlara tab gətirərək, 18 oktyabr 1991-ci il tarixində müstəqillik haqqında konstitusiya aktını qəbul etdiyini vurğulamışdır.
Yazıda müstəqilliyin qorunub-saxlanmasının onun əldə edilməsindən daha çətin vəzifə olduğunun tarix tərəfindən sübuta yetirildiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan 20-ci əsrdə iki dəfə müstəqillik qazanmaq imkanı əldə etmişdir. İslam dünyası və Şərqdə 1918-ci ilin 28 may tarixində qurulmuş ilk dünyəvi demokratik dövlət cəmi 23 ay yaşamış, xarici qüvvələrin müdaxiləsi səbəbindən süquta yetmişdir. Azərbaycan Demokratik Respublikası dünyanın 20-dən çox ölkəsi ilə əlaqələr qurmuş, dövlətin rəsmi simvolları və Azərbaycan vətəndaşlığı haqqında əsasnamə qəbul edilmiş, kişi və qadınların bərabər hüquqlara malik olmaları tanınmışdır. İcra, qanunvericilik və məhkəmə hakimiyyətlərinin tam müstəqilliyi təmin olunmuş, Azərbaycan Silahlı Qüvvələri, Xəzər donanması yaradılmış, Bakı Universiteti təsis edilmiş, yüzlərlə gəncə Avropanın aparıcı universitetlərində təhsil almaq üçün təqaüdlər ayrılmışdır.
Müəllif vurğulamışdır ki, Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan müstəqilliyini bərpa etmək üçün yenidən imkan əldə etmişdir. 1991-ci il Azərbaycan üçün mürəkkəb, lakin şərəfli il olmuşdur. Həmin dövrdə xalqın ağrısı, qəzəbi, gözləntiləri ən yüksək nöqtəyə çatmışdır. Bu həmin insanlar idi ki, ardı kəsilməyən nümayişlərdə iştirak etmiş, 1990-cı ilin yanvar qırğını ilə üz-üzə gəlmişdi. Lakin sovet tankları müstəqilliyə aparan yolun qarşısını ala bilməmişdir. Yüzlərlə oğul-qızını qurban verən Azərbaycan yeni həyata, yeni reallıqlara qədəm qoymuşdur. Nəhayət Azərbaycan Parlamenti 18 oktyabr 1991-ci il tarixində dövlət müstəqilliyinin bərpa olunması haqqında konstitusiya aktını qəbul etmişdir. Sənədə əsasən Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş ADR-in varisi elan edilmişdir. Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarına bərabər hüquqlar zəmanəti verilmişdir.
Məqalədə 29 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında konstitusiya aktının dəstəyi barəsində ümummilli referendumda xalqın 95 faizinin iştirak edərək yekdilliklə ölkənin müstəqilliyini dəstəklədiyi bildirilmiş, müstəqilliyini elan etmiş Azərbaycanın dünya ölkələri, o cümlədən BƏƏ tərəfindən tanındığı, 2 may 1992-ci ildə Azərbaycanın BMT-nin üzvlüyünə qəbul edildiyi bidirilmişdir.
D.Şikarov məqaləsində ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yüksək templərlə inkişaf etdiyini vurğulamışdır. Qeyd etmişdir ki, təbii sərvətlərlə zəngin olan Azərbaycan enerji resurslarını Avropaya ixrac edir və bu regionun enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Əlverişli coğrafi yerləşməsindən məharətlə istifadə edən ölkə rəhbərliyi Azərbaycanı Cənub və Şimalı, Şərq və Qərbi birləşdirən nəqliyyat qovşaqına çevirə bilmişdir. 10 milyon əhalisi olan Azərbaycan Cənubi Qafqaz regionunda nüfuz sahibi, regionda əsas sərmayəçi ölkədir. Bütün bunlar iqtisadi, sənaye, infrastruktur, kənd təsərrüfatı, idman və turizmin inkişafı ilə müşahidə olunur.
BƏƏ mətbuatında nəşr olunmuş məqalədə Azərbaycanın öz xarici siyasətini ölkə maraqları üzərində qurduğu, Avropa və Asiyanın siyasi sərhədində yerləşərək, hər iki qitənin siyasi strukturlarına inteqrasiya olduğu qeyd olunmuşdur. Bildirilmişdir ki, Azərbaycan Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi təşkilatların üzvüdür və 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olmuşdur.
D.Şikarovun yazısında yaxın dostluq və səmimi münasibətdə olan Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin ikitərəfli və çoxtərəfli formatda geniş əməkdaşlıq etdiyi bildirlmişdir. İki ölkə arasında hüquq-müqavilə bazasını təşkil edən siyasət, diplomatiya, iqtisadiyyat, ticarət, maliyyə, mədəniyyət, ədliyyə və digər sahələrdə bir sıra sənədlərin imzalandığı qeyd olunmuşdur.
Müəllif bildirmişdir ki, Azərbaycan və BƏƏ liderləri, həmçinin yüksək səviyyəli dövlət rəsmiləri arasında səfər mübadiləsi ikitərəfli münasibətləri gücləndirir, siyasi dialoqu təmin edir və ikitərəfli əməkdaşlığın təşviqinə xidmət edir. İki ölkə arasında ticarət mübadiləsi ildən ilə artır, Azərbaycan Hava Yolları, BƏƏ-nin Ettihad, Flydubay və Air Arabia hava yolları tərəfindən iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi, fiziki və hüquqi şəxslərin müxtəlif beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakı xalqlar arasında münasibətlərin, turizm və ticarət əlaqələrinin güclənməsinə xidmət edir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar.
https://www.aviamost.ae/en/independence-day-azerbaijan