BƏƏ mətbuatında Azərbaycanın Birinci vitse-prezidenti barədə məqalə
Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu kütləsinə malik gündəlik “Əl-Fəcr” ərəbdilli qəzetinin 26 avqust nömrəsində qəzetin baş redaktoru Ş.Basselin müəllifi olduğu “Mehriban Əliyeva...səxavət, vətən eşqi və vətən övladlarına dəstək uğrunda uzun bir yol” adlı geniş məqalə dərc olunmuşdur.
Məqalədə Mehriban Əliyevanın dövlət və ictimai xadim kimi fəaliyyətindən, Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafında, xalqın mədəni irsinin qorunmasında, Azərbaycanın dünyada müsbət imicinin möhkəmlənməsində böyük xidmətlərindən bəhs edilir, onun mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələr qeyd olunur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın siyasət, iqtisadiyyat, səhiyyə, idman və mədəniyyət kimi sahələrin inkişafında mühüm rol oynadığını qeyd edən müəllif, göstərdiyi diqqət, qayğı, vətən sevgisi, təvazökarlığı və tolerantlığı sayəsində milyonların sevgisini qazandığını qeyd etmişdir.
Mehriban xanım Əliyevanın yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik olduğu qeyd olunan məqalədə onun ziyalı bir ailədə doğulub və tərbiyə aldığı diqqətə çatdırılmış, babası Mir Cəlal Paşayevin Azərbaycanın görkəmli ədəbiyyat xadimi, tanınmış yazıçısı, anası Aidə İmanquliyevanın isə görkəmli şərqşünas alimlərindən biri olduğu, bütün bunların Mehriban xanımda şeirə, musiqiyə və incəsənətə böyük maraq və sevgi yaratdığı qeyd olunur. Birinci xanım insanların, xüsusən də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə nail olub, onlar üçün firavan yaşayışın təmin olunmasında böyük rol oynayıb.
Müəllif 2004-cü ildə təsis olunmuş və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan və Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun xətti ilə cəmiyyətin müxtəlif sahələrinin inkişafına mühüm töhfələr verdiyini, uşaqlar və onların problemlərinin həllinə böyük diqqət və qayğı ilə yanaşdığını, yeni məktəblərin, xəstəxanaların, musiqi məktəblərinin, talassemiya mərkəzinin və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgələrinin yaradılmasına nail olunduğunu qeyd etmişdir.
Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən müəllif, onun klassik Azərbaycan xalq musiqi janrı olan Muğamın təşviqində əvəzsiz xidmətlər göstərdiyini, paytaxt Bakıda Muğam Mərkəzi inşa etdirdiyini, Muğam janrının bir çox ölkələrdə təbliğinə və tanıdılmasına nail olunduğunu diqqətə çatdırmışdır.
Ş.Bassil Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanda dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edildiyini, Qəbələdə hər il caz musiqi festivalının keçirildiyini, bir sözlə onun Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verdiyini oxucuların diqqətinə çatdırmışdır.
Heydər Əliyev Fondunun dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynadığını, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr verdiyini qeyd edən jurnalist Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradıldığını, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpa işləri həyata keçirildiyini bildirmişdir.
Müəllif Azərbaycan şifahi xalq ədəbiyyatının, milli irsinin, mədəniyyət və musiqisinin qorunması və inkişafında göstərdiyi səylərin nəticəsi olaraq Mehriban xanım Əliyevanın 2004-cü ildə UNESCO-nun, İslam dünyasının müxtəlif sahələrində xidmətlərinin nəticəsi olaraq 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyünü diqqətə çatdırmışdır.
Mehriban Əliyevanın Azərbaycanda idman sahəsinin inkişafına da xüsusi diqqət yetirdiyini qeyd edən müəllif onun 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildiyini, Bakının 2003-2004-cü illərdə beynəlxalq gimnastika yarışlarına ev sahibliyi etdiyini bildirmiş, 2015-ci ildə Azərbaycanın Birinci Avropa Oyunlarına, həmçinin həmin il bədii gimnastika üzrə beynəlxalq kubok yarışına uğurla ev sahibliyi etməsində birinci xanımın müstəsna rolu və xidmətləri olduğunu vurğulamış və Azərbaycanın dünyada idman ölkəsi kimi tanıdılmasına mühüm töhfələr verdiyini xüsusi qeyd etmişdir.
Azərbaycanın dünyada mühüm idman ölkələrindən biri kimi tanındığını qeyd edən müəllif Azərbaycanın 12-22 may 2017-ci il tarixlərində IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdiyini və xanım Mehriban Əliyevanın həmin oyunların təşkilat komitəsinin sədri kimi oyunların uğurla və böyük müvəffəqiyyətlə təşkil olunmasında misilsiz xidmətləri olduğunu vurğulamışdır.
21 fevral 2017-ci il tarixində Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasinın 1-ci vitse-prezidenti təyin edildiyinə diqqət çəkən müəllif bu qərarın Azərbaycan rəhbərliyinin Mehriban xanıma olan etimadının və Azərbaycan xalqının ona olan dəyərin hörmət və rəğbətinin təcəssümü kimi qiymətləndirmişdir.
Ş.Bassil göstərdiyi səylərə görə Mehriban xanım Əliyevanın bir çox ölkələrin və beynəlxalq təşkilatların, o cümlədən Fransanın “Şərəf Legionu” ordeni, Pakistanın “Hilal-e Pakistan” ali ordeni, Serbiya və Macarıstanın dövlət mükafatları, Rusiya Beynəlxalq Xeyriyyə Təşkilatının “Yaqut xaç” mükafatı, Dünya Səhiyyə Təşkilatı mükafatı, Avropa Olimpiya Komitəsinin Ali Ordeni, “Qızıl ürək” beynəlxalq mükafatı, Polşanın ali fərqlənmə ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Küveytin fəxri diploma ilə və digər yüksək orden və medallarla təltif olunduğunu diqqətə çatdırmışdır.
Məqalə Azərbaycan xalqının ölkənin inkişafı və tərəqqisi naminə gördüyü işlərlə fəxr hissindən doğan sevinclə Mehriban xanım Əliyevanın doğum gününü onunla birlikdə qeyd etdiyi, bu günü xeyir, sülh və insanlıq sevən bayram kimi dəyərləndiyi barədə fikirlə yekunlaşır.
Məqalənin orijinalı ilə aşağıdakı keçiddən tanış olmaq olar.
https://www.alfajr-news.net/details/مهربان-علييفا..مسيرة-طويلة-من-العطاء-وعشق-للوطن-ودعم-أبنائه