2018-05-22

BƏƏ-nin Əl-İttihad qəzetində çıxan məqaləyə dair

BƏƏ-nin ən nüfuzlu dövlət qəzeti olan ərəbdilli “Əl-İttihad” qəzetinin 21 may 2018-ci il tarixli sayında “Azərbaycanda Ramazan adət və ənənələri” mövzusunda məqalə dərc olunmuşdur.

Müqəddəs Ramazan ayında Azərbaycan səfirinin evində qonaq olduğunu qeyd edən Əl-İttihad qəzetinin müxbiri Azərbaycan xalqının Ramazan adət-ənənləri ilə tanış olduğunu qeyd etmişdir.

Cənubi Qafqaz regionunda yerləşən Azərbaycanın 158 ölkə ilə diplomatik əlaqələr qurduğunu və 38 beynəlxalq təşkilata üzv olduğunu qeyd edən Azərbaycan səfirinin xanımı Ülviyyə Şikarova Azərbaycan əhalisinin 95%-dən çoxunun müsəlmanlardan ibarət olduğunu diqqətə çatdırmış, əhalinin Azərbaycan dilində danışdığını və qədim adət və ənənələrə malik olduğunu bildirmişdir.

Ramazan ayında nifaqa, ixtilafa, son qoyuduğunu, küsülülərin barışdığını qeyd edən xanım Ülviyyə Şikarova bu müqəddəs ayda qonşuları, yaxın qohum əqrabanı, dünayadan köçənlərin qəbirlərini ziyarət etdiklərini, kimsəsiz ailələrə əl tutduqlarını diqqətə çatdırmış və iftar süfrələri açdıqlarını, kasiblara və xüsusi qayğıya ehtiyacı olan insanlara yardımlar etdiklərini bildirmişdir.

Ramazan axşamlarında yaşlı nəsilin Qurandan ayələr tilavət etdiyini, oxunan surə və ayələrin mənasının uşaqlara açıqlandığını, təravih namazının qılındığını, dualar və ibadətlər edildiyini vurğulayan xanım Ü.Şikarova Azərbaycanda dövlət səviyyəsində Heydər Əliyev Fondu tərəfindən müxtəlif tədbirlər keçirildiyini nəzərə çatdırmış, Fondun Prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə kasıblara və yetimlər evinə yemək və paltarlar paylanıldığını, fondun kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlara il ərzində böyük diqqət və maraq göstərdiyini və hətta fondun bəzi müsəlman ölkələrində humanitar layihələr icra etdiyini bildirmişdir.

Azərbaycanın müsəlman şərqində ilk demokratik respublika olduğunu bildirən xanım Ü.Şikarova ölkəsinin islam dünyasının ayrılmaz hissəsi olduğunu və ağır sınaqlara baxmayaraq, islam adət-ənənələrini qoruduğunu, yaşatdığını və gələcək nəsillərə ötürdüyünü bildirərək, Azərbaycanda bu gün minlərlə məscid, mədrəsənin olduğunu və ölkədəki dini abidələrə dövlət tərəfindən xüsusi qayğı göstərildiyini diqqətə çatdırmış, televiziyada dini proqramların, dini film və serialların yayımlandığını və dini motivli verlişlərin üstünlük təşkil etdiyini qeyd etmişdir.

Ramazan adət-ənənələrinə toxunan xanım Ü.Şikarova Azərbaycanda qədim tarixə malik adət-ənənələrin olduğunu bildirərək, Ramazan ayı ərzində ailənin milli paltarlar geyinərək iftar süfrəsi ətrafında birləşdiyini, qohumların ziyarət edildiyini, məscidlərdə ibadətlər edildiyini, bir sözlə dini və milli ruhda müxtəlif tədbirlər həyata keçirildiyini vurğulamışdır.

Oruc tutanların oruclarını su və xurma ilə açdıqlarını, sup və daha sonra plov, yarpaq dolması kimi Azərbaycan milli mətbəxinə məxsus ləziz yeməklərlə davam etdiklərini bildirən və hər bir Azərbaycan qadınının gözəl əl qabiliyyətinə və xüsusi məharətə malik olduğunu qeyd edən xanım Ü.Şikarova özü və ailəsi BƏƏ-ni ikinci vətən hesab etdiklərini, burada insan yaradıcılığı və innovasiyası üçün əlverişli şərait olduğunu və bütün bunların insanda xüsusi zövq formalaşdırdığını xüsusi qeyd etmişdir.

Sonda müəllif xanım Ü.Şikarovanın Ramazan ayını müxtəlif ərəb və Avropa ölkələrində keçirdiyini, lakin BƏƏ-nin onun qəlbində xüsusi yeri olduğunu qeyd edərək, müqəddəs ay ərzində BƏƏ-də keçirilən xeyriyyə tədbirlərinin, dini ayinlərin digər ölkələrdən fərqləndiyini, burada insanlara, xüsusilə də diqqət və qayğıya ehtiyacı olan insanlara tam fərqli yanaşıldığını və atılan bu cür humanist addımların insana sanki başqa bur dünya bəxş etdiyini bildirmişdir.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

http://www.alittihad.ae/details.php?id=38613&y=2018

 

Arxiv üzrə axtarış