2018-05-15

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü Birləşmiş Ərəb Əmirliklərində təntənə ilə qeyd edilmişdir

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində möhtəşəm St. Regis mehmanxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Səfirlik tərəfindən təşkil olunmuş tədbirdə ali qonaq qismində BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Yaqub Yusif Al Husayni, ölkənin hökumət təşkilatlarının yüksək vəzifəli rəsmiləri, şeyxa Fatimə bint Mübarəkin başçılıq etdiyi Ali Qadınlar İttifaqının rəsmi nümayəndələri, səfirlər və diplomatik korpusun digər təmsilçiləri, ictimai və incəsənət xadimləri, beynəlxalq təşkilatlar və KİV nümayəndələri, sahibkarlar, həmçinin Azərbaycan icmasının nümayəndələri iştirak etmişdirlər.

 

Azərbaycanın və BƏƏ-nin dövlət himnləri ilə başlayan tədbirdə səfir Daşqın Şikarov açılış nitqi ilə çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, müsəlman Şərqində ilk demokratik respublikanın yaradıldığı zaman qarşıda duran çətinliklər və onların öhdəsindən gəlmək uğrunda o zamanın tarixi şəxsiyyətlərinin keçdiyi keşməkeşli yol, ADR müstəqilliyini itirənədək baş verən hadisələr barədə ətraflı məlumat vermişdir. Səfir 71 ildən sonra müstəqilliyini bərpa etməyə nail olmuş Azərbaycan Respublikasının müasir inkişaf tarixi barədə də danışaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və dünyada Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi naminə göstərdiyi xidmətlərdən, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionda və dünyada öz möhkəm və müstəqil mövqe qazanması, bütün sahələrdə əldə edilmiş inkişaf barədə ətraflı məlumat vermişdir. Səfir xoş təsadüf nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün Azərbaycan xalqının dahi lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi və BƏƏ-nin qurucusu Şeyx Zayed əl Nəhyanın 100 illiyi ilə üst üstə düşdüyünü qeyd etmişdir.

 

Azərbaycan və BƏƏ arasında əlaqələr barədə də qısa danışaraq, səfir bu münasibətlərin İslam Əməkdaşlıq Təşkilatının Mərakeşdə keçirilən tədbiri çərçivəsində Heydər Əliyev və şeyx Zayed Əl Nəhyanın görüşündən sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, dövlətlərarası münasibətlərin inkişafında və möhkəmləndirilməsində ölkələrimizin liderlərinin xüsusi rolunu vurğulamışdır. 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər yaradılandan sonra sürətlə inkişaf edən dostluq əlaqələrinin Azərbaycan və BƏƏ tarixində yeni mühüm səhifə açdığını vurğulayan Daşqın Şikarov, hər iki ölkənin uğurlu inkişaf yolu keçərək regionun mühüm dövlətlərinə çevrildiyini, bu illər ərzində münasibətlərin sürətlə inkişaf etdiyini, rəsmi şəxslərin çoxsaylı görüşləri, qarşılıqlı səfərlərinin həhyata keçirildiyini, müxtəlif tədbirlərin təşkil olunduğunu diqqətə çatdırmışdır. Səfir xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ildə BƏƏ-yə və BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla Əl Nəhyanın 2017-ci ilin mayında Bakıya rəsmi səfərinin ikitərəfli əlaqələr üçün yeni perspektivlər yaratdığını vurğulamış, Prezident İlham Əliyevin BƏƏ ilə əlaqələrə önəm verdiyini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Şeyxa Fatimə bint Mübarəkin ikitərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd etmişdir. Səfir çıxışında erməni işğalına toxunaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan torpaqların azad ediləciyini və novbəti bayramların Şuşada, Laçında qeyd olunacağına Azərbaycan xalqının əmin olduğunu bildirmişdir.

İkitərəfli iqtisadi əlaqələr barədə danışan səfir Daşqın Şikarov Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq üçün sağlam hüquqi bazanın yaradıldığını, ticarət, sərmayə, turizm və aviasiya sahəsində uğurlu əməkdaşlığın olduğunu, hazırda ölkələrimiz arasında Azərbaycan Hava Yolları, Etihad Hava Yolları, Silk Way, Flydubai və AirArabia aviaşirkətlərinin sərnişin və yük daşınması ilə məşğul olduğunu, birbaşa hava əlaqəsinin iqtisadi və ticarət əlaqələrinə töhfə verdiyini vurğulamış, həmçinin Azərbaycan məhsullarının BƏƏ bazarında daha çox tanıdılması və yayılması məqsədilə görülən işlər barədə məlumat vermişdir. Səfir məhz BƏƏ ilə əməkdaşlığa verilən xüsusi önəmin nəticəsi olaraq Azərbaycanın xarici ölkələrə göndərdiyi dörd ticarət nümayəndəsindən birinin də BƏƏ-yə təyin ediliyini diqqətə çatdırmışdır.

Tədbirdə qonaqlar Səbuhi İbayev, Ceyhun Muradov, Rəvanə Qurbanova və Kamal Nuriyevin iştirakı ilə muğam konsert proqramını dinləmiş, səfirliyin nəzdində fəaliyyət göstərən Qarabağ İnciləri qrupunun ifasında milli rəqsləri seyr etmişdirlər. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə şənlik davam etmişdir.

Tədbir çərçivəsində salonda Azərbaycanda istehsal olunan məhsulların və turizm xidmətlərinin sərgisi təşkil edilmiş, AZAL, SilkWay, Zakher Travel, Qazelli, Azersun, Bağdan, Badamlı və Sirab şirkətlərinin məhsulları nümayiş etdirilmiş, samovar və Azərbaycan çay çeşidlərindən, irnilərindən ibarət masa təşkil edilmiş, Azərbaycan incəsənət və mədəniyyətini təcəssüm etdirən suvenirlərdən, Azərbaycan, ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev, turistik məkanlar və digər turistik məlumatlar barədə kitab və çap materiallarından, İrs jurnalı və “Əbədi ezamiyyət” sənədli filminin disklərindən hazırlanmış hədiyyələr tədbir iştirakçılarına paylanılmışdır.

Tədbirdə iştirakçılara Azərbaycan, Ərəb və Avropa mətbəxlərindən yemək, içki və şirniyyatlar təqdim olunmuş, tədbir boyunca Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Ədəbi ezamiyyət” sənədli filmi, Azərbaycan və BƏƏ arasında rəsmi təmaslar, Azərbaycanın təbiəti, tarixi, görməli yerləri və s. barədə təbliğat videoçarxları nümayiş etdirilmişdir.

Tədbir zamanı Ali qonaq xarici işlər nazirinin müavini Yaqub Yusif Al Husayni Azərbaycan Dövlət Televiziyasının Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə xüsusi müxbirinə müsahibə vermişdir. Nazir müavini yüksək səviyyədə olan BƏƏ-Azərbaycan münasibətlərindən danışaraq, bu əlaqələrin  siyasi, diplomatik, iqtisadi, humanitar və digər sahələrdə dinamik inkişaf etdiyini vurğulamışdır. Yaxın keçmişdə Azərbaycana səfər etdiyini vurğulayan nazir müavini, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevlə görüşünün xatirələrini bölüşmüşdür.

Arxiv üzrə axtarış