2018-03-28

Daşqın Şikarov : Azərbaycan Respublikası və BƏƏ arasında qarşılıqlı anlaşma və etimada əsaslanan yüksək səviyyəli siyasi münasibətlər mövcuddur - Müsahibə

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında - BƏƏ arasında siyasi münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz? -Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı ildə BƏƏ-yə rəsmi səfəri, həmçinin digər olub. Səfər zamanı Prezident BƏƏ-nin rəsmi səfər və təmaslar nümayəndələri ilə görüşüb. Görüş ölkələr iki ölkə arasında qarşılıqlı fəaliyyətin münasibətlərin dərinləşməsinə necə təsir edib?


Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikəri arasında qarşılıqlı anlaşma və etimada əsaslanan yüksək səviyyəli siyasi münasibətlər mövcuddur. Ölkələrimiz arasında iİkitərəfli və çoxtərəfli formatda sıx əməkdaşlıqğı, yüksək səviyyəli siyasi dialoqun mövcudluğu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək sözügedən əlaqələri təşkil edən amillərdəndir. Mütəmadi xarakter daşıyan müxtəlif səviyyəli qarşılıqlı səfər mübadiləsi, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr platforması iki dost ölkələrimiz arasında siyasi və diplomatik əlaqələrin inkişafına xidmət edir. 2016-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin BƏƏ-yə səfəri və səfər çərçivəsində Abu Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed əl Nəhyanla görüşü ölkələrimiz arasında əlaqələrin inkişafına təkan vermişdir. Qeyd olunmalıdır ki, 2017-ci il də qarşılıqlı səfərlər baxımından çox məhsuldar olmuşdur. Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanında Abu Dabinin vəliəhdi ilə görüşü, AR Baş nazirinin müavini Əli Əhmədovun, xarici işlər naziri Elmar Məmmədyarovun, daxili işlər naziri Ramil Usubovun, iqtisadiyyat naziri Şahin Mustafayevin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, gənclər və idman naziri Azad Rəhimovun, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, SOCAR-ın prezidenti Rövnəq Abudllayevin və digər rəsmi şəxslərin BƏƏ-yə, həmçinin BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla Bin Zayed Bin Nəhyanın, BƏƏ Prezidentinin ədliyyə və dini məsələlər üzrə müşaviri əl Sayid Əli bin əl Sayidin, Müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd əl Bavardinin, Xarici xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın və digər yüksək vəzifəli rəsmilərin Azərbaycana səfərləri ölkələr arasında əməkdaşlıq münasibətlərin inkişafı, gündəlikdə duran məsələlərin müzakirəsi və yeni əməkdaşlıq məsələlərinin təşəbbüs edilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etmişdir.


-Son zamanlar, BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı daha da artmaqdadır. Bununla yanaşı BƏƏ-li sərmayədarların ölkəmizə investisiya qoymaq niyyətləri barədə məlumatlar alırıq. Sizcə BƏƏ-li sərmayədarlar üçün Azərbaycanda hansı sahələr daha çox cəlbedici ola bilər?


Məmnuniyyətlə bildirmək istərdim ki, 2017-ci il böyük potensiala malik olan Azərbaycan-BƏƏ iqtisadi əlaqələri üçün bir sıra tədbirlərlə əlamətdar olmuşdur. BƏƏ tərəfinin verdiyi məlumata əsasən 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 200 milyon ABŞ dollarından artıq olmuşdur ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 3,5 dəfə çoxdur. Ticarət mübadiləsinin artmasına səbəb olan amillər kimi Azərbaycan Prezidentinin qeyri neft sektorunun inkişafı məqsədilə verdiyi tapşırıqların icrası çərçivəsində BƏƏ-nin Azərbaycan üçün prioritet bazar kimi müəyyən edilməsi, bununla əlaqədar bu ölkəyə təşkil edilən ticarət missiyaları, Gulfood, Arabian Travel Market, WOP Dubai, Sheikh Zayed Heritage Festival kimi beynəlxalq sərgi və tədbirlərdə iştirak, xidmətlərlə ticarətdə böyük pay olaraq artmaqda olan turist axınını göstərmək olar.

 

Azərbaycanda milli iqtisadiyyatın inkişafı məqsədilə həyata keçirilən strategiya nəticəsində ölkə iqtisadiyyatının liberallaşması, mövcud hüquq-normativ baza və sair bu kimi amillər ölkəmizdə cəlbedici investisiya mühiti yaratmışdır. Mövcud məlumatlara əsasən bir sıra Körfəz ölkələrindən olan sərmayədarlar Azərbaycanda inşaat və daşınmaz əmlak sahəsinə sərmayə yatırır. Fikrimizcə BƏƏ-li iş adamları üçün də Azərbaycanda daşınmaz əmlak, infrastruktur, turizm sahəsində 3, 4 və 5 ulduzlu mehmanxanaların inşası, eyni zamanda kənd təsərrüfatı cəlbedici sahələrdəndir. Məlum olduğu kimi BƏƏ kənd təsərrüfatı və ərzaq məhsullarının böyük əksəriyyətini idxal edir. Bununla yanaşı Körfəz ölkələrinin idxal etdiyi eyni məhsullar da Dubay şəhərinin logistik imkanlarından istifadə edilməklə daşınır. Əksər iqlim qurşaqlarının mövcud olduğu Azərbaycanda bir çox kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün gözəl münbit şərait var, hazırda məhsullarımız BƏƏ-də sevilir və ərəb turistlərini Azərbaycanda cəlb edən əsas amillərdən biri də ərzaq və dadlı mətbəximizdir. Bunu nəzərə alaraq səfirlik Azərbaycanda sərmayə imkanlarının təşviqi məqsədilə keçirdiyi görüşlərdə BƏƏ-li investorları Azərbaycanda kənd təsərrüfatı sahəsinə sərmayə yatırmağa və öz kapitalları ilə yetişdirilən məhsulları BƏƏ-yə idxal etməyə təşviq edir. Xam məhsulun BƏƏ-yə daşınaraq buradakı azad ticarət zonalarında, yaxud Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında yaradılmaqda olan azad iqtisadi zonada emal edilməsi və hazır məhsul kimi üçüncü ölkələrə ixrac edilməsi məqsədilə birgə müəssisələrin yaradılması da perspektivli sahələrdəndir. Eyni zamanda BƏƏ sərmayədarlarının Bakı ətrafında azad iqtisadi zonaların yaradılmasına, Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına, ölkədə yaşayan və səhiyyə sahəsində böyük biznes imkanları olan hindistanlı iş adamlarının Azərbaycanda xəstəxana inşası və işlədilməsi sahəsinə cəlb edilməsi perspektivli görünür. Məhz bu səbəbdən hazırda BƏƏ iş adamları Azərbaycanın daşınmaz əmlak, kənd təsərrüfatı, turizm, qida məhsullarının emalı sahələrinə, həmçinin Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına maraq göstərirlər.


- BƏƏ-dən olan turistlər son zamanlar Azərbaycana daha çox maraq göstərirlər. Məlumatlara görə Azərbaycan BƏƏ turistləri tərəfindən tələbatın çox olduğu ilk beşliyə daxildir. Ərəblərin Azərbaycanda daha çox xoşladığı amillər hansılardır?

 

Məlumdur ki, qeyri-neft sektorunun əsas sahələrindən biri olan turizmin inkişafına dair Prezident cənab İlham Əliyevin verdiyi qərar və tapşırıqlar nəticəsində ərəb ölkələri arasında ölkəmizin turistik cəlbediciliyi daha da artmışdır. BƏƏ-dən olan böyük turist axını Azərbaycan turizm sektorunun və bütövlükdə iqtisadiyyatın inkişafına xidmət etməklə yanaşı, digər sahələrdə ikitərəfli əlaqələrə də müsbət təsir edir. Rəsmi statistikaya görə 2017-ci ildə BƏƏ-dən Azərbaycana 106500 nəfər turist səfər edib. Rəsmi statistikanın aparılma qaydalarını nəzərə alsaq bu göstəricinin yalnız ölkənin cəmi 10%-ni təşkil edən BƏƏ vətəndaşlarına aid edildiyini demək olar. Lakin BƏƏ-dən Azərbaycana istirahətə gedənlərin böyük hissəsi ölkədə daimi yaşayıb-işləyən Hindistan, Pakistan, Filippin, Misir, İordaniya və bir sıra digər ölkələrin vətəndaşlarıdır. Bu fakt BƏƏ-dən Azərbaycana gedən turistlərin xeyli çox olduğunu deməyə əsas verir. Təkcə BƏƏ vətəndaşları olan turistlərin sayı 2015-ci illə müqayisədə 45 dəfədən çox artmışdır. Əminəm ki, cari ilin 2 mart tarixindən etibarən ölkənin siyasi mərkəzi olan və yerli ərəblərin daha çox məskunlaşdığı Abu Dabi əmirliyindən Bakıya açılmış birbaşa reyslər, həmçinin cari ilin 27 iyun tarixindən başlayacaq Şarja-Qəbələ uçuşları bu göstəricilərin daha çox artmasına gətirib çıxaracaq.

 

Sualınıza gəlincə bildirmək istəyirəm ki, turizmin inkişafı məqsədilə həyata keçirilən tədbirlər, təşkil olunan bir çox mədəni, humanitar, iqtisadi və idman tədbirləri nəticəsində Azərbaycanın Şərq ölkələri üçün olduğu kimi, Qərb ölkələri üçün də cəlbediciliyi artmışdır. BƏƏ-dən olan turistləri Azərbaycana cəlb edən əsas səbəb bir yox, bir neçə amilin toplusudur. Buna coğrafi yaxınlıq, birbaşa uçuş, gözəl şəhər infrastrukturu, xizəkçilik, ovçuluq, dağlıq təbiət yerlərinə qısa müddətdə getmək imkanı, həmçinin dadlı, halal mətbəxi aid edərdim. Ərəblərin xüsusiyyətinə nəzər saldıqda onların ani qərar verib qısa müddətdə yaxın ölkələrdən birinə gedib istirahət etməyə meylli olduqlarını, maliyyə imkanlarından asılı olmayaraq bu planlarını çətinləşdirə biləcək viza, birbaşa uçuşun olmaması kimi hər hansı çətinlikdən qaçdıqlarını müşahidə etmək olar. Məsələn, Abu Dabi şəhərindən Dubay aeroportuna 160 kilometr, Şarja aeroportuna isə 190 kilometr məsafə, müvafiq olaraq 2-2,5 saatlıq avtomobil yolu var. Dubaydan və Şarjadan hər həftə Bakıya 40-dan çox təyyarə uçur. Bununla belə Abu Dabidə yaşayan ərəblər Bakı barədə nə qədər çox eşitsələr, Azərbaycana getməyə nə qədər maraqlı olsalar da, Abu Dabidən birbaşa uçuş olmadığı üçün Dubay və ya Şarja üzərindən Azərbaycana istirahət səfəri planlaşdırmağa həvəs göstərmirdilər. Abu Dabi-Bakı birbaşa uçuşlarının açılması üçün məhz bu səbəbdən bu qədər səy göstərir və ruhdan düşmədən təkrar görüşlər keçirir, danışıqlar aparırdıq. Artıq bu xətt üzrə uçuşlar fəaliyyətə başlayıb. Uçuşları həyata keçirən Etihad hava yollarına uçuşların rentabelliliyi barədə təqdim etdiyimiz arqumentlərimizdə ilkin olaraq həftədə üç dəfə olaraq açılmış reyslərin tezliklə artırılmasının labüd olacağını bildirirdik. Hazırda bu marşrut üzrə təyyarələr tam dolu gedir və üzü yaya getdikcə, bilet tapmaq daha da çətinləşir. Odur ki, aviaşirkətin tezliklə uçuş sayını artıracağına əminəm.

 

- Növbəti sualımız elə Abu Dabi-Bakı hava əlaqəsi barədə idi. Bu marşruta maraq nə yerdədir? Hansı perspektivlər görünür?


Zənn edirəm sualınıza artıq qismən cavab verdim. Bir daha qeyd etmək istərdim ki, BƏƏ kimi ölkələrlə turist mübadiləsinin artmasında birbaşa hava əlaqəsinin mövcudluğu zəruri amildir. Artıq qeyd edildiyi kimi Dubay və Şarja şəhərlərindən Bakıya Azərbaycan Hava Yolları, Fly Dubai və Air Arabia şirkətlərinin uçuşlarına əlavə olaraq, Etihad hava yollarının Abu Dabi-Bakı xətti üzrə uçuşları işə başlayıb. Bununla yanaşı Fly Dubai şirkəti Dubaydan Qəbələ şəhərinə uçuşlar həyata keçirir, Air Arabia şirkəti isə cari ilin 27 iyun tarixindən Air Arabia Şarja-Qəbələ uçuşlarına başlayacaq. Abu Dabi-Bakı marşrutu üzrə birbaşa uçuşlar bizim üçün çox vacib idi. Qeyd olunduğu kimi Abu Dabi ölkənin siyasi mərkəzi, yerli ərəblərin daha çox məskunlaşdığı əmirlik olmaqla yanaşı, ölkənin neft ehtiyatlarının böyük əksəriyyətinin məhz bu əmirlikdə olması, bu səbəbdən də burada böyük şirkətlərin, investisiyaların, kapitalların toplaşması Abu Dabini iqtisadi nöqteyi-nəzərdən çox vacib edir. Məsələn Abu Dabi İnvestisiya Müdiriyyəti dünyada ən böyük investisiya fondlarından biridir və portfeli 900 milyard ABŞ dollarına çatır. Birbaşa reyslərin açılması məqsədilə səylər göstərdiyimizin əsas səbəblərdən biri də turist mübadiləsi ilə yanaşı uçuşların siyasi, iqtisadi və investisiya əlaqələrinə də müsbət təsir edəcəyi idi. Ümid edirəm yaxın illərdə bu uçuşların iki ölkə arasında digər sahələrdə də əlaqələrin inkişafına təkan verdiyini müşahidə edə biləcəyik.

 

Turist mübadiləsinə gəlincə, birbaşa təyyarə əlaqəsi zəngin müştəri potensialı olan Abu Dabidən Azərbaycana turist cəlb etməklə yanaşı, Azərbaycanlı turistlər üçün də yeni istiqamət açmış oldu. Qeyd etmək istəyirəm ki, Abu Dabi əmirliyi hazırda turizm infrastrukturuna böyük investisiyalar yatırmaqdadır. Burada yerləşən möhtəşəm Şeyx Zayed məscidi, Luvr muzeyi, Ferrari World, Yas Water World, Warner Brothers kimi əyləncə şəhərcikləri, çimərliklər, müxtəlif seqmentlərdə mehmanxanalar və restoranlar, formula 1 və digər avtomobil idman yarışları, müxtəlif dünya şöhrətli ulduzların konsertləri və sair kimi tədbirlər Abu Dabinin turistik cəlbediciliyini artırır. Digər tərəfdən həftədə mindən çox reyslə 120-dən artıq istiqamətə uçan, dünyanın ən aparıcı hava yolları şirkətlərinin beşliyində qərar tutan Etihad hava yollarının imkanları vətəndaşlarımız, iş və turistik məqsədlərlə Azərbaycana gedib-gələnlər üçün alternativ tranzit imkanları yaratmışdır.

 

- Cənab səfir, siz Pakistan İslam Respublikasında səfir olduğunuz zaman Pakistan senatı Xocalı soyqırımını tam qətliam kimi tanıyıb. Bu Birləşmiş Ərəb Əmirliklərində də gözlənilirmi?

 

Qeyd etdiyiniz kimi 1 fevral 2012-ci il tarixində Pakistan İslam Respublikasının qanunverici orqanı olan Senat Xocalı hadisələrini soyqırımı kimi tanımış, Azərbaycanın işğal olunmuş ərazilərinin BMT TŞ-nın qətnamələrinə əsasən tam və qeyri-şərtsiz azad edilməsini tələb etmiş və eyni zamanda Xocalı soyqırımında təqsirli bilinənlərin məsuliyyətə cəlb edilməsini tələb etmişdir. Azərbaycan torpaqlarını işğal altında saxladığına görə Ermənistanı dövlət kimi tanımayan, həm xalqı, həm də dövləti tərəfindən Azərbaycana xüsusi məhəbbət bəsləyən Pakistandan ancaq belə yanaşma gözlənilə bilər. Birləşmiş Ərəb Əmirlikləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən ölkədir. Tərəf müqabillərimizlə müxtəlif səviyyələrdə keçirilən bütün görüşlərdə bir daha Azərbaycan həqiqətləri, ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımı haqqında, eyni zamanda, sözügedən soyqırımına bir sıra ölkələr tərəfindən hüquqi qiymət verilməsi barədə məlumatlar verilir. Bu münaqişənin həlli üçün müsəlman ölkələrinin vahid mövqedən çıxış etməsinin son dərəcə vacib olduğu vurğulanır. Bu istiqamətdə işimizi davam etdiririk.


-Bir müddət öncə Bakıda Azərbaycan Respublikasının BƏƏ-dəki Səfiriliyinin və BƏƏ-nin Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə "Bakı-Abu Dabi Dostluq Körpüsü " İctimayi Birliyi təsis edildi. Bu İB-nin perespektivini necə görürsünüz?


Azərbaycan Respublikasının yürütdüyü xarici siyasət prioritetlərindən bəlli olduğu kimi ölkəmiz bütün ölkələrlə əməkdaşlığa önəm verir və beynəlxalq aləmdə mövqeyini möhkəmlətməyə çalışır. Diplomatik nümayəndəliklərimiz də daxil olmaqla Dövlətimizin müvafiq qurumları ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü bu xarici siyasətin həyata keçirilməsi naminə səylə çalışır. Təbii ki, dövlət təşkilatları ilə yanaşı xaricdə diaspora təşkilatlarımız və Azərbaycanlı icmaları, jurnalistlərimiz, ictimai birliklərimiz və ümumiyyətlə Azərbaycanı sevən hər bir vətəndaşımız və soydaşımız bu siyasətin həyata keçirilməsində bacardığı işi görməlidir. Bu səbəbdən "Bakı-Abu Dabi Dostluq Körpüsü” ictimai birliyinin yaradılmasını və onun qarşıya qoyduğu məqsədləri alqışlayırıq. Ümidvaram ki, birliyin fəaliyyəti Azərbaycan və BƏƏ arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, xüsusən gənclər arasında təmasların artırılmasına yönəlmiş konkret tədbirlərlə zəngin olacaqdır. Fürsətdən istifadə edib birliyə fəaliyyətində uğurlar arzulayıram.


http://www.yenizaman.az/v5/w73131/.../#.WrtDMIhuaUm

Arxiv üzrə axtarış