Paris-Sorbon Abu Dabi Universitetində keçirilmiş beynəlxalq mədəniyyət və kulinariya festivalında Azərbaycan təmsil olunmuşdur.
Dünyanın aparıcı ali təhsil ocaqları arasında nüfuzlu yer tutan Paris-Sorbon Abu Dabi Universtitetinin ənənəvi olaraq hər il keçirdiyi beynəlxalq mədəniyyət günü bu il beynəlxalq qadınlar gününə həsr olunmuşdur. 8 mart 2018-ci il tarixində universitetdə 40-dan çox ölkənin təmsilçiliyi ilə keçirilmiş tədbirdə Azərbaycanın incəsənəti, milli paltarları və rəqsləri, həmçinin zəngin mətbəximizin ləziz nümunələri nümayiş etdirilmişdir. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin xanımı Ülviyyə Şikarova və səfir müavini Leyla Süleymanovanın təşkilatçılığı ilə tədbirdə Azərbaycanın iştirakı çərçivəsində qurulmuş stenddə ölkəmizə dair müxtəlif çap materialları, musiqi və incəsənət nümunələri yerləşdirilmiş, kulinariya bölümündə Azərbaycan masasında nümayiş etdirilən plov, dolma, şəkərbura, paxlava, qoğal, həmçinin Azərsun şirkətinin mürəbbə və içkiləri, Xurcun şirkətinin qoz-fındıq və çərəzləri iştirakçılara ikram edilmiş, tədbirin milli paltarlar və rəqslər hissəsində universitetdə təhsil alan Azərbaycanlı tələbələr Məryəm Bağırova, Tomris İsmayılzadə, İranə Hüseynova, həmçinin BƏƏ-də yaşayan soydaşımız Nəsrin Elnurqızının ifasında Azərbaycan milli paltarları və rəqsləri nümayiş etdirilmişdir. Rəqslərin nümayişi zamanı səhnədə quraşdırılmış böyük ekranda Bakı və Azərbaycanın görməli yerləri, ölkəmizdə keçirilən böyük tədbirlər və s. kimi cəlbedici görüntüləri əhatə edən videoçarx təqdim olunmuşdur. Azərbaycan stendində həmçinin torpaqrlarımızın Ermənistan tərəfindən işğalı, bunun nəticəsində bir milyondan çox insanın qaçqın və köçgün düşməsi, Azərbaycanın təbiət və mədəniyyətinə dəyən zərər, iqtisadi ziyan, məscidlərin və tarixi abidələrin dağıdılması barədə məlumatlar da yerləşdirilmişdir.
BƏƏ-də akkreditasiya olan bir sıra ölkələrin səfirləri ilə birgə mədəni proqramları izləyən universitetinin rektoru Erik Fuaşe Azərbaycan səfirliyinə və tələbələrinə ayrıca minnətdarlıq ifadə etmiş, universitetin mədəni və sosial həyatında Azərbaycanlı tələbələrin fəal iştirakından çox məmnun qaldığını bildirmişdir.