Abu-Dabidə keçirilən xeyriyyə sərgi-yarmarkasında Azərbaycan da təmsil olunub
Abu-Dabidə keçirilən “Asia-Pacific Food and Crafits Bazaar” Asiya və Sakit okean ölkələrinin qida və incəsənət xeyriyyə-yarmarkasında Azərbaycan geniş təmsil olunub. Tədbir Azərbaycan, Çin, Cənubi Koreya, Pakistan, Qazaxıstan, İndoneziya, Banqladeş, Filippin və digər ölkələrin səfirlikləri tərəfindən təşkil edilib.
Ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən hazırlanan “Azərbaycan” pavilyonu dünyanın müxtəlif ölkələrindən olan ziyarətçilərdə böyük maraq doğurub. Burada müxtəlif milli yeməklər və şirniyyatlar, Azərbaycan şirkətlərinin istehsal etdikləri məhsullar, o cümlədən kompot, mürəbbə, çay, həmçinin kəlağayı və digər suvenirlər, çap məhsulları təqdim edilib. Ziyarətçilərə Azərbaycanın tanınmış “Gazelli” kosmetika şirkətinin məhsulları da təklif olunub.
Səfirliyin əməkdaşları ziyarətçiləri Azərbaycan reallıqları barədə məlumatlandırıblar. Pavilyonun qonaqlarına BƏƏ-də və digər ərəb ölkələrində yaxşı tanınan “Zakher travel” turizm kompaniyasının broşürləri, “İrs” jurnalının nüsxələri və digər çap məhsulları paylanıb.
“Azərbaycan” pavilyonunun təşkilatçısı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin xanımı Ülviyyə Şikarova bildirib ki, respublikanın diplomatik nümayəndəliyi bütün xeyriyyə tədbirlərində, o cümlədən aparıcı Asiya ölkələrinin diplomatik missiyalarının qatıldığı bu aksiyada daim böyük məmnuniyyətlə iştirak edir. Bu tədbirlərdə ölkəmizin zəngin mədəniyyəti, kulinariya ənənələri, xalq musiqisi nümayiş olunur, ictimaiyyətə xalqımızın adət-ənənələri barədə ətraflı məlumat verilir. Onun sözlərinə görə, sərgi-yarmarkada satışdan toplanmış bütün vəsait ehtiyacı olanlara kömək üçün göndəriləcək. Sevindirici haldır ki, Azərbaycan bu xeyriyyə aksiyasına öz töhfəsini verir.
Parlaq mədəniyyət proqramı çərçivəsində aksiyada iştirak edən ölkələrin milli geyimləri nümayiş etdirilib.
Tədbir iştirakçı ölkələrin milli rəqslərindən ibarət konsert proqramı ilə başa çatıb. “Şuşanın dağları” mahnısının sədaları altında rəqs edən Azərbaycanın “Qarabağ inciləri” uşaq rəqs qrupunun ifası qonaqların sürəkli alqışları ilə qarşılanıb.
Sərgidə BƏƏ-nin paytaxtında yaşayan Azərbaycan diasporunun nümayəndələri fəal iştirak ediblər.