20 Yanvar faciəsinin ildönümü Birləşmiş Ərəb Əmirliklərində qeyd olunub
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin, Dubay və Şimal əmirliklərindəki baş konsulluğunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Səfir Daşqın Şikarov çıxışında 20 Yanvarı xarici müstəmləkə zəncirlərindən qurtuluş, azadlıq və müstəqilliyə qovuşmaq yolunda Azərbaycan xalqının müqavimət hərəkatı, tariximizdə əbədi həkk olunmuş şərəfli bir gün və xalqın qürur simvolu adlandırıb.
Daha sonra baş konsul Pərviz İsmayılzadə çıxış edərək günahsız insanların qətli ilə nəticələnmiş bu qanlı gecənin əsl azərbaycanlı kimliyini, xalqımızın məğlubedilməzliyini bir daha sübut etdiyini vurğulayıb. O, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman yad ediləcəyini vurğulayıb.
Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev 20 Yanvar faciəsinin Azərbaycan xalqının öz Vətəni və torpaqları uğrunda mübarizə aparmağa hər an hazır olduğunu göstərdiyini bildirib.
Tədbirdə digər çıxış edənlər Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, prinsipial siyasət nəticəsində Azərbaycan həqiqətlərinin bütün dünyaya yayıldığını söyləyiblər. Bu çətin və məsuliyyətli işdə Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi çalışdığı diqqətə çatdırılıb.
Sonda xarici ölkələrdəki Azərbaycan icmaları üçün ingilis dilində hazırlanmış “20 Yanvar” adlı film nümayiş olunub.
Tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin, SOCAR-ın Dubay ofisinin, Azərbaycan diasporunun Dubay şəhərindəki nümayəndələri, BƏƏ-də təhsil alan tələbələr, yerli KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
https://www.youtube.com/watch?v=radbQMmmtsM&feature=youtu.be