2017-12-20

Səfir Daşqın Şikarov 2018-ci ildən Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək Etihad Hava Yollarının vitse-prezidentini qəbul edib

20 dekabr 2017-ci il Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Etihad Airways şirkətinin vitse-prezidenti Amer Xanı səfirlikdə qəbul edib.

 

Amer Xan əsasən uzun məsafəli uçuşlara üstünlük verən Etihad Hava Yollarının 2018-ci ilin mart ayının 2-dən etibarən Abu Dabi-Bakı reysinin açılması barədə qərarının səfirliyin təşəbbüsü və çoxsaylı səyləri nəticəsində mümkün olduğunu bir daha diqqətə çatdırıb. O, qısa müddət öncə Bakıda olduğunu və onun gözəlliyinə valeh qaldığını, şəhər və insanların çox xoş təəssürat yaratdığını qeyd edib. Vitse-prezident reyslərin həyata keçirilməsinə qədər görüləcək işlər, şirkətin rəsmilərinin Bakıya çoxsaylı səfərlərinin planlaşdırıldığı barədə məlumat verib. 

 

Səfir qeyd olunan reysin açılması ilə bağlı görülmüş işlər və keçirilmiş görüşlər, şirkətin öncələr bu istiqamətdə maraqlı olmadığı barədə məlumat verib, nəhayət ki, artıq həyata keçiriləcək reyslərin cəlbediciliyinin artırılması barədə müzakirələr aparılmasının çox sevindirici hadisə olduğunu diqqətə çatdırıb. O, görüşdən bir gün öncə səfirliyin məsul əməkdaşının şirkətin hökumət qurumları ilə iş üzrə nümayəndəsi ilə görüşdüyünü, Etihad Hava Yollarının Bakıya uçuşları ilə bağlı səfirliyin göstərə biləcəyi konsulluq və digər məsələlər üzrə dəstək barədə müzakirə apardığını bildirib.

D.Şikarov dünyanın ən yaxşı beş hava yolları şirkətlərindən olan Etihad Airways şirkətinin Bakıya birbaşa reyslərə başlamasının qürur hissi yaratdığını bildirib, qısa müddət fəaliyyətdən sonra reyrləsinin sayının artırılacağına əminliyini ifadə edib. O, Azərbaycan rəhbərliyinin uğurlu siyasəti nəticəsindən ölkənin inkişaf etdiyini, Bakı ilə yanaşı ölkənin bir çox görməli yerlərinin olduğunu, Fly Dubai şirkətinin Qəbələyə də uçuşlar həyata keçirdiyini, BƏƏ-dən olan turistlərin Azərbaycanın müxtəlif yerlərində istirahət etdiyini bildirib. Səfir Azərbaycanın Naxçıvan Muxtar Respublikasının xüsusi gözəlliyə malik olduğunu, burada zəngin və əsrarəngiz təbiətlə yanaşı çoxlu tarixi abidələrin, Quranda adı keçən Əshabi Kəf mağarasının, Duzdağ, Batabat gölü kimi təbiət möcüzələrinin mövcudluğunu vurğulayaraq, gələcəkdə Etihad Hava Yollarının Naxçıvana uçuşların həyata keçirilməsinin nəzərdən keçirməsini təklif edib, Naxçıvanın zəngin potensialını nəzərə alaraq bu reyslərin BƏƏ turistləri tərəfindən böyük maraqla qarşılanacağına əminliyini də diqqətə çatdırıb.

D.Şikarov Azərbaycanın Dubay əmirliyi ilə iqtisadi və turizm əlaqələrinin inkişaf etdiyini, lakin Abu Dabi əmirliyində istər qeyd olunan, istərsə də mədəni, təhsil və səhiyyə sahələrində əməkdaşlıq üçün potensialın yüksək olduğunu, səfirliyin Abu Dabi ilə əlaqələrin inkişafına xüsusi diqqət ayırdığını bildirərək  birbaşa uçuşların bu sahədə görülən tədbirlərə xüsusi töhfə verəcəyini və yeni imkanlar yaradacağını da vurğulayıb.

Görüşdə Abu Dabi-Bakı reyslərinin açılması ilə bağlı əlavə tədbirlər, ilk reysin həyata keçiriləcəyi gün Abu Dabi və Bakıda keçiriləcək mərasimlər və bununla əlaqədar digər məsələlər müzakirə olunub.

Arxiv üzrə axtarış