2017-12-12

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Birləşmiş Ərəb Əmirliklərində anılmışdır.

10 dekabr 2017-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Abu Dabidə yerləşən “Intercontinental” mehmanxanasında keçirilmiş tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Abu Dabidəki səfirliyinin və Dubaydakı baş konsulluğunun, SOCAR-ın, BƏƏ-dəki Azərbaycan icmasının və yerli ictimaiyyət nümayəndələrinin, Abu Dabidə təhsil alan Azərbaycanlı tələbələrin, yerli KİV təmsilçilərinin və digər qonaqların iştirak etdiyi anım mərasimində çıxış edən səfir Daşqın Şikarov ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə danışıb. Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi barədə geniş danışan səfir məhz Heydər Əliyevin vətəninə və xalqına hədsiz sevgi və sədaqəti kimi şəxsi keyfiyyətlərinin, müxtəlif yüksək vəzifələrdə fəaliyyəti zamanı əldə etdiyi idarəçilik təcrübəsi və inkişaf məsələlərində strateji yanaşmasının ölkəmizin dərin tənəzzüldən çıxmasına şərait yaratdığını vurğulayıb. Səfir, dahi rəhbərin səyləri nəticəsində Sovet İttifaqının geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycanın çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoyduğunu, ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət aldığını, kənd təsərrüfatı istehsalının dəfələrlə artdığını, yüzlərlə yeni sənaye müəssisəsi inşa edildini vurğulayıb.

Azərbaycanın gələcək siyasi müstəqilliyinin möhkəm iqtisadi təməlinin məhz həmin illərdə yaradıldığını bildirən səfir keçmiş SSRİ məkanında ittifaq büdcəsindən dotasiya almayan iki respublikadan birinin də Azərbaycan olmasının bunun əyani sübutu olduğunu diqqətə çatdırıb. O, Heydər Əliyevin rəhbərliyi illərin Azərbaycanın tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan verdiyini, tarixi ənənələrinin, dilinin qorunmasına şərait yaratdığını qeyd edib.

Sonra səfir D.Şikarov Azərbaycanda 1992-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn qüvvələrin səriştəsizliyi nəticəsində ölkədə hökm sürən hərc-mərcliyin, xaosun ölkəmizi fəlakət həddinə gətirib çıxardığını təəssüflə xatırlatdı. Ermənistandan qaçqın axınının, Sumqayıt fitnəkarlığının, 20 Yanvar qırğınının, xalqımızın maddi və mənəvi sərvətlərinin talan edilməsinin, Xocalı soyqırımının, torpaqlarımızın 20 faizinin işğalının və insanlarımızın yerindən-yurdundan didərgin salınmasının Azərbaycanı diz çökdürməyə yönələn böyük planın mərhələ-mərhələ həyata keçirilməsinin nəticələri olduğunu vurğuladı.

Səfir qonaqların diqqətini hadisələrin təhlükəli miqyasına yönəldərək o vaxt çoxlarının Azərbaycanın bu qədər böyük təhlükələrdən qurtula biləcəyinə və müstəqilliyini qoruyub saxlayacağına inanmadığını, lakin Heydər Əliyevin bizim hamımızın canlı şahidi olduğumuz vətəndaş hünəri, siyasətçi qəhrəmanlığı, tarixinin gedişini dəyişdiyini və Azərbaycan üçün yazılmış ssenariləri alt-üst etdiyini xüsusi qeyd edib, 1993-cü ildə xalqın israrlı Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycanın uçurumun bir addımlığından dönə bildiyini vurğulayıb.

Daşqın Şikarov ulu öndərin “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir” haqda kəlamını xatırlayaraq, bu dahi fikirlərin ümummilli liderin o dövrdəki fəaliyyətinin əhəmiyyətini çox dəqiq ifadə etdiyini qonaqların diqqətinə çatdırdı. Ulu öndərin 1993-2003-cü illərdəki rəhbərliyi dönəminə nəzər salan səfir vurğuladı ki, bu illər ərzində Azərbaycanda demokratik dəyərlər bərqərar olmuş, ictimai-siyasi sabitlik yaranmış, islahatlar geniş vüsət almış, həyatın bütün sahələrində misli görünməyən inkişaf başlamış, məhz ulu öndərin uzaqgörənliyi və qlobal düşüncə qabiliyyəti hesabına enerji, nəqliyyat və digər sektorlarda öz müstəsna aktuallığını bu gün bariz şəkildə göstərən milli strategiyalar işlənib hazırlanmışdır. Həmin strategiyalar milli iqtisadiyyatımıza on milyardlarla dollar xarici kapital axmasını təmin etmişdir.

Ümummilli liderin uğurlu xarici diplomatiyası barədə də dolğun məlumat verən səfir diqqətə çatdırdı ki, bu uğurlu siyasi kurs və inkişaf xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və zənginləşdirilir. Son 14 il ərzində ölkəmizin keçdiyi dinamik inkişaf yolu, böyük geostrateji əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələri buna əyani sübutdur.

Ulu öndərin parlaq xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını və əbədi yaşayacağını vurğulayan D.Şikarov qeyd etdi ki, Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dahi şəxsiyyətin zəngin irsinin yetişən nəsillərə ötürülməsi kimi ali vəzifənin öhdəsindən layiqincə gəlir və Heydər Əliyev irsinin qəlblərdə daima yaşamasında əvəzsiz rol oynayır.

Tədbirdə çıxış edən səfir müavini Leyla Süleymanova ümummilli liderin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycanın maraqlarını bütün imkanlardan istifadə edərək qorudğunu, ölkəmizin davamlı tərəqqi və inkişaf yolu tutduğunu bildirdi. O, dahi rəhbərin Azərbaycan xalqı və dövlətçiliyi qaşısında ən böyük xidmətinin Azərbaycançılıq ideyasının yaradılması, sevdirilməsi və inkşaf yoluna qoyulması olduğunu qeyd etdi. L.Süleymanova ulu öndərin əziz xatirəsinin hər bir Azərbaycanlının qəlbində xüsusi yerə malik olmasını, soydaşların tədbirdə toplaşmasının məhz bunun əyani sübutu olduğunu vurğuladı. Səfir müavini Heydər Əliyevin ideyalarının bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, onun rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatların, əldə olunan yüksək nəticələrin müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratdığını xüsusi qeyd etdi.

Sonra çıxış edən Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə Heydər Əliyev irsinin, siyasi həyatının Azərbaycan xalqı tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs etdi. Qeyd olundu ki, dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad iradəsi ilə hər şeyi yerinə qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan yüksək nəticələr Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradır.

Daha sonra çıxış edən “SOCAR Trading” şirkətinin Dubay ofisinin təmsilçisi Maqsud İbrahimov dahi rəhbər Heydər Əliyev ideyalarının ölkəsindən uzaqda yaşayan həmvətənlərimizin bu gün də bir-biri ilə sıx təmasda olmalarına xidmət etdiyini, ulu öndərin əziz xatirəsinin özünü Azərbaycanlı hesab edən və Azərbaycançılıq ideyalarına sadiq hər kəsin qəlbində xüsusi yerə malik olmasını diqqətə çatdırdı.  

Sonra Azərbaycan Dövlət Televiziyası tərəfindən ulu öndərin Azərbaycançılıq ideologiyasının yaradılması, xaricdə yaşayan Azərbaycanlılara və diasporaya verdiyi xüsusi diqqət barədə hazırlanmış film nümayiş etdirildi.

Çıxışlar və filmin seyrindən sonra qonaqlar üçün ulu öndərin xatirəsinə ehsan süfrəsi açıldı. Ümummilli lider Heydər Əliyev barədə Birləşmiş Ərəb Əmilriklərində çap olunmuş kitabın nüsxələri tədbir iştirakçılarına paylanıldı.

 

Arxiv üzrə axtarış