Abu Dabidə Emirates Palace otelinde Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə və Azərbaycanın müstəqillik gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
Abu Dabidə Emirates Palace otelinde Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə və Azərbaycanın müstəqillik gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibtələrin qurulmasının 25-ci ildönümü, həmçinin Azərbaycan Respublikasının Müstəqillik Günü BƏƏ-nin paytaxtı Abu Dabidə təntənəli mərasimlə qeyd olunub. Azərbaycanın BƏƏ-dəki Səfirliyi və Dubay şəhərindəki Baş Konsulluğu tərəfindən ölkənin ən nüfuzlu Emirates Palace mehmanxanasında təşil olunmuş tədbirdə BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Əhməd Sari Əl Məzrui, ölkənin hökumət təşkilatlarının yüksək vəzifəli rəsmiləri, şeyxa Fatimə bint Mübarəkin başçılıq etdiyi Ali Qadınlar İttifaqının nümayəndələri, səfirlər və diplomatik korpusun digər təmsilçiləri, ictimai və incəsənət xadimləri, beynəlxalq təşkilatların və KİV nümayəndələri, sahibkarlar, habelə Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Azərbaycanın və BƏƏ-nin dövlət himnləri ilə başlayan tədbirdə səfir Daşqın Şikarov açılışı nitqi ilə çıxış edərək iki ölkə arasında diplomatik münasibətlərin tarixi barədə qısa məlumat verib, bu münasibətlərin İslam Əməkdaşlıq Təşkilatının Mərakeşdə keçirilən tədbiri çərçivəsində Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev və BƏƏ-nin qurucusu şeyx Zayed Əl Nəhyanın görüşündən sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, dövlətlərarası münasibətlərin inkişafında və möhkəmləndirilməsində ölkələrimizin liderlərinin xüsusi rolunu vurğulaylıb. Səfir 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər yaradılandan sonra sürətlə inkişaf edən dostluq əlaqələrinin hər iki ölkənin tarixində yeni mühüm səhifə açdığını qeyd edib. Daşqın Şikarov hər iki ölkənin uğurlu inkişaf yolu keçərək regionun mühüm dövlətlərinə çevrildiyini, bu illər ərzində münasibətlərin sürətlə inkişaf etdiyini, rəsmi şəxslərin çoxsaylı görüşləri, qarşılıqlı səfərlərinin həhyata keçirildiyini, müxtəlif tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb. Səfir xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ildə BƏƏ-yə və BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla Əl Nəhyanın 2017-ci ilin mayında Bakıya rəsmi səfərinin ikitərəfli əlaqələr üçün yeni perspektivlər yaratdığını vurğulayıb. Səfir Prezident İlham Əliyevin BƏƏ ilə əlaqələrə önəm verdiyini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Şeyxa Fatimə bint Mübarəkin ikitərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edib.
İkitərəfli iqtisadi əlaqələr barədə danışan səfir Daşqın Şikarov Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq üçün sağlam hüquqi bazanın yaradıldığını, ticarət, sərmayə, turizm və aviasiya sahəsində uğurlu əməkdaşlığın olduğunu deyib. O, hazırda ölkələrimiz arasında “Azərbaycan hava Yolları”, “Silk Way”, “Flydubai” və “AirArabia” aviaşirkətlərinin sərnişin və yük daşınması ilə məşğul olduğunu, 2018-ci ilin mart ayının 2-dən etibarən BƏƏ-nin dövlət şirkəti olan “Etihad” hava yollarının da Abu Dabi və Bakı arasında birbaşa uçuşlara başlayacağını diqqətə çatdırıb.
Tədbirdə qonaqlar Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə BƏƏ-yə səfər etmiş Gülay Zeynalova, Sahib Paşazadə və Toğrul Əsədullayevin iştirakı ilə muğam triosunun konsert proqramını dinləyib, həmçinin ərəb folklor-rəqs qrupunun ifasında milli rəqsləri seyr ediblər.
Tədbir çərçivəsində salonda və “Emirates Palace” mehmanxanasının foyesində “İslam həmrəyliyi ili – istiqamət Azərbaycan” şüarı altında Azərbaycanda istehsal olunan məhsulların və turizm xidmətlərinin, həmçinin, Azərbaycan incəsənət nümunələrinin və Azərbaycan rəssamlarının sərgisi təşkil edilib. Ölkəmizin AZAL, SilkWay, Falcon Travel, Zakher Travel, Qazelli, Bağdan, Badamlı, Sirab, Azərilmə şirkətlərinin məhsullarından və suvenirlərindən, həmçinin Azərbaycan kəlağayıları və Azərbaycan, ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev, turistik məkanlar və digə turistik məlumatlar barədə kitab və çap materiallarından hazırlanmış hədiyyələr tədbir iştirakçılarına paylanılıb. Yaxın zamanlarda məhsullarını BƏƏ bazarına çıxarmağı planlaşdıran Azərbaycanın məşhur “Qazelli” şirkəti orijinal tərtibatlı stenddə ölkəmizin kosmetika məhsullarını tədbir iştirakçılarına təqdim edib. “Qazelli” brendinin stendini ziyarət edənlərə Azərbaycanda ilk və yeganə olan bu parfümeriya-kosmetika şirkəti barədə ətraflı məlumat verilib, şirkətin ölkəmizdə zəngin ehtiyatları olan bioloji aktiv, yüksək effektivliyə malik unikal inqrediyentlər əsasında məhsullar yaradılması və istehsalı ilə məşğul olduğu, danışılıb və məhsulalrdan ibarət Azərbaycandan məxsusi gətirilmiş hədiyyə yığmalara qonaqlara paylanılıb.
Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ etmək məqsədilə tədbir çərçivəsində “Sönməz məşəl” mədəni əlaqələr ictimai birliyinin (təşkilatın sədri Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyevadır) və Azərbaycan Prezidenti yanında qeyri-hökumət təşkilatlarına dəstək şurasının yardımçılığı ilə “Abu Dabidə Azərbaycan rənglər dünyası” adlı sərgi təşkil edilib. İstedadlı Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nərminə Vəliyevanın qeyri-adi əsərləri tamaşaçıların böyük marağına səbəb olub.
Uzun illər boyu Türkiyədə yaşayan həmvətənimiz, Konyadakı Səlcuq Universitetinin dosenti doktor İlham Ənvəroğlu da sərgidə öz unikal yaradıcılığını təqdim edib. Burada rəssamın hədsiz maraq doğuran 30 işi nümayiş etdirilib. Sərginin ziyarətçiləri bu işləri yüksək qiymətləndiriblər. Rəsm əsərlərinin bir neçə gün boyunca BƏƏ-də nümayiş etdirilir.
BƏƏ-nin Şarja-Bakı istiqamətində birbaşa uçuşlar həyata keçirən “Air Arabia” aviaşirkəti tədbirdə Şarja-Bakı-Şarja istiqamətində iki pulsuz aviabilet udmaq şansı verən lotereya keçirib. Tədbir boyunca doldurularaq məxsusi qutuya atılan formalardan ikisi tədbirin sonunda çəkilib və mükafat sahiblərinə təqdim edilib. Pulsuz biletlər qalib olan Malayziyanın BƏƏ-dəki səfirliyinin birinci katibi Məhəmməd Akmal və Şeyxa Fatimə Bint Mübarəkin protokol xidmətinin şefinə təqdim olunub.
Tədbirdə iştirakçılara Azərbaycan, Ərəb və Avropa mətbəxlərindən yemək, içki və şirniyyatlar təqdim olunub, tədbir boyunca Azərbaycan və BƏƏ arasında rəsmi təmaslar, Azərbaycanın təbiəti, tarixi, görməli yerləri və s. barədə təbliğat videoçarxları nümayiş etdirilib.