2017-05-30

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed əl Nəhyan Azərbaycana rəsmi səfər etmişdir

21-22 may 2017-ci il tarixlərində Azərbaycana rəsmi səfər edən Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed əl Nəhyan ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, dahi liderin abidəsi önünə əklil qoymuşdur. Nazir həmçinin Şəhidlər Xiyabanında olmuş, şəhidlərin məzarını ziyarət etmiş, Əbədi Məşəl abidəsinin önündə əklil qoymuşdur.

BƏƏ naziri səfər çərçivəsində Azərbaycan Respublikasının Örezidenti Zati-aliləri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qəbul edilmişdir.

Şeyx Abdullah bin Zayed Al Nahyanla keçirdiyi son görüşü məmnunluqla xatırlayan Prezident İlham Əliyev bildirdi ki, ötən müddət ərzində ölkələrimiz dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində böyük inkişafa nail olub. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yüksək səviyyədə və dinamik inkişafda olduğunu deyən dövlətimizin başçısı siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın çox yaxşı istiqamətdə inkişaf etdiyini vurğuladı. Abu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanla dünənki görüşünə toxunan Prezident İlham Əliyev bu görüşü ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə olan böyük qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirdi və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyanın ölkəmizə səfərinin də bu baxımdan əhəmiyyətli addım olduğunu dedi.

Şeyx Abdullah bin Zayed Al Nahyan Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin salamlarını Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırdı. İkitərəfli əlaqələrimizin inkişafından qürur duyduğunu deyən qonaq bu əlaqələrin genişləndirilməsində Prezident İlham Əliyevin liderliyinin əhəmiyyətli rolunu qeyd etdi.

Görüşdə son vaxtlar Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının xeyli artdığı vurğulandı, bunun ölkəmizdə olan əmin-amanlıq və qonaqpərvərliyin göstəricisi olduğu bildirildi.

Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, ixrac-idxal, ticarət, turizm, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə çatdırmağı xahiş etdi.

Səfər çəçrivəsində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov və Şeyx Abdullah bin Zayed əl Nəhyan arasında hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilmişdir. Nazirlər iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edərək, bir-birinin ərazi bütövlüyü və suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha qarşılıqlı hörmət və dəstək ifadə etdilər.

Nazirlər 1994-cü ildə Mərakeşin Kasablanka şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində mərhum Ulu Öndərlər Heydər Əliyev və Şeyx Zayed bin Sultan Əl Nəhyan arasında təşkil edilmiş tarixi görüşdə iki ölkə arasında əlaqələrin möhkəm bünövrəsinin qoyulduğunu və bundan sonra ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırdılar. Həmçinin Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev və Əlahəzrət Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın birgə səyləri ilə ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirildiyini əlavə etdilər.

Nazirlər 2009-cu ildə təsis edilmiş Hökumətlərarası Birgə Komissiyanın iqtisadiyyat, enerji, turizm, kənd təsərrüfatı, səhiyyə, logistika, investisilar, neft-kimya sənayesi, bankçılıq və maliyyə sahələri üzrə əməkdaşlıq üçün mövcud olan imkanların inkişaf etdirilməsində mühüm rol oynadığını bildirdilər.

Tərəflər Dubayın Cəbəl Əli limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq və təcrübə mübadiləsini təqdir etdilər.

Elmar Məmmədyarov BƏƏ vətəndaşlarına münasibətdə sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi və nəticə etibarilə, 2015-ci illə müqayisədə 2016-cı ildə BƏƏ-dən olan turistlərin sayında 30 dəfədən artıq artımın müşahidə olunmasını müsbət addım kimi qiymətləndirdi. Həmçinin həftəlik reyslərin sayının 30-a çatdığını, BƏƏ və Azərbaycanın şəhərlərini birlşdirən yeni uçuş reyslərinin açılmasının planlaşdırıldığı və bu kimi addımların iki ölkə arasında insanlararası və işgüzar təmasların artmasına daha da töhfə verəcəyini qeyd etdi.

Şeyx Abdullah bin Zayed Əl Nəhyan Azərbaycana səfərinin Azərbaycanın uğurla ev sahibliyi etdiyi və keçirdiyi İslam Həmrəylik Oyunlarının bağlanış mərasiminə təsadüf etməsindən məmnunluq ifadə etdi. O, bu oyunların İslam Ümmətində həmrəyliyin güclənməsinə öz töhfəsini verəcəyinə ümidvarlığını ifadə etdi. Elmar Məmmədyarov BƏƏ-dən olan idmançıların İslam Həmrəylik Oyunlarında uğurlu iştirakı münasibətilə həmkarını təbrik etdi.

Görüşdə nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar təbrik məktubu mübadiləsini həyata keçirdilər.

Görüşdə həmçinin "Azərbaycan Respublikasının Standartlaşdırma, Metreologiya və Patentləşdirmə üzrə Dövlət Komitəsi və Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma, metreologiya üzrə Əmirlik orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında Anlaşma Memorandumu" imzalandı.

Şeyx Abdulla bin Zayed əl Nəhyan Bakıda keçiilən 4-cü İslam Həmrəylik Oyunlarının təntənəli bağlanış mərasimində də iştirak etmişdir.

Səfər barədə qısa videosüjetlə tanış olun.

Arxiv üzrə axtarış