Səfir Daşqın Şikarov BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş ilə görüşüb
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov bu ölkənin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş ilə görüşüb.
Səfir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərini bağlayan dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib, Prezident İlham Əliyevin qardaş BƏƏ ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, yüksək səviyyəli səfər mübadilələri kontekstində BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun 2015-ci ilin aprelində Azərbaycana və dövlətimizin başçısının 2016-cı ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinə uğurlu rəsmi səfərlərini məmnunluqla xatırlayıb. Həmin səfərlərin qarşılıqlı əlaqələrin daha da inkişafına misilsiz töhfələr verdiyi vurğulanıb.
Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yer aldığını söyləyən Ə.Qarqaş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə maraqlı görüş keçirdiyini bildirib. O, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında müşahidə edilən hərtərəfli inkişafın və əldə edilən nailiyyətlərin onda dərin təəssüratlar yaratdığını nəzərə çatdırıb.
Səfir turizm sahəsində dinamik inkişafda olan əməkdaşlığa nəzər salaraq, Azərbaycan Prezidentinin BƏƏ vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi ilə bağlı iki mühüm qərarını xatırladıb və bu gün bu müdrik addımların bəhrəsinin rəqəm ifadəsində aydın göründüyünü qeyd edib. Diqqətə çatdırıb ki, 2016-cı ildə ölkəmizə 70 minə qədər BƏƏ vətəndaşı səfər edib və bu da ötən illərlə müqayisədə 30 dəfə artım deməkdir. Dubay və Şarcadan Bakıya həftəlik birbaşa uçuşlar 32-yə çatıb. İyun ayında isə “Fly Dubai” şirkəti tərəfindən Dubaydan BƏƏ vətəndaşlarının rəğbətini qazanmış Qəbələ rayonuna müntəzəm şəkildə birbaşa uçuşlar həyata keçiriləcək.
Ə.Qarqaş Azərbaycan Prezidentinin bu iki qərarını BƏƏ ilə əlaqələrin inkişafına verdiyi xüsusi əhəmiyyətin təzahürü kimi yüksək dəyərləndirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son durum barədə dövlət nazirinin sualını cavablandıran D.Şikarov fürsətdən istifadə edərək bu məsələdə tutduğu ardıcıl mövqeyə görə BƏƏ dövlətinə təşəkkürünü bildirib.
Münaqişə zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırımlarına toxunan səfir Xocalı soyqırımından söhbət açıb. Diqqətə çatdırıb ki, İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələr, ABŞ-ın bəzi ştatlarının qanunverici orqanları Xocalı faciəsini soyqırımı kimi tanıyıb. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına start verilib.
Görüşdə, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.