2017-04-24

Azərbaycan “ArabianTravel Market-2017” beynəlxalq turizm sərgisində iştirak edir

24 aprel 2017-ci il tarixində Dubay Beynəlxalq Ticarət Mərkəzində “Arabian Travel Market-2017” (ATM) illik beynəlxalq turizm sərgisi açılıb. Bu, ən böyük və nüfuzlu beynəlxalq sərgilərdən biridir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun himayəsi ilə keçirilən sərgi ölkənin turizm sənayesində mühüm hadisədir və bütün iştirakçılara daha sıx əlaqələrin qurulmasında, əməkdaşlıq haqqında sazişlərin bağlanmasında əlverişli imkan yaradır.

Azərbaycanı bu nüfuzlu sərgidə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Azərbaycan pavilyonunda 40 turizm şirkəti, o cümlədən “PASHA TRAVEL”, “Silk Way Travel/AZAL”, “Absheron Hotel Group”, “Falcon travel”, “Zakher Travel Azerbaijan”, “Аtlas Travel”, “Azerbaijan Convention Bureau/Baku Shopping Festival”, “Baku City Circuit” və digər məşhur şirkətlər təqdim olunub. Sərgidə həmçinin İçərişəhər Tarix-Memarlıq Qoruq İdarəsinin rəhbəri Əsgər Ələkbərov, idarənin və Azərbaycan Konvensiya Bürosunun rəsmiləri iştirak edib.

Sərgidə 150-dən çox ölkənin nümayəndələri iştirak edirlər. Turizm sahəsinin 40 mindən çox ekspert və mütəxəssisinin iştirakı gözlənilir. Ekspozisiyadakı 65 milli pavilyonda 2800 eksponent təqdim edilib. Sərgi günlərində 35 seminar və texnoloji sessiyanın keçirilməsi planlaşdırılır. Həmçinin 2,5 milyard dollardan artıq məbləğdə biznes əqdləri bağlanması gözlənilir.

Ölkəmizin BƏƏ-də səfiri Daşqın Şikarov və Dubayda baş konsulu Pərviz İsmayılzadə Azərbaycan pavilyonunun işi ilə tanış olub, iştirakla bağlı məsələlərlə maraqlanıblar.

Sərginin elə ilk günündə ölkəmizin ekspozisiyası çoxsaylı ziyarətçilərin, o cümlədən turizm bazarı peşəkarlarının və potensial turistlərin diqqətini cəlb edib. Azərbaycan stendində ölkəmizin ən məşhur turizm istiqamətləri barədə təkliflər, turizm potensialı və görməli yerləri haqqında müfəssəl məlumat əldə etmək olar.

Arxiv üzrə axtarış