2017-02-12

Azərbaycan Dubayda V Dünya Hökumətlər Sammitində təmsil olunur

Dubayda V Dünya Hökumətlər Sammiti (World Government Summit) işə başlayıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi ilə keçirilən Sammitdə dünyanın 139 ölkəsindən dörd minədək nümayəndə, o cümlədən tanımış ictimai-siyasi xadimlər, alimlər və ekspertlər iştirak edir.

Azərbaycanı Sammitdə ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və bu qurumun aparat rəhbəri Azad Cəfərli təmsil edirlər.

Təşkilatçıların fikrincə, bu tədbir xalqların rifahı naminə beynəlxalq hərəkata, regionda ən parlaq və mühüm hadisəyə, gələcəyin proqnozlaşdırılması üçün dünyada ilk meydançaya çevrilib. Sammit bütün bəşəriyyət naminə ən yaxşı gələcəyin layihələndirilməsi üçün tarixi imkan, xalqlar üçün ümid mənbəyidir.

Sammit iştirakçıları üç gün ərzində hökumətlərin və dövlət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparacaq, hökumətin gələcəyini necə görmələrindən danışacaqlar. Bu mühüm tədbirdə iqtisadiyyat, maliyyə, təhsil, səhiyyə, gənclər, texnologiyaların inkişafı, innovasiyalar, gələcək elmlər, dayanıqlı inkişaf, dövlət xidmətlərinin təkmilləşdirilməsi, habelə insanların yaşayışı ilə bilavasitə bağlı olan, dünyanın bütün ölkələrində cəmiyyətin müxtəlif təbəqələrinin mənafeyinə dair bir sıra mövzular müzakirə ediləcək.

BMT, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Davos Ümumdünya İqtisadi Forumu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası, Ərəb Dövlətləri Liqası və digər qurumlar Sammitin tərəfdaşlarıdır.

Arxiv üzrə axtarış