Səfir Daşqın Şikarov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini, daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyan arasında görüş keçirilib.
Görüşə görə təşəkkürünü bildirdikdən sonra səfir Azərbaycan-Ərəb Əmirlikləri əlaqələrinə toxunub. Qeyd edib ki, bu əlaqələrin xüsusən də siyasi tərkib hissəsi yüksək səviyyədədir. BƏƏ vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun 2015-ci ildə Azərbaycana rəsmi səfəri və 01-02 fevral 2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri yüksək siyasi əlaqələrin daha da möhkəmlənməsinə müstəsna töhfələr verib.
Ardınca D.Şikarov Azərbaycanın daxili işlər naziri general-polkovnik R.Usubovun Şeyx Seyf bin Zayedə salam və xoş arzularını çatdıraraq, cənab R.Usubovun onu ölkəmizdə görməyindən məmnun olacağını diqqətinə çatdırib və səfər mübadilələrinin qarşılıqlı əməkdaşlığın artmasının vacib ünsürlərindən biri olduğunu qeyd edib.
Sonra diplomat 1991-ci ildə bərpa etdiyimiz müstəqilliyin ilk illərində torpaqlarımızın Ermənistan tərəfindən işğal faktı və ölkədaxili ictimai-siyasi mənzərə haqqında ətraflı məlumatlar təqdim etdiyi zaman Baş nazirin müavininin diqqətini daxili işlər orqanlarının fəaliyyətinin və texniki təchizatının xeyli zəif olduğuna çəkib. Ancaq hələ SSRİ dövründə yüksək postlarla yanaşı, Azərbaycana rəhbərliyi ərzində əldə etdiyi geniş idarəçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışının daxili hərc-mərcliyə və sabitsizliyə son qoyduğunu özəlliklə qeyd edib.
Bu xüsusda, vurğulayıb ki, Ulu Öndər, həmçinin daxili işlər orqanlarına zəngin təcrübəyə malik kadrları cəlb etməyə başladı və 1994-cü ildə Daxili İşlər Nazirliyini 1970-ci ildən bəri bu sistemdə çalışan və çalışdığı müddətdə peşəkar göstəricilərə və yüksək nailiyyətlərə imza atan cənab Ramil Usubova həvalə etdi.
General-polkovnik Ramil Usubovun müstəqil Azərbaycanın Daxili İşlər Naziri olaraq, 22 illik çoxşaxəli fəaliyyətindən geniş söhbət açaraq, səfir həmin müddət ərzində ictimai asayışın, əmin-amanlığın və sabitliyin tam bərpa olunduğunu, eləcə də kriminogen durumun bütünlüklə nəzarət altında olduğunu xüsusilə qeyd edib. Daxili İşlər Nazirliyinin tabeliyində olan bütün strukturların peşəkar işinin və maddi-texniki təchizatının mükəmməl dərəcəyə çatdırıldığını, habelə müvafiq beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin daxili işlər orqanları ilə yüksək əməkdaşlıq və dostluq əlaqələrinin qurulduğunu həmsöhbətinin nəzərinə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda hərtərəfli inkişafın dinamik artımını vurğulayan səfir bununla bərabər, mürəkkəb coğrafi məkanda yerləşdiyimizi, ələlxüsus da respublikamızda əsrlər boyu müxtəlif etnosların kompakt yaşadığını əsas tutaraq, ictimai asayışın tamamən təmin olunduğunu, bir-biri ilə harmoniya və sülh içində yaşayan bütün etnosların Konstitusiya çərçivəsində öz hüquq və azadlıqlarından sərbəst şəkildə istifadə etdiklərini vurğulayıb və hüquq-mühafizə orqanlarının cəmiyyətimizdə mümkün neqativ halların əmələ gəlməsinin qarşısının alınması üçün müntəzəm qabaqlayıcı və profilaktik işlər gördüyünü qeyd edib. Eyni zamanda dövlətimizdə transmilli mütəşəkkil cinayətkarlığın məqsədlərinin üstünün dərhal açıldığı, daxili işlər orqanları tərəfindən əhali arasında maarifləndirmə tədbirlərinin daim aparıldığı xüsusilə qeyd edilib.
Öz növbəsində, Baş nazirin müavini Şeyx Seyf bin Zayed salam və xoş arzularına görə minnətdarlığını və onun salam və səmimi diləklərini cənab R.Usubova çatdırmağı xahiş edib. O, həmçinin Azərbaycanlı həmkarının dəvəti üçün təşəkkürünü ifadə edərək, böyük məmnuniyyətlə Azərbaycana səfər edəcəyini vəd edib.
Baş nazirin müavini cənab R.Usubovun rəhbərliyi altında daxili işlər orqanlarının peşəkar fəaliyyətinin və maddi-texniki imkanlarının xeyli yüksəldiyini özəlliklə qeyd edərək, Azərbaycanın mürəkkəb regionda yerləşməsinə rəğmən bütün milli azlıqların təhlükəsizliyinin tam təmin olunduğunu yüksək qiymətləndirib.
Şeyx Seyf bin Zayed qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafında mühüm çəkisini təsdiqləyərək, Azərbaycanın daxili işlər naziri rəsmi səfərə dəvət edib və fürsətdən istifadə edərək, 19-23 fevral 2017-ci ildə Əbu-Dabi şəhərində keçirilməsi nəzərdə tutulan “İDEX 2017” Beynəlxalq Müdafiə Sərgisi və Konfransında öz həmkarı ilə görüşməkdən məmnun olacağını bildirib.
Söhbət əsnasında, eyni zamanda müqabil tərəfə əzəli Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktının aradan qaldırılması ətrafında gedən danışıqlarla bağlı son durum və Ermənistanda gərgin daxili ictimai-siyasi vəziyyət haqqında dolğun məlumatlar çatdırılıb.