2016-12-24

tarixində Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu auditoriyasına malik “Əl-Fəcr” qəzetinin baş redaktoru Şəfir Əl-Bəsilin qələmə aldığı “Azərbaycan İlham Əliyevin dövründə böyük nailiyyətlərin şahididir” sərlövhəli məqaləsi işıq üzü görüb.

Məqaləsinin müqəddiməsində Ş.Əl-Bəsil xalqın rifahının yüksəlişini və ölkədə hərtərəfli intibahı hökumətin qarşısında siyasi hədəf kimi müəyyən edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi 13 il ərzində ölkəmizin sürətli inkişaf üzrə dünyaya unikal nümunə təqdim etdiyini oxucuların nəzərinə çatdıraraq, dövlətimizin həmin illər ərzində inkişaf etmiş ölkələr sırasında inamla dayandığını, mötəbər regional və beynəlxalq təşkilatlarda fəal səsə çevrildiyini qabardır və ölkəmizin rəhbərinin Qafqaz və Avrasiya bölgələrində siyasi və inkişaf təcrübəsi sahibi olaraq, xalqın yüksək etimadını və beynəlxalq ictimaiyyətin ehtiramına nail olduğunu xüsusilə qeyd edir.

Ardınca Azərbaycan Prezidentinin şəxsi və peşəkar həyatına nəzərə salan baş redaktor cənab İlham Əliyevin 24 dekabr 1961-ci il tarixində ziyalı ailədə anadan olduğunu oxucuların diqqətinə çatdıraraq, dövlətimizin başçısının 1977-ci ildə Bakıda 6 saylı orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinə qəbul olunduğunu, 1982-ci ildə Universitetin aspiranturasına daxil olduğunu və tarix elmləri doktoru dərəcəsini almaq üçün dissertasiya işini müdafiə etdikdən sonra həmin Universitetdə müəllimlik fəaliyyəti ilə məşğul olmağa başladığını yazır.

 Atası Heydər Əliyevin etiraz əlaməti olaraq, SSRİ Nazirlər Kabinetinin sədrinin birinci müavini vəzifəsindən istefa etməsininin və buna əsasən Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi bürosundan azad edilməsinin ardınca Universitetin “siyasi statuslu” olduğuna görə, cənab İlham Əliyevə müəllimlik fəaliyyətini buraxmağın tövsiyə edildiyini və bu səbəbdən də biznes və kommersiya fəaliyyətinə başladığını qeyd edir.

Sonra “Əl-Fəcr” qəzetinin baş redaktoru Ş.Əl-Bəsil 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan xalqının müstəqilliyinin 1992-93-cü illərində böyük ictimai-siyasi və iqtisadi təhlükələrlə üzləşdiyini önə çəkərək, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqımızın təkidli çağırışı ilə hakimiyyəti öz üzərinə götürdüyünü və həmin vaxt cənab İlham Əliyevin demokratik dəyərlər üzərində yeni Azərbaycanın qurulması prosesinə fəal qoşulduğunu vurğulayır və cənab İlham Əliyevin eyni zamanda 1994-avqust 2003-cü illər ərzində Dövlət Neft Şirkətinin “SOCAR” birinci vitse-prezidenti vəzifəsinin başında durarkən umummilli liderin müəllifi olduğu neft strategiyasının həyata keçirilməsində böyük fəallıq nümayiş etdirdiyini qabardır.

Baş redaktor cənab İlham Əliyevin 1995-ci ildə Milli Məclisə keçirilən parlament seçkilərində qalib gəldiyini və 2000-ci ildə yenidən millət vəkili seçildiyini yazır, 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri təyin olunduğunu, idman məktəblərinin inşası, güclü olduğumuz ənənəvi idman növlərində milli komandaların yaradılması üzrə müxtəlif təşəbbüslərin müəllifi olduğunu və idmanın və olimpiya hərəkatının inkişafına verdiyi mühüm töhfələrinə görə, Beynəlxalq Olimpiya Komitəsinin Ali Ordeninə layiq görüldüyünü özəlliklə qeyd edir.

Cənab İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyasının ilk Qurultayında partiya sədrinin 5 müavinlərindən biri, 2001-ci ildə isə sədrin birinci müavini seçildiyini diqqətə çatdıran Ş.Əl-Bəsil 2001-2003-cü illərdə cənab İlham Əliyevin Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik etdiyi və 2003-cü ilin yanvar ayında AŞPA sədrinin müavini və bürosunun üzvü seçildiyi barədə məlumat verir.

Məqalənin müəllifi 2003-cü ilin iyulunda Heydər Əliyevlə yanaşı, cənab İlham Əliyevin də prezidentliyə namizədliyinin irəli sürüldüyünü, 4 avqustda Milli Məclisi tərəfindən Baş nazir vəzifəsinə təyin edildiyini və Prezident Heydər Əliyevin xalqa müraciətində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdiyini bildirir.

Prezident seçkilərinə gəlincə, baş redaktor 15 oktyabr 2003-cü il tarixində Azərbaycanda şəffaf prezident seçkilərinin keçirildiyini, cənab İlham Əliyevin ümumi səslərin 79.46%-ni əldə etməklə qalib gəldiyini və 31 oktyabrda baş tutan andiçmə mərasimindəki çıxışının mühüm məqamlarını oxucuların diqqətinə çatdırır: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam. Mən Azərbaycanın parlaq gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz daha da inkişaf edəcək və qüdrətlənəcəkdir. Azərbaycanda demokratiya bundan sonra da inkişaf edəcəkdir. Siyasi plüralizm və söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bundan ötrü çox çalışmaq lazımdır. Və bütün bunlara nail olmaq üçün ilk növbədə Heydər Əliyev siyasəti davam edilməlidir.”

2003-cü ildə və sonrakı illərdə keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı öz səsini yenə də onun etimadını qazanan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə verdiyini qabardan Ş.Əl-Bəsil son 13 il ərzində Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə salınmasının şahidi olduğunu, 2006-cı ildə işə salınan həmin boru kəməri vasitəsi ilə ötürülən Azərbaycan neftindən gələn gəlirlərin ölkənin hərtərəfli inkişafına yönəldildiyini və nəticə etibarı ilə, respublikamızın siyasi, iqtisadi, eləcə də hərbi cəhətdən regionun ən qüdrətli dövlətinə çevrildiyini xüsusilə qeyd edir.

Eyni zamanda məqalənin müəllifi oxucuların diqqətini statistik göstəricilərə yönəldir. Nəzərinə çatdırır ki, 2003-cü ildən bəri Prezident İlham Əliyevin qəbul etdiyi, məzmununda vətəndaşın rifahını hədəfləyən müdrik qərar, göstəriş və proqramları əsasında düşünülmüş siyasət quran Azərbaycan hökuməti yoxsulluğun 49%-dən 5%-dək düşməsinə, işsizliyin 28%-dən 5.6%-dək geriləməsinə, eləcə də 1.2 milyondan artıq iş yerinin təşkil olunmasına, xarici valyuta ehtiyatlarının 1.6 milyard ABŞ dollarından 50 milyard ABŞ dollarına qədər artmasına və ÜDM-dan adam başına düşən gəlirin 5558.7 min ABŞ dollarınadək çoxalmasına nail olur. Bununla yanaşı, hökumət bir milyondan artıq qaçqın və didərgin düşən insanların əhəmiyyətli hissəsini layiqli həyat şəraiti ilə təmin etməyə müvəffəq olur. Azərbaycan Prezidentinin 16 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq etdiyi “Strateji yol xəritəsi”ndə hökumət yoxsulluq və işsizliyin birdəfəlik aradan qaldırılmasını, o cümlədən milli iqtisadiyyatın turizm, sənaye, kənd təsərrüfatı kimi önəmli qeyri-neft sektorlarının daha da inkişaf etdirilməsini qarşısına məqsəd olaraq qoyur.       

Bu günlərdə Azərbaycan ərazisində TAP, TANAP, eləcə də Şimal-Cənub və Böyük İpək Yolu kimi qlobal qaz və nəqliyyat layihələrinin həyata keçirildiyi barədə məlumat verən Ş.Əl-Bəsil bunun da öz növbəsində, Azərbaycanın geosiyasi və geostrateji əhəmiyyəti ilə yanaşı, qlobal həyati əhəmiyyətli layihələrin gerçəkləşdirilməsində mühüm regional rolunu daha da gücləndirdiyinə diqqət çəkir.

Baş redaktor 2003-cü ildən bəri Azərbaycan Prezidenti cənab İlham Əliyevin, həmçinin müstəqilliyinin ilk illərində nizamsız və müasir texnika və avadanlıq baxımından olduqca zəif silahlı qüvvələrdən müasir güclü silahlı qüvvələr qurmağa müyəssər olduğunu xüsusilə qeyd edərək, Azərbaycan ordusunun bu gün ən müasir standartlara uyğun döyüş qabiliyyətinə, texniki bacarığını və texnoloji məharətinə görə güclü ordular sırasında qərarlaşdığını, güclü ordu quruculuğuna bu cür yüksək diqqətin istənilən dövlətin təcavüzkar ambisiyalarını cilovlamaqdan ötrü olduğunu vurğulayır.

Daha sonra xarici siyasətə toxunan məqalənin müəllifi Prezident İlham Əliyevin Ermənistan çıxmaq şərti ilə ulu öndər Heydər Əliyevin bütün qonşu və dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar ilə qurduğu əlaqələri möhkəmləndirməyi bacardığını yazaraq, bunun bariz nümunəsinin Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT TŞ-nin 2012-2013-cü il üçün qeyri-daimi üzvlüyünə seçilməsi , eləcə də Qoşulmama Hərəkatı, Afrika Birliyi kimi sanballı beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilməsi olduğunu önə çəkir. Həmçinin paytaxt Bakıda və ölkənin digər şəhərlərində ölkəmizdə sabiq və hazırkı dövlət və hökumət başçılarını, nazirləri, o cümlədən tanınmış beynəlxalq elm və siyasi xadimləri, Nobel Sülh mükafatı laureatlarını bir aya gətirən Bakı Beynəlxalq Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və bu kimi önəmli tədbirlərin təşkil olunduğu diqqətə çatdırılır.

Baş redaktor cənab İlham Əliyevin ərəb və müsəlman ölkələri, xüsusən də Körfəz və ələlxüsus da Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edir. Xatırladır ki, 2016-cı ilin fevralında dövlət başçısı BƏƏ-də rəsmi səfər olub. Bu səfərdən öncə, 2015-ci ildə BƏƏ vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktum Azərbaycanda rəsmi səfərdə olub.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirlikləri ilə siyasi əlaqələrin yüksək səviyyəsindən çıxış edərək, 2015-ci ilin noyabrında etibarən Azərbaycanın beynəlxalq statuslu hava limanlarında BƏƏ vətəndaşlarına viza rəsmiləşdirilməsi barəsində Nazirlər Kabinetinə göstəriş verdiyini yada salan baş redaktor 2016-cı ilin 15 dekabr tarixindən başlayaraq BƏƏ vətəndaşlarını müşayiət edən BƏƏ rezident viza sahiblərinə də eyni sadələşdirilmiş qaydanın tətbiq olunduğunun xüsusilə qeyd edir, dövlət başçısının ilk göstərişinin Azərbaycana gedən BƏƏ-li turistlərin sayında  nəzərəçarpan siçrayışa səbəb olduğunu və ərəb xalqlarına, özəlliklə də BƏƏ xalqına xüsusi rəğbət bəsləyən qonaqpərvər Azərbaycan xalqı ilə daha yaxından tanış olmağa imkan yaratdığını oxucuların nəzərinə çatdırır.

Məqaləsinin yekun hissəsində Ş.Əl-Bəsil ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işindəki səylərinə görə, Prezident İlham Əliyevin müxtəlif ölkələrin orden və mükafatlarına layiq görüldüyünü, bunlardan “Kral Əbdüləziz” ordeninin, Küveytin “Mübarək əl-Kəbir” ordeninin, Fransanın “Şərəf Legionu” ordeninin, Rumıniyanın “Ulduz” ordeninin, Gürcüstanın “Şərəf” ordeninin, həmçinin “Türkdilli respublikalarda onilliyin ən uğurlu dövlət xadimi” mükafatının, “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatının və s. olduğunu yazır.

“Bu gün xalq və hökumətin öz lideri ətrafında sıx birləşdiyi Azərbaycan daha parlaq gələcəyə doğru inkişaf prosesini davam etdirməklə, dünyaya bir çox ölkələrin onilliklər boyu nail ola bilmədiyi uğurları qısa müddət ərzində əldə edən ölkə nümunəsini təqdim edir” –deyə, baş redaktor məqaləsini tamamlayır.  

Arxiv üzrə axtarış