2016-12-09

Ulu öndər Heydər Əliyevin xatirəsi Dubayda anılıb

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin, Dubay və Şimal Əmirliklərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

İştirakçılar Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Qardaş Türkiyə, eləcə də MDB ölkələrinin baş konsullarının, SOCAR-ın və diasporumuzun Dubay şəhərindəki nümayəndələrinin, Dubay Gömrüyünün və Skaylayn (Skyline) Universiteti əməkdaşlarının, Dubay və Şarca Əmirliyində təhsil alan azərbaycanlı tələbələrin, yerli KİV nümayəndələrinin və digər qonaqların qatıldıqları anım mərasimində çıxış edən səfir Daşqın Şikarov ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə müfəssəl məlumatlar çatdırıb.

Səfir Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi üzərində ətraflı dayanıb. Vurğulayıb ki, məhz Heydər Əliyevin Vətəninə və xalqına hədsiz sevgi və sədaqəti kimi şəxsi keyfiyyətləri, eləcə də müxtəlif yüksək postlara rəhbərliyi zamanı əldə etdiyi idarəçilik təcrübəsi və inkişaf məsələlərində strateji yanaşması ölkəmizin dərin tənəzzüldən çıxmasına şərait yaratdı. Sovet İttifaqının geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycan çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoydu. Ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət aldı. Kənd təsərrüfatı istehsalı dəfələrlə artırıldı, yüzlərlə yeni sənaye müəssisəsi inşa edildi.

Azərbaycanın gələcək siyasi müstəqilliyinin möhkəm iqtisadi təməli məhz həmin illərdə yaradıldı. Bunu belə bir fakt da sübut edir ki, keçmiş SSRİ məkanında İttifaq büdcəsindən dotasiya almayan iki respublikadan biri Azərbaycan idi. Bu illər Azərbaycan tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan verdi, tarixi ənənələrinin, dilinin qorunmasına şərait yaratdı.

Sonra səfir D.Şikarov Azərbaycanda 1992-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn qüvvələrin səriştəsizliyi nəticəsində ölkədə hökm sürən hərc-mərcliyin, xaosun ölkəmizi fəlakət həddinə gətirib çıxardığını təəssüflə xatırlatdı. Ermənistandan qaçqın axınının, Sumqayıt fitnəkarlığının, 20 Yanvar qırğınının, xalqımızın maddi və mənəvi sərvətlərinin talan edilməsinin, Xocalı soyqırımının, torpaqlarımızın 20 faizinin işğalının və insanlarımızın yerindən-yurdundan didərgin salınmasının Azərbaycanı diz çökdürməyə yönələn böyük planın mərhələ-mərhələ həyata keçirilməsinin nəticələri olduğunu vurğuladı.

Səfir qonaqların diqqətini hadisələrin təhlükəli miqyasına yönəldərək dedi: O vaxt çoxları Azərbaycanın bu qədər böyük təhlükələrdən qurtula biləcəyinə və müstəqilliyini qoruyub saxlayacağına inanmırdı. Lakin Heydər Əliyevin bizim hamımızın canlı şahidi olduğumuz vətəndaş hünəri, siyasətçi qəhrəmanlığı tarixin gedişini dəyişdi və Azərbaycan üçün yazılmış ssenariləri alt-üst etdi. 1993-cü ilin iyun ayında Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından dönə bildi.

Daşqın Şikarov Ulu Öndərin “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir” haqda kəlamını xatırlayaraq, bu dahi fikirlərin Ümummilli Liderin o dövrdəki fəaliyyətinin əhəmiyyətini çox dəqiq ifadə etdiyini qonaqların diqqətinə çatdırıb.

Ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdəki rəhbərliyi dönəminə nəzər salan səfir vurğuladı ki, bu illər ərzində Azərbaycanda demokratik dəyərlər bərqərar oldu, ictimai-siyasi sabitlik yarandı, islahatlar geniş vüsət aldı, həyatın bütün sahələrində misli görünməyən inkişaf başladı. Məhz Ulu Öndərin uzaqgörənliyi və qlobal düşüncə qabiliyyəti hesabına enerji, nəqliyyat və digər sektorlarda öz müstəsna aktuallığını bu gün bariz şəkildə göstərən milli strategiyalar işlənib hazırlandı. Həmin strategiyalar milli iqtisadiyyatımıza on milyardlarla dollar xarici kapital axmasını təmin etdi.

Ümummilli Liderin uğurlu xarici diplomatiyası barədə də dolğun məlumat verən səfir diqqətə çatdırdı ki, bu uğurlu siyasi kurs və inkişaf xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və zənginləşdirilir. Son 13 il ərzində ölkəmizin keçdiyi dinamik inkişaf yolu, böyük geostrateji əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələri buna əyani sübutdur.

Ulu Öndərin parlaq xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını və əbədi yaşayacağını vurğulayan D.Şikarov qeyd etdi ki, Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dahi şəxsiyyətin zəngin irsinin yetişən nəsillərə ötürülməsi kimi ali vəzifənin öhdəsindən layiqincə gəlir. Səfir çıxışını Fondun çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumatlarla yekunlaşdırdı.

Sonra çıxış edən Baş konsul Pərviz İsmayılzadə Heydər Əliyev irsinin, siyasi həyatının Azərbaycan xalqı tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs etdi. Qeyd olundu ki, dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad iradəsi ilə hər şeyi yerinə qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan yüksək nəticələr Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradır.

Daha sonra tədbirdə Ulu Öndərin siyasi fəaliyyəti haqqında sənədli film nümayiş etdirildi. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filminə baxış oldu.

Sonda qonaqlar üçün Azərbaycan milli mətbəxinin ləziz təamlarından ibarət geniş süfrə açıldı.

Arxiv üzrə axtarış