“Əl-Fəcr” qəzetində ölkəmizin turizm potensialı haqqında məqalə dərc olunub
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin ölkəmiz haqqında silsilə məqalələri çərçivəsində oktyabrın 31-də “Azərbaycan Qafqazın mirvarisi. Ərəb turistlərinin turizm qibləsi” sərlövhəli yazısı qəzetin çap və elektron nüsxələrində dərc olunub.
Qəzetin bir səhifəsini əhatə edən məqalədə baş redaktor Azərbaycanın dünyanın və xüsusən də Orta Asiyanın ən gözəl ölkələrdən biri olduğunu oxucuların diqqətinə çatdırır. O, yazıda qədim tarixin nəhəng xəzinəsi və təbii gözəllikləri ilə zəngin olan ölkəmizin turistlərin cəlb edilməsi üçün lazımi əsaslara malik olduğunu diqqətə çatdırır. Respublikamızın şanlı keçmiş, sehrli reallıq və parlaq gələcəkdən ibarət unikal aləm olduğunu qeyd edir. Yazıda ölkəmizə gələn qonaqların Heydər Əliyev Beynəlxalq Aeroportuna düşdükləri ilk andan gülərüzlük, sərhəd keçid məntəqələrində isə prosedurların asanlığı ilə qarşılaşdıqları bildirilir.
Azərbaycanın Qafqaz regionunun ən əmin-aman ölkəsi olduğunu vurğulayan müəllif istənilən Körfəz ölkəsindən olan turistin 2 saat müddətində Azərbaycan Hava Yolları və “Fly Dubai” aviaşirkətləri vasitəsilə Bakıya çata biləcəyini yazır. Məqalədə 2017-ci ilin martında Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Şarca-Bakı marşrutu üzrə ilk uçuşa başlayacağı, eləcə də Qəbələ və Naxçıvan ilə birbaşa hava əlaqələrinin yaradılması istiqamətində səylərin göstərildiyi bildirilir.
Baş redaktor yazıda paytaxt Bakının gözəlliklərindən və yaşıllığından, o cümlədən “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin və digər müasir mehmanxanaların, Heydər Əliyev Mərkəzinin möhtəşəmliyindən bəhs edir. Həmçinin İçəri Şəhər Tarix-Memarlıq Qoruğu, Şəhidlər Xiyabanı, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və digər tarix və mədəniyyət abidələri, habelə 13 kilometrlik məsafəyə uzanan Dənizkənarı Milli Park barədə ətraflı məlumat verilir. Dövlətimizin bugünkü inkişafının, qazandığı nailiyyətlərin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılır. Vurğulanır ki, Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə xalqın arzularını reallığa, Azərbaycanı beynəlxalq aləmdə güclü dövlətə çevirməyə nail olub.
Müəllif bu siyasi kursun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayır. O, Azərbaycanı daha da qüdrətləndirmək qabiliyyətinə, güclü siyasi iradəyə malik Prezident İlham Əliyevin öz xalqının etibarını, eləcə də beynəlxalq ictimaiyyətin ehtiramını qazandığını xüsusilə qeyd edir.
Daha sonra məqalənin müəllifi ziyarət etdiyi Quba və Qəbələnin ecazkar təbiətindən və turizm imkanlarından ətraflı bəhs edib. Belə ki, o, Qəbələni təsvir edərkən ilk növbədə buranın təkrarolunmaz təbiətini və bu mənzərənin dağların, təpələrin, düzənliklərin, meşələrin və yaşıl ərazilərin sintezindən ibarət olduğunu qeyd edib. Müəllif qonaqların münasib qiymətin qarşılığında kanat yolu ilə dağlara çıxmaq və yüksəklikdən möhtəşəm mənzərədən zövq almaq imkanı əldə etdiyi barədə məlumat verib.
Qəbələdə yerləşən “Qəbələnd” parkının Azərbaycanda ən böyük əyləncə mərkəzlərindən biri olduğunu bildirən müəllif burada böyüklərin və uşaqların əylənmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırır. O, rayonda muzey və ticarət mərkəzləri ilə yanaşı, Qafqazda ən böyük dağ xizəyi kurortlarından birinin fəaliyyət göstərdiyini yazır.
Məqalədə Azərbaycanın şimalında, Böyük Qafqaz dağlarının şimal-şərq yamaclarında yerləşən Qubaya rayonun təbii mənzərəsindən də söhbət açılır. Yüksəklikdən axan şəlalələrdən, eləcə də çaylardan və müalicəvi xüsusiyyətlərə malik bulaqlardan bəhs edilir. Burada müalicəvi turizmin inkişaf etdiyi, habelə mövcud zəngin turistik infrastrukturuna görə Qubanın da Qəbələ kimi ərəb turistləri özünə cəlb etdiyi vurğulanır.
Məqalədə Azərbaycan xalqının adət-ənənələrindən, musiqisindən, ölkəmizdə keçirilən festivallardan da söhbət açılır.