2016-10-15

Əbu-Dabidə keçirilən beynəlxalq seminarda Azərbaycanın insan hüquqlarının qorunması təcrübəsindən danışılıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyası Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə “İnkişaf hüququ” mövzusunda beynəlxalq seminar keçirib.

BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin birgə təşkilatçılığı ilə keçirilən seminar BMT-nin İnkişaf Hüququ üzrə Bəyannaməsinin 30 illiyinə həsr olunub. Tədbirdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova iştirak edib.

İki gün davam edən seminarda İƏT-ə üzv olan 50-yə yaxın ölkənin və təşkilat yanında müşahidəçi dövlətlərin Milli İnsan Hüquqları institutlarının əməkdaşları, ombudsmanlar, inkişaf hüququ sahəsində ixtisaslaşmış bir sıra regional və beynəlxalq təşkilatların mütəxəssisləri, BMT-nin yüksək səviyyəli rəsmiləri və BƏƏ-də akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Seminarın məqsədi insanların inkişaf hüququ məsələsinə bir daha diqqət çəkmək, BMT-nin İnkişaf Hüququ üzrə Bəyannaməsinin həm milli, həm də beynəlxalq səviyyələrdə bütün tərəflərini bu istiqamətdə birgə hərəkət etməyə çağırmaq olub. Tədbirdə inkişaf hüququnun təmin edilməsi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması, insan və ətraf mühit mərkəzli inkişaf gündəliyinin, insan ləyaqətinin, azadlığının, bərabərliyin və güclü iqtisadiyyatın təmini ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Azərbaycanın insan hüquqlarının qorunması və inkişaf etdirilməsi təcrübəsindən danışan ombudsman Elmira Süleymanova bildirib ki, “İnkişaf hüququ” üzrə Bəyannamənin üçüncü bəndinə əsasən, dövlətlər inkişaf hüququ ilə əlaqədar məsələlərdə milli və beynəlxalq səviyyələrdə əlverişli şəraitin yaradılması üçün böyük məsuliyyət daşıyırlar. “Bu gün Azərbaycan iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir. Hökumət tərəfindən həm bütövlükdə əhalinin, həm də hər bir şəxsin ayrılıqda həyat səviyyəsinin və rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü iş aparılır. Bu kontekstdə müvafiq dövlət proqramları, fəaliyyət planları qəbul edilib, iqtisadi, sosial, mədəni və digər sahələrdə müsbət nəticələr əldə olunub”, - deyə ombudsman bildirib.

Müvəkkil Azərbaycan hökuməti tərəfindən ölkədə bir çox sahələrin inkişaf etdirilməsi, yoxsulluğun aradan qaldırılması, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan, qəbul olunan dövlət proqramlarından danışıb. O, həmçinin Ombudsman təsisatının insan hüquqlarının qorunması və inkişaf hüququnun təmin edilməsi istiqamətində gördüyü işlərdən, əldə olunan uğurlardan bəhs edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan ombudsman bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb, on minlərlə insan öldürülüb. İşğal edilmiş ərazilərdəki bütün infrastruktur, tarixi-mədəni abidələr, xəstəxanalar, məktəblər və uşaq bağçaları, istehsal müəssisələri tamamilə dağıdılıb. BMT Təhlükəsizlik Şurasının erməni işğalına dərhal son qoyulması ilə bağlı qətnamələri hələ də icra edilmir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı işğalçı ölkə kimi qəbul edən və Xocalı soyqırımını tanıyan ilk beynəlxalq təşkilatdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası dünyanın 40-dan çox ölkəsində Azərbaycan tarixinin bu qanlı səhifəsi barədə beynəlxalq ictimaiyyəti maarifləndirmə işi aparıb.

Ombudsman, həmçinin Azərbaycandakı tolerantlıq və multikulturalizm ənənələrindən danışıb, dünya ictimaiyyətini ölkəmizin bu dəyərlərini öyrənməyə və ən yaxşı təcrübə kimi yaymağa çağırıb.

Seminarın sonunda inkişaf hüququ üzrə Əbu-Dabi Bəyannaməsi qəbul edilib.

Arxiv üzrə axtarış