2016-06-06

Azərbaycan Prezidentindən Ermənistana sərt ittihamlar İlham Əliyevdən təklif: Serj Sarkisyan “Ginnesin rekordlar kitabı”na daxil edilsin

2016-cı il iyunun 3-də Azərbaycanın paytaxtı Bakıda Dünya Azərbaycanlılarının lV Qurultayı keçirilib. Qurultayda dünyanın ayrı-ayrı ölkələrində yaşayan diaspor təşkilatlarının rəhbərləri, nümayəndələri, fəal azərbaycanlılar iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, dünyadakı erməni diasporu Azərbaycanı ləkələməyə, Azərbaycan reallıqlarını təhrif etməyə çalışır və ayrı-ayrı ölkələrin KİV-lərində Azərbaycanla bağlı gedən neqativ materialların arxasında da əksər hallarda ermənilər durur. Ermənilər Azərbaycana qarşı uzun illərdir kampaniya aparır, Azərbaycanı qaralamağa, onu antidemokratik, Ermənistanı isə yazıq, “blokada” şəraitində olan ölkə kimi təqdim edir, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan, uydurma məlumatları dünya mediasına sızdırırlar. Bu işdə onlara müxtəlif ölkələrin erməni lobbisinə aid olan satqın, rüşvətxor siyasətçiləri yardım edir.

İlham Əliyev deyib ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Ermənilər Dağlıq Qarabağa Şərqi Anadoludan və İrandan XIX əsrin əvvəllərində köçürülüb. Hətta 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyini təsvir edən abidə də ucaldılıb. Müharibə zamanı ermənilər özləri o abidəni dağıdıblar ki, tarixi saxtalaşdırsınlar. Azərbaycan Prezidenti deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal edilib. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, xocalı soyqırımı törədilib. Bir milyondan artıq azərbaycanlı qaçqın və köçkünə çevrilib.

Prezident İlham Əliyev bildirib ki, 2016-cı ilin aprelində Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi və hərbi əməliyyatların bərpa olunması ilə əlaqədar Ermənistan və erməni diasporu yalan məlumatlar yayır və dünya ictimaiyyətini növbəti dəfə çaşdırmağa çalışırlar. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu situasiyada da çalışıb ki, öz xalqını, dünya ictimaiyyətini aldatsın və aprel döyüşləri ilə bağlı bir-birini təkzib edən ziddiyyətli bəyanatlar verib. Onlar gah heç bir torpaq itirmədiklərini, əksinə qələbə qazandıqlarını iddia etdilər, sonra isə bildirdilər ki, həqiqətən də torpaqları itiriblər. Amma iddia etdilər ki, bu torpaqların əhəmiyyəti yoxdur. Daha sonra dedilər ki, o torpaqların əhəmiyyəti var və Azərbaycan o torpaqları qaytarsın: “Yəni, özlərini tamamilə itiriblər, özlərini belə gülünc ifadələrlə ifşa ediblər”.

Azərbaycan dövlət başçısı Ermənistan prezidenti Serj Sarkisyanı yalan danışmaqda günahlandırıb və bunun son nümunəsi kimi Ermənistan prezidentinin bu yaxınlarda Avrasiya İqtisadi İttifaqının zirvə görüşündə səsləndirdiyi fikirləri göstərib: “Onun sözləri təxminən bundan ibarət idi ki, Azərbaycan apreldə bu əməlləri edib, “Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bax, bu cümlədə bu adam dörd dəfə yalan danışıb”. İlham Əliyev deyib ki, birincisi, aprel döyüşlərini törədən Ermənistandır. Çünki Ermənistan sülh istəmir və görəndə, ki onlara təzyiq artır, təxribatlara əl atırlar. Ermənistan aprel döyüşləri ərəfəsində də Azərbaycan mövqelərinə hücumlar edib, kəndləri, dinc əhalini atəşə tutub. Aprel döyüşlərinin də bu sıradan bir təxribat olduğunu deyən İlham Əliyev Azərbaycan Ordusunun onlara layiqli cavab verdiyini və düşməni yerinə oturtduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti guya “Dağlıq Qarabağ ordusu”nun vəziyyəti nəzarətə aldığı barədə S.Sarkisyanın iddiaları onun ikinci yalanı kimi qiymətləndirib: “Birincisi, bu, necə nəzarətdir ki, onlar 800 hektar torpağı itirdiklərini özləri etiraf edirlər… Azərbaycan Ordusu 800 hektar deyil, Ağdərə - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi, Füzuli və Cəbrayıl rayonlarında 2 min hektardan çox ərazi işğalçılardan azad edilib. Ondan bir neçə dəfə böyük əraziyə hazırda Azərbaycan Ordusu nəzarət edir”. Üçüncü yalanın “Dağlıq Qarabağ ordusu”nun ümumiyyətlə olmadığını diqqətə çatdıran İlham Əliyev deyib ki, bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün bir mifdir: “Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin tərkibində xidmət edən hərbçilər Ermənistan vətəndaşlarıdır. Onların 80 faizi Ermənistan vətəndaşlarıdır”. İlham Əliyev guya Azərbaycanın döyşlərin dayandırılması ilə bağlı guya xahiş etməsini S.Sarkisyanın dördüncü yalanı adlandırıb: “Bu, yalandır. Azərbaycan belə bir xahiş etməyib. Bu təxribat törədiləndən sonra Azərbaycan əks-hücum əməliyyatı keçirib və dərhal lazımi mövqelərə sahib çıxıb. Ondan sonra hələ bir iki-üç gün Ermənistan ordusu çalışırdı ki, o mövqeləri geri götürsün. Görəndə ki, buna nail ola bilmirlər, böyük itkilər verirlər, görəndə ki, əgər dayanmasalar, daha da böyük torpaqlar itirəcəklər, Rusiyaya müraciət etdilər. Rusiyanın Baş Qərargah rəisi bizim Baş Qərargah rəisinə zəng etdi və dedi ki, Ermənistan atəşkəs bərpa edilməsini xahiş edir və bizim qərargah rəisini Moskvaya danışıqlara dəvət etdi. Ondan sonra Rusiya Prezidenti mənə eyni təkliflə zəng etdi ki, atəş dayandırılsın və aprelin 5-də atəşin dayandırılması ilə bağlı razılığa gəldik. Budur reallıq”. İlham Əliyev qeyd edib ki, o, bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımır: “Bu, mütləq “Ginnesin rekordlar kitabı”na salınmalıdır, amma antirekord kimi. Heç olmasa, Ermənistan dünyada hansısa bir sahədə birinciliyi əldə edər”.

 

Arxiv üzrə axtarış