2016-03-28

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfiri Daşqın Şikarov Ras Əl-Xeymə Əmirliyinə işgüzar səfər etmişdir

Səfər çərçivəsində Səfir Ras Əl-Xeymə Əmirliyinin Əmiri Şeyx Səud bin Saqr Əl Qasimi ilə görüş keçmişdir.
Görüşdə Səfir D.Şikarov Azərbaycan-Ərəb Əmirlikləri əlaqələrinin inkişafı kontekstində turizm və investisiya sahəsində Ras Əl-Xeymə Əmirliyi ilə qarşılıqlı əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu əsas tutaraq, bu əməkdaşlığa Azərbaycanın hazır olduğunu Əmirin diqqətinə çatdırmış,
Azərbaycanda hər iki sahədə görülən işlər barəsində geniş məlumat vermişdir. Səfir Azərbaycan rəhbərliyinin siyasi qərarı nəticəsində 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarının Azərbaycan vizasını ölkəmizin istənilən hava limanında almaq hüququ əldə etdiyini Əmirin diqqətinə çatdıraraq bu qərarın ölkələrimiz arasındakı mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi təkan verəcəyini bildirmişdir.

Səfir D.Şikarov 2015-ci və 2016-cı illərdə müvafiq olaraq, BƏƏ-nin Vitse-Prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun Azərbaycana və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərlərinin baş tutduğunu xatırladaraq, yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əlaqələrin və əməkdaşlığın artması nöqteyi-nəzərindən əhəmiyyətini qeyd etmişdir.
Azərbaycan Prezidentinin nəhəng əməyi sayəsində ölkəmizdə sabitlik və əmin-amanlığın qorunub saxlandığını xüsusilə qeyd edən Səfir D.Şikarov, Azərbaycanda gedən iqtisadi inkişaf, xüsusilə, qeyri neft sektorunun inkişafı, ölkəmizdə iş adamlarına yaradılan şərait barədə ətraflı məlumat vermiş, Ras Əl-Xeymə Əmirliyinin iş adamlarının ölkəmizə investisiya yatırmağa dəvət etmişdir.
Əmir Şeyx Səud Əl Qasimi, ölkəmizin, xüsusən də son illər ərzində nəzərə çarpan hərtərəfli inkişafı və geniş regional nüfuzu barədə məlumatlı olduğunu bildirərək, Prezident cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirdiyini və bu fəaliyyətin ölkədaxili sabitlik və əmin-amanlığın başlıca amili olduğunu qeyd etmişdir. Azərbaycanla əməkdaşlıq üçün yaxşı potensialın olduğunu təsdiqləyən Ras ƏlXeymənin Əmiri bu potensialı üzə çıxarmağa və turizm, investisiya, kənd təsərrüfatı kimi sferalarda müştərək maraqlara uyğun əməkdaşlığa hazır olduqlarını bəyan etmiş, Azərbaycana mütləq şəkildə səfər edəcəyini vəd etmişdir.
Səfir D.Şikarov, qədim Azərbaycan torpağları olan Dağlıq Qarabağın ermənistan tərəfindən işgalı faktını və bu işğalın bütünlükdə region üçün təhlükə törətdiyini Şeyx Səud Əl Qasiminin diqqətinə çatdırmışdır. Səfir həmçinin, münaqişənin həllinə dair son durum barəsində müfəssəl məlumatlar verərək, Ermənistan rəhbərliyinin qeyrikonstruktiv mövqeyinin siyasi nizamlanmanın qarşısında yeganə maneə olduğunu bildirmişdir. Səfir, BƏƏ-nin Azərbaycanın haqq işinə davamlı dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini özəlliklə qeyd etmiş və Birləşmiş Ərəbəmirliyinin rəhbərliyinə və xalqına dərin təşəkkürünü ifadə etmişdir. Türkiyyə Respublikasının,
Pakistan İslam Respublikasının, Səudiyyə Ərəbistanı Krallığının işğalçı Ermənistanla diplomatik əlaqələr qurmadığını xatırladan səfir işğal zamanı erməni silahlı qüvvələri, habelə hal-hazırda Ermənistanda yüksək postlar tutan o vaxtkı səhra komandirləri tərəfindən törədilən qətliamların, ələlxüsus da Xocalı soyqırımının üzərində dayanaraq, erməni cəlladlarının əsasən də qadın, uşaq və qocalardan ibarət mülki xocalılara divan tutduqlarını qabartmış, Zori Balayanın azyaşlı qızın üzərində qeyri-insani eksperimentinə toxunmuşdur.
Səfir həmçinin, Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması məqsədilə Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət” beynəlxalq təbliğattəşviqat kampaniyasından geniş bəhs etmiş, soyqırımı rəsmən tanıyan ölkələr və ABŞ- ın ştatları sadalanmış və bu coğrafiyanın gələcəkdə daha da genişlənəcəyinə əmin olduğunu bildirmişdir.
Səfir ümumiyyətlə ermənilərin XIX əsr ərzində məhz müsəlman olduqları səbəbindən azərbaycanılara qarşı kütləvi qırğınlar törətdiklərini yada salaraq, bu soyqırımların sistematik xarakter daşıdığını və bunun da ermənilərin bizə qarşı genetik dözümsüzlüyündən qaynaqlandığına diqqət çəkmişdir.
Sonra Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi barədə Şeyx Səud Əl Qasiminin sualına cavab olaraq, Səfir D.Şikarov ölkəmizin humanizm nümayiş etdirərək problemin danışıqlar və sülh yolu ilə həllinə tərəfdar olduğunu nəzərə çatdırmışdır. Görüşün ardınca səfərin proqramına uyğun olaraq, Ras Əl-Xeymə Azad Ticarət Zonasında (RAK FTZ) yerləşən Əmirliyin Turizm və İnvestisiya Qurumlarında hər iki sektor üzrə mövcud imkanlar və perspektivlərə dair müvafiq təqdimatlar təşkil edilmiş, təqdimatlardan sonra Azad Ticarət Zonasının sədri Şeyx Əhməd bin Səud Əl Qasimi ilə görüş keçirilmiş, görüşdə birgə əməkdaşlığın mümkün yolları ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfərlə bağlı məlumatlar BƏƏ-nin "Al Khaleej", "Al Bayan", "Al Wast" rəsmi qəzetlərində və BƏƏ-nin İnformasiya Agentliyinin (WAM) internet səhifəsində dərc edilmiş, həmçinin, BƏƏ-nin "Şərca 24" televiziya kanalında nümayiş olunmuşdur.

Arxiv üzrə axtarış