Interview to "Sky News Arabia" TV channel on latest developments on the occupied Azerbaijani territories
01.04.2016-cı il tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq qəflətən hücuma keçməsi, Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son gərginliklə əlaqədar Xarici İşlər Nazirliyinin 03.04.2016 - cı il tarixli bəyanatı, həmçinin, Ermənistanın təxribatçı əməlləri nəticəsində ətraf kəndlərin ağır artileriya atəşinə tutulması nəticəsində mülki insanların qətlə yetirilməsi, məscidlərin, yaşayış evlərinin top atəşinə tutulması və bu kimi digər faktlar Birləşmiş Ərəb Əmirliyinin nüfuzlu “Sky News Arabia” telekanalının xəbərlər proqramında işıqlandırılmışdır.
Beləki, “Sky News Arabia” telekanalının aparıcısı Məcid Əl-Fərisi Ermənistan tərəfindən atəşkəsin pozulması və hərbi qarşıdurmaların yenidən başlanmasından sonra erməni tərəfindən atəşə tutlan kəndlər kadrlarda yer almış, həmçinin bildirilmişdir ki, Azərbaycan daim bu problemin dinc və siyasi yollarla həllinin tapılmasına çalışır.
Lakin Ermənistan tərəfindən bu proses əngəllənir. Xüsusən də, bu dəfə, aprel ayının 1-də Ermənistanın silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinə məxsus mövqelərə və azərbaycanlıların sıx şəkildə məskunlaşdığı ərazilərə ağır pulemyotlar, artilleriya və minaatanlardan atəş açmışlar. Nəticədə mülki şəxslər həlak olmuş, Azərbaycanın silahlı qüvvələri və mövqelərinə xəsarət yetirilmişdir.
Qeyd olunmuşdur ki, bu atəşlər Azərbaycana digər ölkələrin ərazisindən deyil, məhz Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərindən açılır. Bildirilmişdir ki Azərbaycanın rəhbərliyi tərəfindən bu kimi təxribatçı və provokasiya xarakterli aksiyanın dayandırılmasının labüdlüyünə, eyni zamanda, qarşı tərəfə bu rayonların dağıdılmaması, həmin rayonlarda yaşayan mülki şəxslərin qətlə yetirilməməsi naminə müvafiq cavabın verilməsinin zəruriliyinə dair qərar qəbul edilmişdir.
Bildirilmişdir ki, Azərbaycan bu problemin həlli yolları ilə bağlı əsas olaraq BMT TŞ-nin dörd qərarı və BMT baş assambleyasının qətnaməsində qeyd olunan müddəaları əsas götürür. Həmin sənədlərdə birmənalı olaraq qeyd olunur ki, Ermənistan öz silahlı qüvvələrini dərhal və tam şəkildə Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmalıdır və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü toxunulmazdır. Beləliklə Ermənistan sadalanan müddəalar və qərarlardan doğan öhdəlliklərə əməl etməlidir.
Məlumat üçün bildirilir ki, “Sky News Arabia” ərəbdilli peyk kanalı mənzil qərargahı Böyük Britaniyada yerləşən “Sky plc” şirkəti ilə “Abu Dabi Media İnvestment Corporation” arasında yaradılmış birgə müəssisədir, baş ofisi Əbu Dabi şəhərində yerləşir, London və Vaşinqtonla yanaşı Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə nümayəndəlikləri fəaliyyət göstərir, eyni zamanda, zərurət yarandığı təqdirdə Londondan yayımlanan “Sky News” telekanalının dünya üzrə fəaliyyət göstərən nümayəndəlik və müxbirlərinin imkanlarından istifadə edir. Kanalın yayımlanması Nilesat, Arabsat, OSN (Middle East & North Africa), Sky, Astra və Hot Bird peykləri, “Etisalat elife” və “du” İPTV, eyni zamanda, www.skynewsarabia.com internet saytı vasitəsilə həyata keçirilir. Sadalananlarla yanaşı kanalın Əbu Dabidə FM dalğası ilə yayımlanan “Sky News Arabia” radio stansiyası fəaliyyət göstərir.