news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 yanvar 2025

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşıladı.

 

Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər.

 

Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

 

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərlərini, bu səfərlər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırladı.

 

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin COP29-da iştirakını bir daha yüksək qiymətləndirən dövlətimizin başçısı qeyd etdi ki, bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və bu ölkənin konsepsiyası da öz rolunu oynayıb.

 

Dövlət başçıları münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğuladılar. Hazırda ölkələrimizdə sabitliyin və əmin-amanlığın hökm sürdüyü qeyd olundu.

 

Siyasi münasibətlərimizin mükəmməl səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndiyini qeyd etdi, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların da dostluğumuzun və tərəfdaşlığımızın nümunəsi olduğunu vurğuladı. Həmçinin ölkələrimizin ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq etdiyi qeyd olundu.

Söhbət zamanı ikitərəfli, regional, qlobal, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

 

Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ölkəsinin dayanıqlılıq sahəsində həyata keçirdiyi siyasət və layihələr barədə məlumat verib, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin mühüm beynəlxalq platforma kimi rolunun artdığını qeyd edib.

 

Sonra Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi olub.

 

Daha sonra Zayed Dayanıqlılıq Mükafatının qalibləri ilə xatirə fotosu çəkdirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri yanvarın 14-də başa çatıb. Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Prezident İlham Əliyevi rəsmi şəxslər yola saldılar.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti