news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 aprel 2026

Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib

28 aprel tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib. 

İclasa komitənin həmsədrləri qismində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə dövlət naziri Saeed Al Hajeri rəhbərlik ediblər.

Komitənin işi çərçivəsində nazir müavini Y.Rəfiyev və dövlət naziri S. Al Hajeri arasında təkbətək görüş keçirilib. Daha sonra, həmsədrlərin rəhbərliyi, hər iki ölkənin səfirlərinin və aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə geniş tərkibli iclas baş tutub. Alt komitələr tərəfindən təqdim olunan hesabatlar əsasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafı müzakirə edilib.

Görüş çərçivəsində ötən ilin noyabr ayında Əbu Dabidə baş tutmuş komitənin ilk iclasından bu yana görülmüş işlər nəzərdən keçirilib, əldə olunmuş nəticələr qiymətləndirilib, eləcə də qarşıdakı dövr üçün prioritet istiqamətlər, konkret təşəbbüslər və birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.

Həmsədrlər komitənin ilk iclası çərçivəsində razılaşdırılmış yol xəritəsi və iş planlarının icra prosesini müsbət qiymətləndirərək, konkret nəticələrə yönəlmiş əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bununla yanaşı, qarşıdakı dövr üçün yeni təşəbbüslərin irəli sürülməsi, mövcud mexanizmlərin daha da təkmilləşdirilməsi və əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi ilə bağlı razılıq ifadə olunub.

İclasda Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan Respublikası tərəfindən İqtisadiyyat, Energetika, Ədliyyə, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Mədəniyyət və Kənd Təsərrüfatı Nazirliklərinin, habelə Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, Azərbaycan İnvestisiya Holdinqi və AZCON Holdinqin nümayəndələri iştirak edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti